Türkiyədə 2023-cü ildə zəlzələlərin vurduğu ziyan açıqlanıb.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı deyib.
“Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ iqtisadiyyata 104 milyard dollar dəyərində ziyan vurub”, – Ərdoğan bildirib.
O, təkcə evlərin yox, həm də istehsal müəssisələrinin dağıldığını, ölkənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna ziyan dəydiyini vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fərqlə baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.