Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapı bir həftəyə yekunlaşacaq.
İnterpress.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mətbəədə iş normal şəkildə başlayıb: “Hesab edirəm ki, proses bir həftəyə başa çatacaq. Paylanma işləri isə çap prosesinin bitməsini gözləmir. Kifayət qədər bülletenlər hazır olanda ilk növbədə Naxçıvan Muxtar Respublikası və sonra ucqar kəndlərdə yerləşən dairələrin nümayəndə heyəti gələrək rəsmi şəkildə təhvil alırlar və yerlərə çatdıracaqlar”.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.