Cəlilabadda “Şahin” hərbi-idman oyunu üzrə yarış keçirilib – FOTOLARbackend

Cəlilabadda “Şahin” hərbi-idman oyunu üzrə yarış keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad şəhər Mərkəzi Stadionunda rayonun tam orta məktəblərinin 8-10-cu sinif şagirdlərinin ordu sıralarına və hərbi idman oyunlarına hazırlamaq məqsədilə “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib.

İnterpress.az xəbər verir ki, tədbir Cəlilabad Rayon Gənclər və İdman idarəsinin, Rayon Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin və Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə hissəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışda rayonun 8 komandası 5 mərhələ üzrə mübarizə aparıblar.

Yarışın açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev, Ombudsmanın Cəlilabad Reginal Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış ediblər.

Çıxışçılar “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıblar.

Rayon birinciliyində yüksək nəticə göstərərək Akademik Zərifə Əliyev adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbinin komandası I yerə, Şiləvəngə kənd tam orta məktəbinin komandası II yerə və Alar kənd 1 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüblər.

Qalib komandalar Cəlilabad rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Rayon birinciliyinin qalibi olan Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbinin komandası Respublikanın zona mərhələsinə vəsiqə qazanıb.