Ukraynadakı müharibə ilə əlaqədar sürətlə pisləşən dünyadakı mövcud enerji vəziyyəti, Avropanın Rusiya qazından asılılığını azaltmaq cəhdləri və nəticədə bu enerji resursunun bahalaşması kontekstində 27-ci Bakı Enerji Forumunda keçiriləcək görüşlər və müzakirələr xüsusi əhəmiyyət kəsb edəcək.
Rusiyanın enerji resurslarından 90% asılı olan Bolqarıstan üçün Rusiyanın inhisarçı şirkəti “Qazprom”un bu ölkəyə və Polşaya qaz tədarükünü dayandırmasını açıqlaması şok effekti verdi.
İnterpress.az report.az-a istinadən Bakı forumunda iştirak edəcək Bolqarıstanın energetika naziri Aleksandr Nikolovun müsahibəsini təqdim edir:
– Dünyanın hazırkı geosiyasi vəziyyətini nəzərə alsaq, Azərbaycanın enerji tərəfdaşı kimi əhəmiyyəti nədən ibarətdir?
– Azərbaycan Bolqarıstanın strateji iqtisadi tərəfdaşıdır. Ölkələrimiz arasında yaxşı iqtisadi əməkdaşlıq mövcuddur, enerji sektoru isə ikitərəfli münasibətlərdə əsas rol oynayır. Azərbaycan təkcə Bolqarıstanda deyil, bütövlükdə Avropa qitəsində təbii qaz tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin yaxşılaşdırılması mənbəyi kimi çox vacibdir.
Avropa ölkələri Azərbaycandan təbii qaz alır. Bu da Azərbaycanın Avropa ölkələri, o cümlədən Bolqarıstan üçün ticarət tərəfdaşı kimi proqnozlaşdırıla bilən, şəffaf və etibarlı ölkə olduğunu sübut edir.
Ölkələrimiz arasında təbii qazın tədarükünə dair saziş 2013-cü ildə imzalanıb, tədarük müddəti isə 25 ildir. Belə uzunmüddətli əməkdaşlığımızın olması Azərbaycanın enerji təchizatı marşrutlarının və mənbələrinin şaxələndirilməsi və qitə ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Avropa prioritetlərini dəstəkləmək işinə sadiqliyini göstərir.
– Yaxın vaxtlarda Azərbaycandan Bolqarıstana qaz nəqlinin artırılması ilə bağlı danışıqları gözləmək olarmı?
– Əsas tədarükçümüz “Qazprom”un tədarüklə bağlı fasilələrə yol verdiyi hazırkı şərait şaxələndirmənin müstəsna əhəmiyyət kəsb etdiyini göstərdi. Öz enerji təhlükəsizliyini təmin etmək üçün Bolqarıstan Azərbaycandan, eləcə də digər təbii qaz ixracatçılarından “mavi yanacaq” tədarükünün artırılmasında maraqlıdır. Son həftələrdə Bolqarıstan tərəfi hazırkı və potensial tərəfdaşları ilə bu məsələni fəal müzakirə edib. Danışıqların müsbət nəticələnəcəyinə əminik. Bu müzakirələr düşünməyə əsas verir ki, şaxələndirilmiş təbii qaz tədarükü bizim üçün xəyal deyil, real prioritetdir. Azərbaycan isə bu məsələdə aparıcı rollardan birini oynayır.
– Azərbaycandan başqa hansı ölkələrdən qaz idxalını artırmaq imkanını nəzərdən keçirirsiniz?
– Bolqarıstana təbii qazın tədarükü üçün digər mümkün variantlar arasında mayeləşdirilmiş təbii qaz terminallarından istifadə də var. Ortamüddətli perspektivdə Yunanıstanın Aleksandrupolis şəhəri yaxınlığındakı LNG terminalı layihəsindəki payımız bizə Şərqi Aralıq dənizi, İsrail, ABŞ və digər ölkələrdən də tədarük imkanı verəcək.
Bu arada, anlayırıq ki, mövcud qaz infrastrukturunun optimallaşdırılması regionda təchizat təhlükəsizliyinin yaxşılaşdırılmasında mühüm amildir, biz bu problemin həlli istiqamətində fəal işləyirik.
Ölkənin və regionun enerji təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisini başa çatdırmaq üçün səyləri davam etdiririk. İstəyirik ki, bu il boru kəmərinin kommersiya istismarına başlanılsın. Bu, bütün Cənub-Şərqi Avropa regionunda qaz təchizatının təhlükəsizliyi üçün əsas şərtdir.
– İştirakçısı olacağınız Bakı Enerji Forumunda nələri müzakirə edəcəksiniz?
– Bir sıra tədbirləri – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi və 27-ci Bakı Enerji Forumunu əhatə edəcək Bakı Enerji Həftəsində iştirak etmək fürsətinə malik olduğum üçün şadam.
Azərbaycan enerji sektorunda Bolqarıstanın strateji tərəfdaşıdır və biz əminik ki, bu tərəfdaşlıq enerjinin diversifikasiyası və enerji təchizatının təhlükəsizliyi ilə bağlı prioritetlərimizin həyata keçirilməsində əsas rol oynayacaq. Bu prioritetlər Ukraynadakı müharibə və “Qazprom”un Bolqarıstana Rusiya qazının nəqlini dayandırması kontekstində xüsusilə vacibdir.
Azərbaycan hökumətinin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində intensiv işi artıq Xəzər dənizində külək turbinlərindən istifadə etməklə elektrik enerjisi istehsalı imkanlarını araşdıran layihələrdə həyata keçirilir. Elektrik enerjisinin Qara dənizin dibi ilə ötürülməsi bir sıra Avropa ölkələrinin yararlana biləcəyi fürsətdir. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirə və genişləndirə biləcək potensial məsələlərdir.
Bolqarıstan təhlükəsizlik, rəqabətqabiliyyətlilik və 2050-ci ilə qədər resurslardan səmərəli istifadə etməklə və rəqabətqabiliyyətli olmaqla aşağı karbonlu iqtisadiyyatın yaradılması sahələrində Avropa İttifaqının (Aİ) enerji siyasətinin əsas məqsədlərinə uyğunlaşdırılmış enerji siyasətini həyata keçirir.
Bu mövzular Bakıda keçiriləcək Enerji Həftəsinin diqqət mərkəzində olacaq. Bolqarıstanın mövqeyini və təcrübəsini təqdim etməklə mən imkanlar və həll yolları üzrə səmərəli müzakirələrə və danışıqlara töhfə verməkdən məmnun olaram.
– Forumda sizin üçün ən əhəmiyyətli suallar və mövzular hansı olacaq?
– Bakıda keçiriləcək Enerji Həftəsi çərçivəsində tərəfdaşlarımızla neft və qaz təchizatının təhlükəsizliyi, elektrik enerjisi sistemlərinin gələcəyi və bərpa olunan enerjinin inkişafı məsələlərini müzakirə edə biləcəyik. Bunlar bütün istehlakçıların rifahı naminə regionda enerji sektorunun şəffaf, bazara əsaslanan və rəqabətədavamlı inkişafına nail olmaq üçün vacib məsələlərdir.
Avropa qitəsinin yaşadığı böhranlar, COVID-19 pandemiyası, sonradan enerji qiymətlərinin artması və Ukraynadakı müharibələr kontekstində Bakı forumu bu böhranların aradan qaldırılması yolunda duran çətinliklərin müzakirəsi üçün yerinə düşən platformadır.