“Terrorçunu məhv etməliydik, Ermənistanda komfort içində yaşamağa göndərməməliydik“ – Deputatbackend

“Terrorçunu məhv etməliydik, Ermənistanda komfort içində yaşamağa göndərməməliydik“ – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın Yenisabah.az-a müsahibəsi:

– Ermənistanda müdafiə nazirinin istefaya göndərilməsini necə qiymətləndirirsiniz? Ötən gün Kəlbəcərdə baş verən hadisələrlə bunun əlaqəsi varmı?

– Bunu daxili situasiya ilə qiymətləndirmək lazımdır. Ermənistandakı daxili sitausiyadan bilgimiz yoxdur. Ermənistan daxilində hansı komandalar arasında problemlər, hansı məsələlərdə fikir ayrılığı var, bunu bilmədən hansısa bir fikir söyləmək məsuliyyətsizlik olar.

Xarici amilin Arşak Karapetyanın istefaya göndərilməsində nə dərəcə təsir göstərməsinə gəldikdə isə, bu, azca ehtimal olunur. Ola bilsin ki, Paşinyan öz komandasında, xüsusən də Rusiya ilə münasibətlərdə hansısa uyğun və yaxud da daha yaxın davranış sezildiyinə görə bu addımı atıb. Mən ehtimalı daha çox buna yönəldirəm.

Müdafiə naziri həm də ölkədə çevrilişi gerçəkləşdirə biləcək imkana sahib bir şəxsdir, çünki əlində ordu var. Ermənistanda da ordunun müəyyən dərəcədə hökumətə təsiri təhlükə yarada bilər. Ola bilsin ki, bu faktor daha çox həlledici rol oynayıb, amma komanda daxilində olan şəxsi münasibətlərin nə səviyyədə olduğunu bilmədiyimizə görə bu istina da ola bilər, amma mən daha çox buna üstünlük verirəm.

Ola bilsin ki, Karapetyan Rusiya Xüsusi Xidmət Orqanları ilə hansısa bir yaxınlaşma və yaxud da onların müəyyən dərəcədə maraqlarına uyğun olmayan bir davranışla Paşinyan hökumətinin taleyini müəyyən dərəcədə təhlükə altına qoyub.

Bütövlükdə isə bu, ciddi bir hadisədir, çünki qısa bir müddətdə müdafiə nazirinin dəyişməsi ənənəvi hal deyil. Başqa nazirlər: təhsil, ekologiya və s. humanitar sahələrdəki dəyişmə, bir o qədər də təlatüm yaratmaz, amma müdafiə nazirinin dəyişməsi ciddi bir məsələdir. Yəni Qarabağla bağlı müəyyən proseslərdə hansısa bir dəyişiklik etmə  niyyəti də istisna deyil. Ya aqresiya, ya da ümumiyyətlə, yumşalma xətti ola bilər.

Ona görə də, yeni təyin olunan nazirin siyasi keçmişini incələməliyik. Onun hansı davranışlara, hansı tezislərə üstünlük verdiyini araşdırmalıyıq.

– Ermənistandakı hazırki mühiti necə qiymətləndirməliyik? Son hadisələr fonunda qonşu dövlətdə baş verənləri necə şərh edirsiniz?

– Əslində, bununla bağlı xüsusi institutlar, təhqiqat mərkəzi çalışmalıdır. Ermənistanı tədqiq edən mərkəzlərimiz olmalıdır. Kim kimin yerinə gələ bilər, gələn adamın xarakteri nədir, hansı xəttə daha çox bağlıdır və s. Bunlar hamısı bilinməlidir. Təəssüf ki, Azərbaycanda bununla məşğul olan ciddi qurumlar yoxdur və bu strateji mərkəzlər məsələsində Ermənistanın özündən çox geri qalırıq. Ermənistanın xaricdə belə bu kimi ciddi qurumları var və onların sayəsində Azərbaycanı təhlil edirlər. Təəssüf ki, Azərbaycanda təhlil məsələsində xeyli natamamlıqlar var. Ona görə də, bunu dirçəltməliyik. İstər İran, istər Ermənistan, istər Gürcüstan, istərsə də Rusiya ən azı qonşu ölkələrlə bağlı geniş informasiyamız elmi təhlillərlə olmalıdır ki, bundan dövlətin müəyyən qurumları bilgiləndirilsin. Həm də siyasi partiyaları, siyasət institutlarını, Milli Məclisi bununla bağlı “qidalandırmaq” mümkün olsun ki, təhlillərimizdə, proqnozlarımızda, fikirlərimizdə səhvə yol verməyək.

Mənim söylədiklərim siyasi təcrübəmə dayanan subyektiv mülahizələrdir, amma bu, yetərli olmaya bilər. Ola bilsin ki, hansısa faktı mən dərindən bilmirəm və ona görə də, bu yönləndirmə xarakterli bir səhvə də apara bilər. Bunları nəzərə almaq lazımdır.

– Siz qeyd etmişdiniz ki, antiterror əməliyyatları dərhal başlamalıdır. Bu baş verərsə, proseslərin sonrakı gedişatında nələr ola bilər.

– O təxribatda 3 hərbçimizin yaralanması çox ciddi bir faktdır. Fikrimcə, burada buraxdığımız bir boşluq oldu. Dərhal o şəxsin gəldiyi maşın və terrorçunun özü qumbaraatanla məhv edilməliydi. Onun getməyinə imkan verilməməliydi. Yəni imkan verilməməliydi ki, rus hərbçiləri o terrorçunu təhvil alsın və Ermənistana göndərsin. Bu, işimizə yarıyan bir hal deyil. Terrorçunu biz məhv etməliydik, terrorçunu Ermənistanda komfort içində yaşamağa göndərməməliydik. Ona görə də, belə bir hadisə olanda, əks tərəfin məhv edilməsi barədə əmr verilməlidir və onun üzərinə silahlar tuşlanmalıdır. Hətta güllə atan erməni yox, rus sülhməramlıların arasında olsa belə, Azərbaycan tərəfi onu məhv etməlidir.

İmkan vermək olmaz ki, erməni üçün ənənəyə çevrilsin. Çünki orada terrorçu çoxdur. Bizim üçün min erməni ölüsü bir yaralı Azərbaycan əsgərinə dəyməz. Bizim üçün bir yaralı əsgərimiz də dəyərlidir. Hər halda terrorçunu belə boşuna buraxmaq olmaz və dərhal məhv edilməlidir ki, digərlərinə də bu dərs olsun.

– Danışıqlar prosesi bundan sonra necə həyata keçirilə bilər və əgər sülh sazişi imzalansa, gələcəkdə belə halların olması yenidən istisna edilirmi?

– Sülh – böyük bir prosesdir və bunun üçün də belə təxribatlar gözləniləndir. Bölgədə erməni terrrorçuları qalıb və bu məsələ daha çox Rusiya sülhməramlılarına aiddir. Onlar bu məsələ də Azərbaycanı sakitləşdirirlər ki, vəziyyətə nəzarət edirik. Amma artıq Azərbaycanın əlində əsaslar var ki, vəziyyətə nəzarət edə bilmirsiniz və özümüz nəzarət etməliyik.

Gördüyünüz kimi, Kəlbəcərdə də buna bənzər hadisələr yaşandı. Sanki 27 sentyabra dönüş başlayır. Elə Ermənistanda müdafiə nazirinin dəyişməsi məhz Kəlbəcər hadisələri ilə də bağlı ola bilər. Onlar təxribata getdilər və sonda Azərbaycan postları götürdü. Bu təxribat bəlkə də Paşinyanın işinə yaradı.

Mən deyəndə ki 1 Azərbaycan əsgərinə qarşılıq 10-20 erməni əsgəri öldürülməlidir, bir qrup xaricə oturanlarımız məni tənqid etdi ki, gör millət vəkili nə deyir. Millət vəkili bilir nə deyir. Məsələ Vətən, torpaq məsələsidir və bu məsələdə hər hansısa bir şəkildə tərəddüdümüz olmamalıdır ki, kim bəyənəcək, kim yox. Bunları bir kənara qoyub, onlara cavabı vaxtında verməliyik.