Bu adamın braziliyalı Rodriqo Fereyranı nokauta saldığı döyüş dünyada çox məşhurlaşıb. Söhbət Latviyada yaşayan azərbaycanlı kikboksçu Zaur Cavadovdan gedir.
İnterpress.az Z.Cavadovla müsahibəni təqdim edirik:
– Bir azərbaycanlı olaraq Latviyaya gəlişinizin xüsusi tarixçəsi varmı?
– Atam Şamaxıdan, anam isə Hacıqabuldandır. Vaxtı ilə rəhmətlik atam anamı əsgər yoldaşının qohumunun toyunda görüb. Ondan sonra bir-birlərini sevməyə başlayıblar. Ancaq babam qızını verməyə razı olmayıb. Belə olub ki, atam anamı qaçırıb və Latviyaya gətirib. Çünki Latviyada atamın dostları vardı və onlar ona iş tapacaqlarına dair söz veriblər.
Ona görə də mən və bacım Latviyada doğulmuşuq. Mən 1986-cı ildə anadan olmuşam. Əvvəl Riqadan 50 km aralıda olan Vanqaji şəhərində yaşamışıq. Daha sonra Riqaya köçmüşük. Atam yeddi il əvvəl xərçəng xəstəliyindən rəhmətə gedib. Onu doğulduğu Şamaxının Ərəbqədim kəndində dəfn etdik. Hazırda anamla mən Riqada, bacım isə əri ilə Estoniyanın paytaxtı Tallində yaşayır.
– Azərbaycanla gediş-gəlişiniz qalırmı?
– Əlbəttə. Bütün qohumlarımız oradadır. Bibilərim, əmilərim, Hacıqabulda nənəm, dayılarım, xalalarım yaşayır. Hər il atamın və iki il əvvəl rəhmətə getmiş babamın qəbrinə ziyarətə gedirik. Sadəcə, hazırda pandemiyaya görə gedə bilmirik. Qismət olsa, yayda getməyi planlaşdırırıq.
– İdmana gəlişiniz necə olub?
– Anamın döyüş filmlərindən, karatedən çox xoşu gəlirdi. Ona görə də dörd yaşım olanda məni karateyə yazdırmışdı. Orada yarışlara gedib çoxlu medal qazanmışam. 16 yaşım olanda bu idmana marağım itdi. Ondan sonra başladım muay-tayla (kikboksinqə oxşayan Tailand boksu) məşğul olmağa. Artıq 18 yaşımda mənə peşəkar döyüş təklifi gəldi. Bundan sonra peşəkar kikboksinqdə döyüşürəm.
– WAKO üzrə kikboksinqin həvəskar yarışlarında Latviya millisi ilə iştirak etmisiniz?
– Litva, Polşa açıq, Baltik və Latviya çempionatında qalib olmuşam. WKA üzrə kikboksinqdə qalibəm. Bunlar həvəskar kikboksinqdəki qələbələrimdir. Latviya kikboksinqdə elə də güclü ölkə deyil. Mən daha çox peşəkar kikboksinqdə gücümü sınamışam.
– Hazırda peşəkar yarışlara Latviya təmsilçisi kimi çıxırsınız. Azərbaycandan sizə bizim adımızdan çıxış etmək təklifi gəlibmi?
– Yox, konkret belə təklif olmayıb. Bəlkə də kimsə bu haqda şifahi şəkildə desin. Amma rəsmi, konkret belə bir təklif almamışam.
– Azərbaycanlı kikboksçulardan kiminlə əlaqəniz var?
– Belarusda yaşayan azərbaycanlı Çingiz Əlləzovla yaxınam. Zabit Səmədovla bir təlim-məşq toplanışında olmuşam. İki il əvvəl Azərbaycana gələndə Pərviz Abdullayevlə də tanışlığımız yaranıb, birgə məşq keçmişik, indi də onunla ünsiyyətdəyik. Ukraynanı təmsil edən Alim Nəbiyevlə isə Tailandda tanış olmuşuq. Xəyal Caniyevlə də tanışlığım var. Qırğızıstanı təmsil edən, UFC döyüşçüsü Rafael Fiziyevlə də əla münasibətim var. Daha sonra MMA idmançılarından Şəhriyar Abbasovun komandası ilə – Nəriman Abbasovla da tanışlığım var. Sonuncu dəfə onlarla Tailandda birgə maraqlı gecə keçirdik. Bütün bu idmançılarla tez-tez yazışıb, bir-birimizə dəstək oluruq.
– Peşəkar kikboksinqdə hansı titullarınız var?
– Peşəkarlarda da həm kikboksinqdə, həm də muay tayda Latviya çempionuyam. 2009-cu ildə Hamburqda almaniyalı Rene Klazeni məğlub edib Avropa çempionu olmuşam. 2016-cı ildə braziliyalı Rodriqo Fereyranı Riqada KOK təşkilatının Qran Prisində məğlub edib çempionluq kəməri qazanmışam. Bir il sonra KOK-un əvvəlki çempionu olmuş, moldovalı Sergey Morariyə nokautla qalib gəlib dünya çempionu olmuşam. 2019-cu ildə WKN (və ya LNK) təşkilatının Avropa və 2020-ci ildə “International” versiyaları üzrə çempionluq kəmərlərim də var. Hər ikisində sloveniyalı kikboksçuları – müvafiq olaraq Yozef Kolodzeyi və Sebastian Fapşonu məğlub etmişəm.
– Sizin 2016-cı ildə Rodriqo Fereyraya qalib gəldiyiniz döyüş yaman məşhurlaşıb. Hətta üstündən beş il keçsə də, bunu paylaşırlar. Bu nə ilə bağlıdır?
– Çünki bu il Həbib Nurməhəmmədov bu döyüşü “Facebook”da paylaşıb. Ona görə də daha çox diqqət çəkdi və hamı paylaşır. Həmin döyüş mənim üçün yaxşı alınmışdı. Rəqibi qəşəng nokauta salmışdım. Həmin döyüş 5 milyondan çox insan tərəfindən izlənilib.
– Kikboksinqdə ən məşhur peşəkar təşkilatlardan biri mərkəzi qərargahı Sinqapurda olan “Glory” sayılır. Nə əcəb orada çıxış etmək istəmirsiniz?
– Çox idmançılar indi “Glory”dən çıxır. Çünki orada şərtlər o qədər də yaxşı deyil. Mən də iki il KOK-da döyüşdükdən sonra indi Latviyanın LNK təşkilatının turnirlərində döyüşürəm. Artıq oranın Avropa və İnternasional kəmərlərini qazanmışam. Sonuncu döyüşüm ötən ilin avqustun 29-da olub. Pandemiyaya görə hələ döyüşə çıxa bilmirəm. Amma yayda WKN-in dünya kəməri üçün döyüşməliyəm. Bir də Sinqapurun “ONE Championship” təşkilatında döyüşmək istəyirəm. Orda azərbaycanlılardan Belarusu təmsil edən Çingiz Əlləzov döyüşür.
– Azərbaycanda pandemiyaya görə qapalı idman zalları bağlıdır. Bu baxımdan Latviyada vəziyyət necədir?
– Yayda hər yer açılmışdı. Ona görə qapalı zalda məşq edə bilirdim. Amma sonra ikinci dalğa başladı və hər yer qapadıldı. Bizdə hazırda idman zalları, kafe və restoranlar bağlıdır. Nə vaxt açılacağı bilinmir. Amma açıq havada məşq etməklə kifayətlənirəm.
İnterpress.az