İctimai təhlükəsizliyin təmin olunması, asayişin qorunması hər bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk qərarlardan biri ölkənin daxili işlər orqanlarının formalaşdırılması ilə bağlı oldu.
Öz sələflərinin yolunu ləyaqətlə davam etdirən daxili işlər orqanlarının əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda, separatizmə, ölkənin ərazi bütövlüyünə təhdid yaradan amillərə qarşı mübarizədə də böyük fədəkarlıq göstərdilər.
Hələ dövlət müstəqilliyimizin bərpasından öncə Dağlıq Qarabağda başlayan və ölkənin müxtəlif ərazilərini əhatə edən separatizm dalğasının gətirdiyi ağır fəsadlara, qanlı və amansız cinayətlərə, terrorizmə qarşı mübarizənin ön cərgəsində dayananlar da məhz daxili işlər orqanlarının əməkdaşları oldular.
İkinci Qarabağ müharibəsində düşmənlə ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin mühüm təşkilatı olan Daxili Qoşunların 66 hərbçisi şəhid oldu, 346 nəfər isə ağır yaralandı. Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü.
Bu gün Azərbaycan polisi, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları işğaldan azad edilmiş ərazilərimizdə xidməti vəzifələrini layiqincə yerinə yetirir.
Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkaranə şəkildə pozan, qeyri-etik addımlar atanlarla da mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir.
Bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir.
2 iyul – Polis Günü ilə əlaqədar başda cənab nazir Vilayət Eyvazov olmaqla, bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayıram.
Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı