Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ölkəmizdə səfərdə olan İraq parlamentinin deputatı, İraq Türkman Cəbhəsinin sabiq sədri, İraq Türkmanlarının lideri Ərşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İnterpress.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələr və gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda qardaş türkman xalqı ilə mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi məsələsi müzakirə olunub.
ATEV sədri bildirib ki, ağır şərtlər altında qardaş Türkman xalqına xidmət göstərmək damarlarında türk qanı axan hər bir şəxs üçün qürurvericidir.
T.Rüstəmxanlı Ərşad Salihinin siyasətçi olmaqla yanaşı türkmənlərin əfsanəvi komandanı olduğunu xatırladıb.
Qeyd edib ki, Ə.Salihi uzun illərdir İraq parlamentinə sözdə erməni soyqırımını gətirmək istəyən xristian millət vəkillərinə xəbərdarlıq edən və bu məsələnin parlamentin gündəminə gəlməməsinin qarşısını alan bir soydaşımızdır.
O, ATEV və ATQB olaraq hər zaman olduğu kimi bundan sonra da qardaş türkmən xalqı ilə birgə işlərin həyata keçiriləcəyini vurğulayıb.
Ərşad Salihi İraq türkmənlərı ilə bağlı Azərbaycanda ilk dəfə 2019-cu ildə Tənzilə Rüstəmxanlının təşkilatçılığı ilə keçirilən “Kərkükdən Qarabağa” beynəlxalq simpoziumunu xatırlayaraq bir daha öz təşəkkürünü bildirib.
O bildirib ki, Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirmək əsas məqsədlərdən biridir. Ə.Salihi deyib ki, Azərbaycan və türkmən eli arasında əlaqələrin yeni mərhələsi başlayır: “Bizim könüllərimiz həmişə bir yerdə olub. Xəyallarımız həqiqətə çevrilir. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”.