Azərbaycanda ana və övladının ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB + FOTO/VİDEObackend

Azərbaycanda ana və övladının ölümü ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Məlumatda qeyd edilib ki, avqustun 30-da saat 14:00 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

11:00

“Azərbaycanda gənc ananın və övladının fiziki zorakılığa məruz qalaraq ölməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqə saxlanılıb:

“Yaxın saatlarda ətraflı məlumat veriləcək. Bir daha Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bildiririk ki, insanlara qarşı zorakılıq yolverilməzdir və bu halları qınayırıq”.

“Azərbaycanda gənc ana fiziki zorakılığa məruz qalıb”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, avqustun 30-da Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb:

“Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Aytən Niftəliyevanın artıq vəfat etməsi barədə məlumat yayılıb.