1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan SS Nemesis kömür gəmisi 120 ildən sonra Avstraliya sahillərində tapılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, gəminin qalıqları onun itmiş yükünü axtaran şirkət tərəfindən təsadüfən okeanın dibində tapılıb.
SS Nemesis və onun 32 nəfərlik heyəti 9 iyul 1904-cü ildə Nyukasldan (Birləşmiş Krallıq) kömürlə yüklənərək yola düşüb.
73 metr uzunluğundakı gəminin təyinat yeri Melburn idi, lakin SS Nemesis səyahət zamanı itib. Gəmi sonuncu dəfə Sidneyin cənubundakı Vollonqonq şəhərinin sahillərində dalğalarla mübarizə apararkən görülüb.
Sonrakı həftələrdə gəmidə olan Avstraliya, Britaniya və Kanadalı ekipaj üzvlərinin bəzilərinin cəsədləri batan gəminin parçaları ilə birlikdə sahilə çıxıb.