Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk və Böyük Türk Qurultayı üçün Çağırış Komitəsinin rəhbəri İbrahim Xəlil Balayoğulları Türkiyədə fəaliyyət göstərən İqdır Fondunda görüş keçiriblər. Bu barədə Ufuk Kamal Ufuk məlumat verib.
Onun sözlərinə görə, fondun Almaniya və Avropanın müxtəlif bölgələrində fəaliyyətinin genişləndirilməsi müzakirə edilib. Bundan başqa milli məsələlər, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın Qarabağ zəfəri barədə söhbət açılıb. Bu zəfərin bütün türk dünyasının qələbəsi olduğu önə çəkilib və bundan sonra ölkələrimizin inkişafını heç bir qüvvənin əngəlləyə bilməyəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İqdır Fondu Türkiyədə İqdır bölgəsinin, Türkiyənin xaricində isə başda Azərbaycan olmaqla Türk Dünyasının təhsil, mədəniyyət və iqtisadi sahələrinə dəstək verməyi əsas məqsəd olaraq görür. Bu qurum iqdırlılar tərəfindən təşkil edilən ilk fonddur.
Fondun rəhbərliyini hazırda Ədalət Naziriliyində dairə başqanı, hakim Özgür İnan Zor həyata keçirir. Fond xüsusilə Azərbaycan-Türk mədəniyyətinin tanıdılması, qorunması və genişləndirilməsi üçün fəaliyyət göstərməkdədir. İqdır Fondu bir ildən az bir müddətdə 150 azərbaycanlı və türkiyəli üniversitet tələbəsinə təhsil təqaüdü təsis edib.
Bundan başqa fond nəzdində Azərbaycan tarı və Azərbaycan milli sazı təhsili verilir. Azərbaycanlı tələbələrə maddi və mənəvi olaraq dəstək göstərilir.
Digər tərəfdən Qarabağ savaşında şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq üçün İqdır bölgəsində bir meşə salınacaq. Meşə ərazisinə 2783 ting əkiləcək. Buraya “İqdır Vəqfi Qarabağ Şəhidləri Ormanı” adı veriləcək. Mart ayı ərzində bu fəaliyyət gerçəkləşdiriləcək.
Vəqfin loqosu üç rəngli Bayrağımızdan ilham alınaraq hazırlanıb. İqdır Fondunun hədəfi Azərbaycan türklərinin təhsil, həmrəylik və mədəniyyət ocağı olmaqdır.
İnterpress.az