Sabir Rüstəmxanlı: “Biz yaslardan çıxa bilmirik…”backend

Sabir Rüstəmxanlı: “Biz yaslardan çıxa bilmirik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün əsrin əvvəllərində mart ayında baş verən azərbaycanlıların soyqırım gününü qeyd etdik. Xatırladaq ki, 1918-ci ildə erməni silahlı qüvvələri Bakıda 12 min dinc əhalini qəddarlıqla qətlə yetirib. Soyqırımın davamı olaraq digər bölgələrdə, o cümlədən Qubada, Zəngəzur qəzasında, Şamaxıda ümumilikdə 50 min azərbaycanlı xüsusi amansızlıqla öldürülüb…

Sabah-2 aprel tarixində isə Azərbaycanın digər faciələrindən biri olan Kəlbəcərin işğalı gününü qeyd edəcəyik. Bununla da təqvimin demək olar ki, bütün aylarında hansısa faciəni yenidən xatırlayırıq. Məsələn, yanvar ayında 20 Yanvar faciəsini, fevralda Xocalı faciəsini, martda soyqırım, apreldə Kəlbəcərin, may ayında Şuşa və Laçının işğalını qeyd edirik. Digər ayları da bu siyahıya aid etmək olar, hətta bəzi aylarda iki faciə qeyd olunur. Lakin ildə bir dəfə olsun belə işıqlı zəfər, qələbə günümüz yoxdur. Adətən xalqlar qələbə günləri ilə qürurlanır, bu da sanki onlara bir stimul verir. Məsələn, qardaş Türkiyə dövlətində çoxlu sayda zəfər günləri var. Bunlardan “Çanaqqala zəfəri”, İstanbulun fəthi ilə bağlı keçirilən zəfər günlərini qeyd etmək olar. Təbii ki, bu cür təqvimlər xalqı ruhən, psixoloji baxımından formada saxlayır. Amma hər ayda hansısa faciəni qeyd etmək insanlarda ruh düşkünlüyü, əzginlik yaradır. Bəzən cəmiyyətdə baş verən bir sıra çatışmazlıqları, insanların bir-biri ilə normal münasibət qurmamasını, məişətdən tutmuş siyasətdə gedən didişmələri bu amillərlə bağlayırlar.
Bəs niyə Azərbaycanın işıqlı, şanlı qələbə günü yoxdur?
İnterpress.az xəbər verir ki, mövzu ilə bağlı xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb:

“1918-ci il, 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün xüsusi gün kimi qeyd olunmalıdır. Bu tarix doğrudan da təkcə Azərbaycanın, Qafqaz türklərinin deyil, Türkiyə Cumhuriyyətinin və digər bizə qonşu olan müstəqil dövlətlərinin taleyində də dərin iz buraxmış bir tarixdir. Daha bu cür tarixi gün həmin ilin sentyabrın 15-i Bakının erməni bolşeviklərindən azad olunduğu gündür. Çox parlaq gündür, aylarla qan tökülüb, savaş gedib və Azərbaycanın paytaxtı Gəncədən Bakıya köçürülüb. Bu da bizim tariximizin çox mühüm hadisəsidir. 28 may tarixi hazırda Respublika günü kimi təqvimlərdə qeyd olunur. Lakin onun qədər əhəmiyyətli olan 15 sentyabr olayı təəssüf ki, bu qədər layiqli şəkildə qeyd olunmur. Mart ayında ermənilər Bakıda azərbaycanlılar qarşı kütləvi şəkildə böyük soyqırım törətmişdilər. Bundan sonra Bakı azad edildi və əslində o hadisələrin intiqamı alındı. Bu səbəbdən bu tarix də qeyd olunmalıdır.

Digər tarixlərə gəldikdə isə tariximiz ağır faciələrlə, itkilərlə doludur. Bu, millətin taleyidir. Hələ ki nə birliyə, nə də əraziləri bütövlüyümüzə nail ola bilmişik. Bəli, 1991-ci ildə öz müstəqilliyimizi əldə etmişik və ərazimizin bir hissəsini də itirmişik. Buna görə də təkcə torpaqlarımız yarımçıq deyil, həm də ürəyimiz, gördüyümüz işlər yarımçıqdır. Ovqatımız da bununla bağlıdır. Biz yaslardan çıxa bilmirik, bir-birinin ardınca ancaq yaslardır. Qarabağ münaqişəsi həll olunmayıb və demək olar ki, bu proses davam edəcək. Amma ümid edirik ki, bizim səfərimiz Qarabağ torpaqlarının azad olunması və Güney, Quzey Azərbaycanın bütövlüyü ilə bağlı olar. Hələ bizim millətin görəcəyi işlər var. Ona görə də böyük zəfər bayramı haqqında düşünmək imkanı yoxdur. Bu bayramı süni surətdə yaratmaq olmaz. Gərək bu bayram olsun ki, onu da qeyd edək\”.

Sabir Rüstəmxanlı: “Biz yaslardan çıxa bilmirik...”

Deputat Fazil Mustafa da qeyd etdi ki, 28 may tarixi Azərbaycan tarixinin ən böyük zəfər günüdür: “Söhbət hansısa döyüşdə, müharibədə qalib gəlməkdən gedirsə, bu bir qədər ideoloji xarakter daşıyan məsələlərdir. Biz Türkiyədən fərqli olaraq gənc dövlətik, 70-80 yaşımız yoxdur. Və bu dövr ərzində bizim əldə etdiyimiz ən böyük uğur müstəqilliyimizdir. Hələ ki biz böyük dövlətlər kateqoriyasında deyilik. Adətən böyük zəfər gününü qeyd edən dövlətlər keçmiş imperiyalardan doğan dövlətlərdir. Biz, sadəcə, özümüzü qurtarmış dövlət qismindəyik. Ona görə də bizim ən böyük zəfərimiz 28 mayla bağlıdır. Bizim ermənilərlə savaşımız da genişmiqyaslı savaş deyil. Yəni bu da lokal bir savaşdır. Ona görə də rayonlarımızın işğal olunmasının, əldən getməsinin faciə tarixi kimi göstərilməsi doğru deyil. Çünki Azərbaycan rayonlarla işğal olunmur ki… Əgər bununla bağlı hansısa saziş imzalansaydı, bu zaman bu məsələni üzüntü ilə qeyd edərdik. Amma indi belə bir şey yoxdursa və torpaqlarımızın geri qaytarılması ümidi ilə yaşayırıqsa, həmin tarixləri faciə kimi qeyd etməyimiz yanlışdır. Çünki millətlərin tarixində dirçəlişlə bağlı ölüm və çöküş tarixləri də olur. Millət o çöküş tarixlərinə çox önəm verəndə gələcəyin qələbə kimi stimullaşdırılmasını tapa, doğru istiqamətə gedə bilmir… Amma Xocalı faciəsi və 31 mart soyqırım günü siyasi mahiyyət daşıyır. Bu faciələrin dünyada tanınması üçün ideoloji əsas olduğundan onu qeyd edirik. Amma bunu ifadə etmək ağlamaq üçün, kədər üçün deyil ki. Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasının siyasi sənədlərinin gələcəkdə qəbul olunması üçün bunu qeyd etməyimiz vacibdir”.

İnterpress.az