Deputatlar Diaspor Komitəsinin pandemiya dövründəki fəaliyyətindən danışdılarbackend

Deputatlar Diaspor Komitəsinin pandemiya dövründəki fəaliyyətindən danışdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dönəmində 24 saat fasiləsiz işləyən dövlət qurumlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsi oldu. Xaricdə yaşayan həmvətənlərimizin birliyində, onlara mənəvi, maddi yardımların göstərilməsində komitənin xidmətləri əvəzolunmazdır. Bəs maraqlıdır, ölkəmizin ali qanunverici orqanının təmsilçiləri olan millət vəkilləri Diasporla İş üzrə Dövlət Komitəsinin son dönəmlər fəaliyyətindən razı qaldılarmı?

Dünyada yaşayan azərbaycanlılara ölkəmizin göstərdiyi dəstək və qayğını deputatlarımız necə qiymətləndirir?

DiasporPress.az bu məsələylə bağlı millət vəkillərinin mövqeyini öyrənib.

Milli Məclisin deputatı Ülvi Quliyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin son iki ildəki fəaliyyətindən millət vəkili olaraq çox razıyam :

“Pandemiya dövründə Diasporla iş üzrə dövlət komitəsinin aktiv fəaliyyətini müşahidə edirik. Xaricdə yaşayan həmvətənlərimizlə əlaqələri qurur, onlara maddi-mənəvi dəstək göstərilir. Deyərdim ki, Diasporla iş üzrə dövlət komitəsi xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, koordinasiya şuraları və diaspor təşkilatlarımızın vasitəsi ilə bütün mümkün olan imkanlarını səfərbər edərək soydaşlarımızın yanında olur. Həmçinin, Komitə yüzlərlə soydaşımızın vətənə gətirilməsində aktivlik göstərir. Vətəndaşlarımız arasında birlik və bərabərlik üçün də işlər görülür. Onu da qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin son iki ildəki fəaliyyətindən millət vəkili olaraq çox razıyam. Son iki ildə koordinasiya şuraların yaradılması, Azərbaycan Evlərinin açılması, o cümlədən bir neçə ölkələrdə bir-biri ilə ünsiyyəti olmayan və fərdi qaydada hərəkət edən diaspor təşkilatlarını ümummilli maraq ətrafında birləşdirmək və vahid mərkəzdən koordinasiya edilməsini təmin etmişdir. Eyni zamanda Diasporla iş üzrə dövlət komitəsi xarici ölkələrdə təhsil alan tələbələrimizi daim diqqət mərkəzində saxlayır, Təhsil nazirliyi və digər aidiyyatı qurumlarla birlikdə onlarla görüşlər təşkil edir, Onların problemləri ilə yaxından maraqlanır. Diaspora komitəsinin gördüyü islərin içərisində xüsusilə qeyd etmək olar ki ,2018-ci ilə qədər xarici ölkələrdə öz maraqları naminə xidmət edən və özünü “diaspor fəalı” olaraq göstərən şəxslər, son illər əsl vətənini, dövlətini sevən Ulu Öndərin izini qoyduğu mənəvi dəyərlərə bağlı dövlətə və dövlətçiliyə sadiq əsl diaspor fəalları ilə əvəz edilmişdir.

 

Milli Məslisin deputatı Tamam Cəfərova pandemiya dövründə Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətini adına adekvat qurduğunu qeyd edib :

Pandemiya dövrünün ilk günündən Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səfərbərliyinə nail oldu. Komitə 24 saat fəaliyyət göstərən “qaynar xətt”lə kifayətlənməyərək, əməkdaşlarını pandemiyanın tüğyan etdiyi ölkələrə göndərməklə, vəziyyəti yerində dəyərləndirmək xəttini tutmaqla, hər bir vətəndaşımıza individual yanaşa sərgilədi. Hətta, təxliyə prosesində komitə rəsmilərinin yaxından iştirakını, xarici ölkələrdəki aztəminatlı Azərbaycanlı ailələrə maddi-mənəvi yardımların göstərilməsini yalnız alqışlamaq olar. Təbii ki, istər maddi, istərsə də təxliyə ilə bağlı ən çox müraciət olunan dövlət orqanlarımızdan biri Diasporla İş üzrə Dövlət Komitəsi idi. Daxil olan hər bir müraciətə bu qurumun necə həssas yanaşdığının şahidi olmuşuq. Bu yöndə, deputat sorğularına da komitənin operativ reaksiyası bizə məlumdur. Komitənin, dövlətin imkanları hesabına gördüyü ilşərdən əlavə, diaspor təşkilatlarında təmsil olunan imkanlı soydaşlarımızın da xeyriyəçilik prosesinə cəlb olunmasında xüsusi xidməti var. Cənab Prezidentin birbaşa nəzarətində olan pandemiyadan qorunma prosesinə, xaricdə yaşayan azərbaycanlılar da böyük həvəslə qoşuldular. Bu, bir daha göstərdi ki, İlham Əliyev təkçə Azərbaycanda yaşayan vətəndaşların deyil, bütün Azərbaycanlıların Prezidentidir”

 

 

Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki,şəxsən bir millət vəkili olaraq, mən bu Komitənin fəaliyyətindən razıyam :

“Təbii ki, dünyada Azərbaycan həqiqətlərinin, Azərbaycanın haqq səsinin olduğu kimi, yayılmasında və çatdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsi böyük və əvəzsiz xidmətləri var. Eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin və soydaşlarımızın Azərbaycan naminə bir araya gəlməsində, gətirilməsində, onların təşkilatlanmasında, Azərbaycan diasporunun digər disporlarla rəqabətdə daha çox çevik və mobil bir mexanizmə çevrilməsində bu Komitənin üzərinə, çiyinlərinə düşən böyük vəzifələri, önəmli missiyası və bu istiqamətdə də müsbət nəticələr, irəliləyişlər özünü göstərməkdədir. Xüsusilə də, keçmiş deputat həmkarımız Fuad Muradovun bu Komitəyə rəhbər təyin olunmasından, cənab Prezident tərəfindən ona böyük etimad göstərilməsindən sonra, yəni, ötən iki il ərzində bu qurumun fəaliyyətində böyük dönüş əmələ gəlmiş, Azərbaycan diasporunun güclənməsi istiqamətində çox önəmli addımlar atılmış və atılmaqdadır. Bunu da hər kəs görür, etiraf edir və qiymətləndirir. Eyni zamanda, son 3 aylıq pandemiya dövründə, çox çətin və həssas məqamda da bu Komitənin, onun əməkdaşlarının sərgilədiyi fəaliyyət göz qarşısındadır. Dövlət Komitəsi qurumun rəhbərliyi başda olmaqla, çox gərgin iş rejimində fəaliyyət göstərmiş, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizlə, soydaşlarımızla, dispor təşkilatlarımızla əlaqələrini bir an belə kəsməmiş, dayandırmamış, əksinə, daha da intensivləşdirmiş, gücləndirmişdir, öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışmışdır. Bunları görməmək, qiymətləndirməmək olmaz. Şəxsən bir millət vəkili olaraq, mən bu Komitənin fəaliyyətindən razıyam, onun işini təqdir edirəm, müsbət qiymətləndirirəm və inanıram ki, qarşıdakı dönəmlərdə də bu qurum Azərbaycan naminə öz fəaliyyətini daha uğurlu şəkildə davam etdirəcək, ölkəmizin inkişafına, tərəqqisinə öz töhfələrini verəcək. Onlara çətin və məsuliyyəyli işlərində bir daha uğurlar arzulayıram.”

 

Milli Məclisin deputatı Naqif Həmzəyev Diasporla iş üzrə Dövlət Komitəsinin fasiləsiz fəaliyyət göstərdiyini vurğulayaraq qeyd edib ki,:

“Hər bir vətəndaşının qayğısına qalan Azərbaycan dövləti dünyanın üzərinə qara bulud kimi çökən pandemiya dövründə Vətəndən uzaqlarda qaşayan soydaşlarımızı da unutmadı. Bu ərəfələrdə Diasporla iş üzrə Dövlət Komitəsi fasiləsiz fəaliyyət göstərdi, qəriblikdə yaşayan azərbaycanlıların harayına çatmağa çalışdı. COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılmış operativ qərargahın xaricdə yaşayan soydaşlarımıza dəstəyi, onların ölkəmizə dönmələrinin təmin edilməsi, hətta xaricdə yaşayan aztəminatlı ailələrə və tələbələrə yardım edilməsi xaricdə yaşayan azərbaycanlıları bir daha qürurlandırdı, özgüvənlərini artırdı. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklər, diaspor təşkilatları da öz növbələrində həmin ölkələrdə yaşayan soydaşlarımıza, təhsil alan gənclərimizə, tələbələrimizə dəstək oldular. Dünyanın hər yerindən, eyni zamanda uzaq Hindistandan 17 nəfərin təxliyyə edilməsi çarter reysləri ilə qonşu Gürcüstana, sonra isə ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin koronavirus bəlası ilə mübarizədə bütün gücü ilə hər bir vətəndaşını qorumağa çalışdığının nümunəsidir. Qlobal səviyyədə ciddi problemə çevrilən koronavirus pandemiyası dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın Azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərə sadiqliyinin, birliyinin, həmrəyliyinin daha bir nümayişi oldu.

 

Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, millət vəkillərimizin də xaricdəki diaspor fəaliyətimizin güclənməsində böyük rolu ola bilər :

Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan hökümətinin atdığı addımlar və bu məsələyə bilavasitə məsuliyyət daşıyan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyətini müsbət yönümlü qiymətlədirirəm. Təyyarə reyslərinin ləğv olunması ilə əlaqədər olaraq xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin həlli, onların gündəlik yaşayış tələbatlarının ödənilməsi, ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığının effektiv olması, eyni zamanda, diaspor təşkilatlarının bütün bu prosesdə birgə fəaliyyəti, komitənin bu qrumlar arasındakı koordinasiyanı yüksək səviyyədə təşkil etməsi təqdirəlayiqdir. Düşünürəm ki, bu istiqamətdə millət vəkilləri də Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olamalıdır. Bildiyiniz kimi, millət vəkillərinin hər biri beynəlxalq parlament təşkilatlarında, müəyyən dostluq qruplarında ya rəhbər, ya da üzv olaraq fəaliyyət göstərməkdədir. Millət vəkillərimizin də bizim xaricdəki diaspor fəaliyətimizin güclənməsi istiqamətində böyük rolu ola bilər. Bütün bunlar ölkəmizin xarici siyasətinə böyük töhfə vermiş olar. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirir və arzu edirəm ki, bu prosesdə daim aktiv olsunlar.”

İnterpress.az