Şimali Koreyanın da bəzi digər ölkələrin ardınca Seneqal və Qvineyadakı səfirliklərini bağladığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Şimali Koreyanın son aylarda bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verib.
Qurum rəsmisi 1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr quran Şimali Koreyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərini bağladığını və diplomatik nümayəndəliklərin sayının 53-dən 46-ya endiyini qeyd edib. Rəsmi bu addımda ən böyük amilin “ölkəyə qarşı qlobal sanksiyalardan doğan iqtisadi çətinliklər” olduğuna diqqət çəkib.
Şimali Koreya son aylarda Anqola, Uqanda, Banqladeş, Nepal və İspaniyadakı səfirliklərini bağlayıb.
Pxenyan administrasiyası keçən ay “dəyişən qlobal mühitə və milli xarici siyasətə uyğun olaraq” yeni diplomatik missiyaları açıb bağladığını açıqlayıb.