Sərxoş kişi fövqaladə xidmətlərin işini izləmək üçün altı avtomobili yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva vilayətinin Korolyov şəhərində 33 yaşlı kişi təcili xidmətlərin necə işlədiyini görmək məqsədilə altı avtomobilin yanmasına səbəb olub.
Məlumata görə, sərxoş vəziyyətdə olan şəxs qapısı açıq olan avtomobillərdən birini görərək alışqanla arxa oturacağı yandırıb.
Yanğın daha sonra yaxınlıqda dayanan digər avtomobillərə keçib. Nəticədə üç avtomobil tamamilə yanıb, daha üç nəqliyyat vasitəsinə isə zərər dəyib.
Polis şübhəlini hadisə yerində saxlayıb. Kişinin yanğının baş verdiyi ərazidə qalaraq nəticələri izlədiyi bildirilir.
Saxlanılan şəxs törətdiyi əməli təcili xidmətlərin işini müşahidə etmək üçün etdiyini etiraf edib.
Məhkəmə qərarı ilə yanğın törətməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






