Kişi oğrularıbackend

Kişi oğruları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən bir xəbər oxudum, iki uşaqlı ana fəryad edirdi, öz bibisi qızı tərəfindən xəyanətə uğramışdır. Bibi qızı əlindən gələni etmişdi, kişini evdən-eşikdən belə uzaqlaşdıra bilmişdi. Afərin sənə! Sənin bacarığına heyranam…

Açığı heç təəccüblənmədim. Çünki, son zamanlar çox şahid oluram bu tipli həyat dramına. Tanıdığım bir neçə ailə bunun ucbatından dağılıb. Bir neçə il bundan qabaq bir qəzetin baş redaktoru xanımının qardaşı qızı ilə görüntüləri yayılmadımı?

Yaxudda bu günlərdə bacısının əri ilə “yaxşı edib qaçmışam” deyən qız necə? Yoxsa qonşumuz Xədicə xalanın qızı bacısına bu damğanı vurmadımı? Və sonda bütün nəsil onu ittiham edəndə özünü beşinci mərtəbənin eyvanından aşağı atmadımı?

Çarəsini intiharda gördü. Ara-sıra qızına rast gəlirəm. Başını aşağı salıb, utancdolu baxışlarla yan-yörəsinə baxır. “Ay bala başını dik tut” demək istəyirəm, sənin nə günahın var ki?

Uşaq vaxtından eşidirdim, “qızın rəfiqəsi olmamalıdır!”, “Kişi evinə dostunu gətirməməlidir!”. Düşünürdüm axı niyə? Bu qədərmi qorxuludur cəmiyyət? Axı insan tək qala bilməz, niyə mən şübhə ilə yaşamalıyam, mənə aid olan kişini, uşaqlarımın atasını bibim qızı, əmim qızı, dayım qızı əlimdən alacaq deyə qorxa-qorxa yaşamalıyam? Axı mən də rahat təhlükəsiz yaşamaq istəyirəm. Mən də sevinclə uşaqlarımı böyütmək istəyirəm, mən dolu-dolu nəfəs almaq istəyirəm. Nə isə…

Olanlar, keçənlər yadıma düşdü…

25 ilin söhbətidir… Ailədə iki bacı var, Sevil, Sevinc (adlar şərtidir) və 5 qardaş. Orta səviyyəli həyat yaşayırdılar. Bacıların biri həddindən artıq gözəl, yaraşıqlı, savadlı və çox dünyagörüşlü idi. Hamı onu sevirdi. Anası onun üstündə demək olar ki, əsirdi. O biri bacı isə qısqanclıqla yanaşırdı bacısına olan sevgiyə. \”Niyə o məndən üstündür, niyə hamı onu sevir?\”- deyə, bacıya qarşı daxilindəki nifrət günü-gündən artırdı. Ataları dünyasını dəyişir. Vəziyyət gündən-günə çətinləşir. Ailəni qurtarmaq üçün Sevil anasının istəyini qəbul edir, o məktəbi bitirən kimi istəmədiyi, özünə uyğun olmayan, kobud, özündən 17 yaş böyük, amma varlı-dövlətli kişiyə ərə gedir. Amma nə qədər arzusu vardı, istəyi vardı. İçində o istəklərə üsyan edərək, dişlərini sıxaraq, dünyaya nifrət edərək məcbur idi. Başqa çıxış yolu yox idi. Sevil beləcə ailə qurur. 4 uşaq dünyaya gətirir.

Əri səxavətli idi. Sevilin aləsinə göz-bəbəyi kimi baxırdı. Sevil qardaşlarını oxudur, bir-bir evləndirir. Onlara gözəl şərait yaradır. Anasını başının üstündə gəzdirir, hə unutmuşdum, bacısını tibb məktəbində oxutdurur. Ərə də verir. Yaxşı cehizlə təntənəli şəkildə ona toy edir. 3 uşaq dünyaya gətirir Sevinc. 37 yaşına çatanda əri dünyasını dəyişir. Və yenə Sevilin yükü artır. Başlayır üç uşaqlı bacısına yardım etməyə. Düşünməyin ki, ayda-ildə bir dəfə, xeyr həftəlik bazarlıq, əyin-baş, maddi kömək… Amma Sevincin qəlbindəki o ilan, o qurd, o xainlik, onun o hiyləgər paxıllıq dolu baxışları, o içindəki nifrət tükənmir. \”Niyə Sevil məndən xoşbəxtdir, niyə o hər şeyə nail olur, amma mən yox?\”

Qarşısına məqsəd qoyur, mütləq Sevili sındırmalıyam deyə düşünür. Şərəfsiz qadın arzularına çatmağa nail olur. Şeytan qəlbli bacı Sevilin ərinin qəlbinə girə bilir. İllər boyu gizli münasibət yaşayır, ta ki Sevilin qızı bu iyrənc münasibətdən xəbər tutana qədər. Sevilin qızı anasına bu münasibətdən söz açır. Lakin Sevilin soyuq baxışları az qala onu dəli edəcəkdi. “Sən düşünürsən ki, mənim bu olanlardan xəbərim yoxdur, mən hər seyi görürəm. Hiss edirəm, illərdir ki, şahidiyəm\”. \”Axı niyə susursan, niyə göz yumursan?\”- qızı sual verir anasına. \”Ayıbdır, sən nə danışırsan, qohun-əqrəba nə deyər, bizim haqqımızda nə düşünər, bu olayı eşidən qapımıza elçi mi gələr, sizinlə kim ailə qurmaq istəyər, bəs qardaşlarım, bəs anam yazıq deyillərmi?\”

Allahım mən bü hadisəni eşitdikdən sonra necə bu həyata etibarımı itirməyim ?

Həyatımda bu qədər mərd, bu qədər səbirli qadın görməmişdim. Bəli, uzun illər keçib, yadıma salıram, heç kim buna göz yummazdı, amma o bunu etdi. İllər öncə özünü ailəsinə görə oda-közə atan qız, sevmədiyi bir insanla ailə quran qız, özünü ailəsinə qurban verən qız buna da göz yumdu. Şahidiyəm bunların. Bilə-bilə yenədə bacının qayğısa qaldı, yenə də ona yardım etdi, susaraq, o qəlbindəki ağrını-acını dəf edərək yenə də bacılığını etdi.

Ara-sıra düşünürəm mən bunu edərdimmi? Mən bağışlayardımmı? – əsla yox, heç vaxt yox, etməzdim, etmərəm…
Bağışlamayın xəyanəti xanımlar, bağışladıqca yeni bir xəyanətə yol açırsınız. Qorxmayın, çəkinməyin, şərəfsizliyə göz yummayın! Qonşu, o, bu nə deyər deyə yaşamayın! Qızımı \”alan\” olmaz deyə, tək qalaram, necə yaşayaram deyə susmayın! Özünüzə qiymət verin, özünüzə hörmət qoyun xanımlar!

Kişi oğruları

Səidə Mustafayeva
İnterpress.az