“Facebook”, “WhatsApp” və “Instagram”da 6 saatlıq fasilə: Məşhurlarımız reklam gəlirindən nə qədər pul itirdi?backend

“Facebook”, “WhatsApp” və “Instagram”da 6 saatlıq fasilə: Məşhurlarımız reklam gəlirindən nə qədər pul itirdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün “Facebook”, “WhatsApp” və “Instagram”ın işində yaranan 6 saatlıq problem – sosial şəbəkələrin çökməsi Mark Zukerberqə təxminən 7 milyard dollar ziyana salıb. Onun şirkətinə məxsus səhmlər isə 5 faiz dəyər itirib. Maddi ziyan məşhurlardan da yan keçməyib. Dünyanın müxtəlif yerlərində müğənnilər, aktyorlar yeganə qazanclarının şəbəkədəki reklam olduğunu əsla gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, xüsusən, “İnstagram” səhifələrində paylaşımlar edib pul qazanırlar. Ən əsası məşhurlar bunu etiraf etməkdən isə çəkinmirlər. 

Bəs, görəsən, “İnstagram” reklamlarından gəlir əldə edən yerli məşhurlar dünənki şokdan necə təsirləniblər? Onların cibləri neçə manatdan məhrum olub? İtki min, yaxud milyon manatla ölçülür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan stilist Samiraldo (Samir Əliyev) 6 saatlıq fasilənin onun gəlirinə təsir etmədiyini deyib:

“Dünən sosial şəbəkələrin çökməyindən mənim də hamı kimi xəbərim oldu. Sadəcə yalnız məkanların açılışı olan zaman bunu “İnstagram”da paylaşıb, reklam edirəm deyə elə də böyük problem yaşamadım. Çünki sosial şəbəkələrdə problem axşam yarandı və bundan zərər çəkmədim. Kimlər ki bizneslərini qurub, sosial şəbəkələr vasitəsilə gəlirlər əldə edir, onlar üçün 6 saat böyük zərbədir. Bunun bizim ölkəyə aidiyyatı yoxdur, amma dünyada fenomen olan blogerlər var ki, onlar xeyli pul itirdilər. Çünki təkcə “İnstagram”dakı hekayətə qoyduqları reklamdan azı 10-15 min dollar qazanırlar. Bu baxımdan deyə bilmərəm ki, Azərbaycanda kimsə “İnstagram”, “Facebook”dan biznes üçün istifadə edə bilir, əksinə, belə deyil. Yəni o qədər də çox pul qazanmaq olmur”.

Səhifəsində tez-tez reklam postları yerləşdirən müğənni Afət Fərmanqızı fasilədən zərər çəkmədiyini bildirib. İfaçı Azərbaycanda sosial şəbəkələrin ləğv olunmasının tərəfdarı olduğunu deyib:

“5-6 saatlıq fasilə işlərimə elə də təsir etmədi. Nəyi isə reklam edəcəyəmsə, bunu qarşı tərəfin dediyi vaxtda yox, özümə uyğun olan vaxtda paylaşıram. Mən paylaşma üçün ən uğurlu vaxtı seçib sonra paylaşım edirəm, ard-arda reklam düzmürəm, yaxud reklam qoyan kimi ardınca öz mahnımı paylaşmıram. Reklamın da gərək haqqını verəsən ki, sabah reklam sifarişçisi başqa yerdə səni tərifləsin ki, “Afət Fərmanqızı məni reklam etdi və gəlir əldə elədim”.

Yaranan problemdən zərər görmədim, onsuz da toy günləri deyil, məhərrəmliyin son günləridir və paylaşımlarımıza bu fasilə zərər vermədi. Düzdür, öyrəşmişdik ki, tez-tez sosial şəbəkələrə baxaq, xəbərləri oxuyaq, ona görə çökmə müvəqqəti darıxma yaratdı, bu da problem deyil. Əslinə qalsa, istəyərəm ki, sosial şəbəkələr Azərbaycanda ləğv olunsun. Bu mənim şəxsi fikrimdir. 15-20 il əvvəl nə gözəl idi, insanlarda aqressiya da az idi. Bizlər müğənniyik, öz təcrübəmdən deyirəm, bəzən reklam qarşılığında kimsə evimə nəsə göndərir, mən də onu paylaşıram. Bəziləri, kimdə yoxdursa, başlayırlar şərhlərdə söyüş yazmağa. Maşını olmayan maşını olanı, evi olmayan evi olanı söyür. Küçə söyüşləri ilə təhqirlər yağdırmağa başlayırlar, elə ona də sosial şəbəkələr hamı üçün ləğv olunsa yaxşıdır”.

Bir müddət əvvəl efirdə reklam qiymətinin 500-1000 manat arası dəyişdiyini deyən rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkələrin çökməsini fürsət bilərək istirahət edib:

“6 saatlıq fasilə ciddi mənfi təsir göstərmədi, əksinə, qulağım dinc oldu, sakitləşdim. Düzdür, işimiz sosial şəbəkələrdən keçir, amma nə qədər keçsə də, vaxtımızın çox hissəsini ora sərf edirik. Bu baxımdan fasilənin olması yaxşı oldu ki, dincəldik”.