Interpress.az xəbər verir ki, Amerikada baş tutan, NAFSA assosiasiyasının təşkil etdiyi tədbirdə iştirak edən həmyerlimiz Ayan Ağazadə oxuduğu Nyu York Dövlət Universitetinin xarici tələbələrini təmsil edirdi. Beynəlxalq Təhsil və İmmiqrant Tələbələr mövzusunda çıxış edən Ayan Ağazadə saytımıza tədbir haqqında məlumat verib:
Belə tədbirlərdə aktiv iştirak etdiyim üçün məni Nyu York Dövlət Universitetinin (State University of New York) tələbəsi kimi bu layihəyə dəvət etmişdilər. Burada universitetimizin xarici tələbələrini təmsil edirdim. Bundan öncə mən “Nyu Paltzda NAFSA”-nın beynəlxalq proqramlar çərçivəsində “Rivertidesi Centr” təşkilatının keçirdiyi “dünya qadınlarının hüquqlarının qorunması” mövzusuna həsr olunan BMT-nın konfransının iştirakçısı olmuşdum. “NAFSA” Beynəlxalq Pedaqoqlar və Mütəxəssislər Assosiasiyasıdır. İki gün davam edən tədbir beynəlxalq təhsil və immiqrant tələbələr mövzularının müzakirəsinə həsr olunmuşdu. Birinci gün bizi mövzunun müzakirəsi üçün zəruri vərdişlər və yeni qanunların tələbələrin həyatına təsiri, həmçinin, dəstək üçün konqress nümayəndələrinə müraciət etmək qaydaları ilə tanış etdilər. Bu il müzakirəyə 3 mövzu təqdim edilmişdi. Onlardan biri senator Paula Simmonun xaricdə təhsil, xarici tələbə və alimlərin vacibliyi, və “Bridge Act” qanununa həsr olunmuşdu. Hər ştatı beynəlxalq mütəxəssis və tələbələr qrupu təmsil edirdi. Mən New York ştatının 19-cu dairəsini təmsil edirdim. İlk gündən sonra bizə tapşırıq verildi ki, senatorlar üçün beynəlxalq təhsilin gələcək inkişafının vacibliyini arqumentlərlə təsdiq edən məruzə hazırlayaq. Hər müzakirə və müraciətdən sonra bizə – tələbələrə, qəbul edilən hər qanunun həyatımıza təsiri ilə bağlı şəxsi təəssüratlarımızı bölüşmək təklif olundu. Nümayəndə heyətimiz senatorlar Cillibrand və Şumerin müvəkkilləri ilə görüşdü. Biz immiqrant və xarici tələbələrin Amerikada və yerli tələbələrin xaricdə təhsilinin vacibliyini qeyd etdik. Mən çıxışımda ixtisasıma uyğun olaraq məsələni sadəcə sosial deyil, həm də iqtisadi cəhətdən işıqlandırmağa çalışdım. Beynəlxalq təhsil çərçivəsində təkcə mənim təmsil olunduğum 19-cu dairə ölkə büdcəsinə 15,3 milyon dollar gəlir gətirib. Son təhsil ilində bu rəqəm Nyu York ştatı üzrə 133 milyard dollar təşkil edib. Beynəlxalq təhsil iqtisadi gəlir və bilik mübadiləsindən əlavə cəmiyyətin mənəvi, mədəni və sosial inkişafını da zənginləşdirir.
Digər mövzu ölkədə immiqrantların roluna həsr olunmuşdu. Bu gün Birləşmiş Ştatlarda 6 ölkə (ilkin siyahıya 7 ölkə daxil idi) vətəndaşlarının Amerikaya gəlməsinə qadağa qoyulduğu üçün bu, ən çox müzakirə olunan mövzudur. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq insan azadlığının simvolu sayılan ölkə insan hüquqlarını məhdudlaşdırır. Dözülməz faktdır ki, Amerikada təhsil alan tələbələr yeni qanuna görə öz ailələrinə qayıda bilməyəcəklər. Qadağa qoyulmuş ölkələrdən olan tələbələrin valideynləri övladlarının məzun gecələrində iştirak edə bilməyəcəklər. Çıxışımda həmçinin onu da qeyd etdim ki, məlum qanuna görə gənclər təhsil almaq üçün Kanada və Avstraliyaya üz tutacaqlar. Tarixinin formalaşmasında immiqrantların danılmaz rolu olan, bu insanların nailiyyətləri hesabına tanınan bir ölkədə öz əzəli dəyərlərinə zidd qanun imzalanır. Xatırlatdım ki, 2016-cı il Nobel mükafatçılarından 6 nəfəri immiqrantdır. Mükafatın tarixində bütün qaliblərin 40% həmçinin immiqrantlar olub. Bununla yanaşı mən iki ölkədə – Türkiyə və Amerikadakı tələbəliyimdən söz açdım. Təhsil sistemindəki fərq, əldə etdiyim bacarıq, sahib oduğum biliklərdən danışdım. Xaricdə amerikalı tələbələrin təhsil almasını stimullaşdıran proqramlardan bəhs etdim. Xarici ölkədə təhsil almaq tələbələrin kreativ düşüncə tərzini inkişaf etdirir, dünyagörüşünü zənginləşdirir. Bu insan kapitalına yatırımdır. Axı, bu günün tələbəsi ölkənin gələcəyidir. Demokrat – senatorların müşavirləri ilə görüşdən sonra mən edvayzerimlə (rəhbərim) birgə respublikaçı konqressmen Con Fasonun qəbulunda oldum. Hətta görüşdən sonra birgə şəkil çəkdirdik və bizim üçün “Kapitol Hill”da ayrıca ekskursiya təşkil edildi. Bu mənim üçün cox maraqlı ünsiyyət təcrübəsi oldu…
İnterpress.az