Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) iki beynəlxalq akkreditasiyadan keçib.
İnterpress.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Son illər ölkəmizdə inşaat sektoru və yol infrastrukturu ilə bağlı həyata keçirilən böyük layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri, yeni və müasir standarlara cavab verən nəqliyyat infrastrukturunun yaradılması İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı prosesi qarşısında mühüm vəzifələr yaratdı. İnşaat mühəndisliyi üzrə yüz illik ali təhsil ənənəsini özündə birləşdirən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən hər iki ixtisas üzrə istehsalatın tələbləri, beynəlxalq təcrübə, eləcə də potensial imkanlar öyrənilərək inkişaf konsepsiyası hazırlandı.
İnkişaf konsepsiyası üzrə prosesin nəticələrinin təhlili üçün universitet tərəfindən Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinə (İAAR) müraciət edildi və 13-16 may tarixlərində akkreditasiya prosesi həyata keçirildi. İAAR-ın təhlil nəticələrinə görə, AzMİU-nun İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının keyfiyyəti yüksək səviyyədə qiymətləndirildi və beynəlxalq standartlara uyğun olduğu bildirildi. Bu o deməkdir ki, həmin ixtisaslar üzrə AzMİU-da ali təhsilin səviyyəsi dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bundan əlavə, ixtisasların beynəlxalq akkreditasiyası İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə məzunlara sərhədsiz iş imkanı da yaratdı. Belə ki, diplom əlavəsi kimi məzunlara təqdim olunacaq akkreditasiya sənədi beynəlxalq arenada yüksək təhsil sertifikatı kimi qəbul olunur.
AzMİU-da daha bir akkreditasiya prosesi isə nüfuzlu Britaniya Memarlarının Kral İnstitutu (RİBA) tərəfindən həyata keçirildi. RİBA-nın müxtəlif ölkələrdən olan beynəlxalq ekspertləri Memarlıq fakültəsində tədrisin keyfiyyəti, maddi-texniki baza, professor-müəllim heyəti, təhsil mühiti, bir sözlə memarlıq ali təhsili üzrə zəruri olan bütün istiqamətlərdə təhlillər apardılar və nəticəni müsbət qiymətləndirdilər. Beləliklə, Memarlıq fakültəsi növbəti 5 il müddətinə nüfuzlu RİBA akkreditasiyasını əldə etdi.
Akkreditasiya komissiyası fakültənin beynəlxalq əlaqələrini, tədris metodikasını, müəllim-tələbə əlaqələrini, tədris mühitini və tələbələrin layihələrindən ibarət sərgiləri xüsusilə yüksək qiymətləndirib.
Xatırladaq ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Dünyada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanır.
Qeyd edək ki, universitetdə digər ixtisaslar üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq akkreditasiyadan keçirilməsi AzMİU-nun strateji hədəfləri arasındadır. Bununla əlaqədar olaraq universitetin müvafiq struktur-bölmələri tərəfindən aktiv iş aparılır./İqtisadiyyat.az