İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu bir neçə gündür ki, davam edir. Təl-Əviv və Tehran bir-birinə raket və dron zərbələri endirməklə qarşılıqlı itkilərə səbəb olub. Hər iki tərəfin bəyanatlarından da belə məlum olur ki, gərginlik tezliklə səngiməyəcək.
Məsələnin bir tərəfi isə Azərbaycanla bağlıdır. Bu iki ölkənin müharibə aparması, təbii ki, özlüyündə risklər doğurur. Bəs belə olan halda Azərbaycan üçün bu münaqişə fonunda hansı tarixi fürsətlər və təhlükələr ola bilər?
Mövzu ilə bağlı suallarımızı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı cavablandırıb.
— Tənzilə xanım, artıq tam mənada müharibə adlana biləcək İsrail-İran münaqişəsi Azərbaycan və bütövlükdə bölgənin gələcəyi üçün nə vəd edir?
— Bütün hallarda müharibələr xoş heç nə vəd edə bilməz. İndiki halda isə İran-İsrail qarşıdurması Yaxın Şərqin hüdudlarını aşaraq bütövlükdə beynəlxalq təhlükəsizliyə meydan oxuyur. Hər kəs Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını düşündüyü bir halda bu münaqişə dünyanın hərbi-siyasi mənzərəsinə ciddi mənfi ştrixlər qatmış oldu. İsrail və İran arasında hərbi qarşıdurma qonşu və qardaş xalq kimi Azərbaycan xalqını da çox narahat edir. Təbriz, Ərdəbil, Qəzvin, Urmiya, Xoy və digər şəhərlər bizə də doğma məkanlardır. Beynəlxalq hüquq baxımından da, humanitar ölçü baxımından da İsrailin hərbi hücumuna haqq qazandırmaq olmaz. 30 il müharibə acılarını yaşamış, hələ də bunun fəsadları ilə mübarizə aparan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir. Amma bir məqama da diqqət yetirmək istərdim. Müqayisə üçün Vətən müharibəsi zamanı Azərbaycanda, cəmiyyətimizdə olan milli səfərbərliyi, xalq-dövlət birliyini xalqın düşmənə qarşı birləşməsini yada salmaq kifayətdir. Bu məntiqlə İsrailin İrana qarşı zərbələridə İran cəmiyyətini İsrailə qarşı səfərbər etməli idi. Küçələrdə könüllü dəstələr formalaşmalı, İran hakimiyyətinə dəstək kampaniyaları təşkil olunmalı, İsraili lənətləyən çıxışlar edilməli, İran kimi dini dövlətdə məscidlər dolub-daşmalı idi. Bunların heç birini görmürük. Əgər belə bir şey olsaydı, İran mediası çoxdan bununla bağlı car çəkmişdi.
— Yeri gəlmişkən, sosial şəbəkələrdə İranı kütləvi şəkildə tərk edən insanların görüntüsü yayılıb. Söhbət milyonlarla soydaşımızdan gedir və onların üz tutacağı ilk ünvan Azərbaycan olacaq.
— Belə bir qaçqın axını həm regional təhlükəsizlik, həm də milli maraqlar baxımdan arzuolunan deyil. Əlbəttə, soydaşlarımızın taleyi bizim üçün önəmlidir. Xalq və dövlət olaraq bu durumdan narahatlıq keçiririk. Təbriz, Ərdəbil, Urmiya, Xoy bizim üçün müqəddəs dəyər daşıyan tarixi Vətənimizdir. Diplomatik qaynaqların məlumatında rəsmi Bakının İsraildən Azərbaycan şəhərlərini hədəf almaması istəyində olması haqda qeyri-rəsmi və təkzib olunmayan məlumat yayılmışdı. Doğrudan da ilk zərbədən sonra Təbrizin vurulmadığını görürük. Ümid edək ki, İsrail raketləri Azərbaycan şəhərlərini hədəf almayacaq. Amma bütün hallarda soydaşlarımızın kütləvi köçü ən pis ehtimaldır. Tək türklər yox, fars, ərəb, kürd və digər millətlər İranda bəşəri, demokratik bir üsul idarənin yaranması üçün birgə mübarizə aparmalıdırlar. İranın və bölgənin xilası da elə bundadır.
— Yeri gəlmişkən, bu günlərdə Azərbaycan 2020-ci ildə pandemiyanın yayılması ilə bağlı qəbul etdiyi quru sərhədlərin bağlanması qərarı yenidən gündəmə gəlir. Cəmiyyətdə bununla bağlı müəyyən narazılıqlar olsa da, regionda baş verən hadisələr göstərir ki, bu, sırf texniki tədbir deyil – düşünülmüş və strateji baxımdan əsaslandırılmış dövlət qərarıdır.
— Tamamilə doğrudur. Azərbaycan belə bir həssas bölgədə yerləşdiyi üçün onun sərhəd siyasəti yalnız daxili yox, regional təhlükəsizlik kontekstində də qiymətləndirilməlidir. Məsələn, İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri və bunun cavabında İranın raket hücumları bölgədə qeyri-müəyyənlik və gərginliyi kəskin şəkildə artırdı. Belə vəziyyətdə açıq sərhədlər dövlətə müxtəlif təhdidlərin asanlıqla daxil olması üçün zəmin yarada bilərdi. Açıq sərhədlər, xüsusilə də qeyri-sabit qonşu ölkələrlə müxtəlif casusluq, təxribat və hətta silahlı keçid halları üçün imkan deməkdir. Sərhədlərin bağlı qalması bu riskləri minimuma endirir. Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır. İsrail və İran arasındakı son gərginlik bu siyasətin nə qədər əsaslı olduğunu bir daha sübut edir.
— İndiki şəraitdə Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz və Sizcə, ölkəmiz bu münaqişədə necə hərəkət etməlidir?
— Azərbaycan üçün çətin bir situasiyadır. Bir tərəfdə İsraillə möhkəmlənmiş strateji münasibətlər – təhlükəsizlik, kəşfiyyat və enerji sahəsində əməkdaşlıq; digər tərəfdə isə İranla böyük bir sərhəd, tarixi və dini bağlılıqlar. Azərbaycan-İran münasibətləri bəzi hallarda hamar, rəvan olmayıb. İsraillə münasibətləri yaxşı olmayan Ermənistan isə Tehranı müdafiə edəcək gücdə deyil. Azərbaycanın isə İsraillə münasibətləri hər kəsə bəllidir. Ölkələrimiz arasında tarixi kökləri olar mədəni, iqtisadi və siyasi əlaqələr mövcuddur. Suverenliyimizin dəstəklənməsində və Qarabağ müharibəsində İsrailin Azərbaycana verdiyi dəstək münasibətlərimizi müəyyən edən əsas meyarlardır. Bununla belə Azərbaycan İsrail–İran arasında baş verən müharibə fonunda çox ehtiyatlı davranır. Balanslı və neytral siyasət yürütməyə üstünlük verən rəsmi Bakı heç bir dövlətin tərəfini tutmur və müharibənin dərhal birməsində maraqlı olduğunu qətiyyətlə bildirir. Azərbaycanın özünü bu qarşıdurmadan kənarda saxlamaq istəyi təbiidir, lakin proseslərin hərbi, diplomatik və informasiya müstəvisində dərinləşməsi fonunda Bakı dəqiq mövqe və səmərəli diplomatik strategiya formalaşdırmalıdır.