Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müssabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin icrasına başlanılır.
İnterpress.az xəbər verir ki, layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi tərəfindən icra olunur.
İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.
Layihə çərçivəsində Bakı şəhər Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 №-li məktəblərindən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edə biləcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradacaq.
Dərnək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları qeyd olunan məktəblərin digər şagirdlər üçün nümayiş olunacaq, növbəti mərhələdə tamaşanı izləyən şəgirdlər ilə tamaşa əsərlərinin müzakirəsi təşkil olunacaq.
Məlumat üçün qeyd edək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi üçün layihənin facebook və instagram sosial platformaları üzərində səhifəsi yaradılmışdır.