Artıq İşğaldan azad edilmiş torpaqlarda – Şərqi Zəngəzurda, Zəngilan rayonunda mühüm mərasimlər, tədbirlər və forumlar keçiririk.
Doğma Zəngilanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun təşkilatçılığı ilə rəsmi şəxslərin və 200-ə yaxın ictimai birlikdən təmsilçilərin də iştirakı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda iştirak etdik.
Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin çıxışında Prezident İlham Əliyevin andiçmə mərasimi zamanı səsləndirdiyi “Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq” sözlərini xüsusi olaraq vurğulaması Forum iştirakçısı olan həmkarlarımız üçün yol xəritəsi oldu, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın çıxışı zamanı Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana Qayıdışa həsr olunan mənim təşkilatçısı olduğum “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Buxarest Forumunu örnək göstərməsi bizim bundan sonrakı fəaliyyətimizə ruhlandırdı, daha da məsuliyyətimizi artırdı və yeni işlər, layihələr görməyə həvəsləndirdi.
Şərqi Zəngəzurda ilk dəfə baş tutan “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nu ölkə QHT-lərinin HƏMRƏYLİK FORUMU adlandıra bilərik.
Bu forumu COP29 və QHT-lərin inteqrasiyası üçün önəmli bir tədbir hesab edirəm. Bu cür tədbirlər cəmiyyətdə inteqrasiya və kommunikasiya üçün çox vacibdir.
Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Xankəndi-Şuşa yolunda keçirilən aksiyada fəal iştirakımızla öz sözümüzü demişik.
Bu gün də buraya müxtəlif yerlərdən ictimai birlik olaraq qatılmışıq. Bu cür tədbirlər bizi eyni amal, eyni məqsədlər üçün döyüşmək, mübarizə aparmaq yolunda birləşdirir.
Forumun ən yüksək səviyyədə təşkilinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və peşəkar, eyni zamanda fədakar əməkdaşlarına təşəkkür edirəm.
Toğrul Allahverdili
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri