Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş Ümumxalq Hüzn Günündən 34 il ötür.
İnterpress.az xəbər verir ki, Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş görüşlər keçirilib, daha sonra istiqlaliyyət uğrunda canlarını qurban verənlərin məzarları ziyarət olunub.
Yanvarın 19-da ADA Universitetində əcnəbi və yerli gənclərin iştirakı ilə “20 Yanvar Beynəlxalq İctimaiyyətin Gözü ilə” mövzusunda dəyirmi-masa keçirilib.
Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşün rəsmi hissəsində NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqini səsləndirdikdən sonra moderatorluğunu NAYORA-nın sədr müavini Güldanə Dadaşovanın etdiyi “20 Yanvar Beynəlxalq İctimaiyyətin Gözü ilə” mövzusunda diskussiya başlayıb. ELSA Azərbaycanın Prezidenti Nərminə Hüseynzadə, AEGEE Bakının Prezidenti Kamilla Məmmədova çıxış edərək 20 Yanvar faciəsinin həqiqətlərini xarici ölkə gənclərinin, həmçinin üzv təşkilatların nümayəndələrinin diqqətinə çatdırıb və onların məlumatlandırılmasını, eyni zamanda faciənin beynəlxalq hüquq və normalar müstəvisində qiymətləndirilməsindən bəhs ediblər. Spikerlər 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, bu hadisənin unudulmadığı və xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər. Tədbirdə əcnəbi gənclərin təmsil etdikləri ölkələrdə oxşar azadlıq hərəkatları barədə müzakirələr baş tutub.
Həyata keçirilən ardıcıl tədbirlər zamanı həmçinin, Azərbaycan Dillər Universitetində “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə NAYORA-nın Baş katibi Ramin Həbibzadə açılış nitqi səsləndirdikdən sonra Milli Məclisin deputatı Vüqar İskəndərov, 20 Yanvar şahidləri Rövşən Abbasov və Valeh Hüseynov çıxış ediblər. Natiqlər 1990-cı ilin qanlı yanvarında erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı gecədən bəhs edib, bu faciənin bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğunu vurğulayıblar. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan görüş əsnasında 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi qeyd olunub. Görüşdə iştirak edən gənclər tərəfindən faciənin dövlət səviyyəsində anılması, həmçinin, gənc nəslin vətənpərvər ruhda yetişməsinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi olduğu bildirilib.
Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində, 20 Yanvar tarixində NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğaldan azad edən gənclər artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə şəhidlərimizin əziz xatirəsini uca tuturlar. Artıq bütün şəhidlərimizin ruhları dincdir, müstəqilliyimiz möhkəm, Vətənimiz bütövdür.
Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidləri hörmətlə anırıq!