Uşaqları digər bacı-qardaşı, həmçinin başqa uşaqlarla müqayisə etdikdə bu, onda travmatik izlər buraxaraq özünəinamı məhv edir.
İnterpress.az yazıçı və jurnalist Jennifer Breheninin mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Müqayisə etmək “yalançı mənliyin” formalaşmasına səbəb olur. Valideynlər uşaqlarında özünəinam problemini yaradan bu səhvi tez-tez edirlər. Təhsil Məktəbinin tədqiqatçılarının köməyi ilə 2020-ci ildə belə bir yanaşma ilə valideyn sorğusu keçirilib. Sorğunun nəticəsinə uyğun olaraq yazıçı “Əsla yetərli deyil: Nəyəsə nail olmaq üçün edilən təzyiq hər zaman səhv olur və bununla bağlı nə edə bilərik?” adlı kitab yazmışdı. O, son məqaləsində mövzuya toxunaraq uşaqların özünəinam məsələsini və valideynin buradakı səhvləri ilə bağlı məlumatları ətraflı təqdim edib. Yazıçı bildirir ki, uşaq tərbiyəsi zamanı edilən ən böyük səhvlərdən biri müqayisədir. Valideynlərin qəbul etdiyi tənqidi münasibət uşaqlarda “yalançı mənliyi” formalaşdırır. Valideyn tənqid edərkən müqayisəyə əl atır (məsələn, “Niyə bacın kimi deyilsən?”) və nəticədə uşaq özünü bu cür düşünməyə başlayır. Bu ağrılı hissin öhdəsindən gəlmək üçün uşaqlar valideynlərinin istədiyi və ya ehtiyac duyduğu insan olmaq üçün əslində kim olduqlarını gizlətməyi öyrənirlər. Bu, uşaqlarda psixoloqların “yalançı mənlik” adlandırdıqları süni şəxsiyyətin formalaşmasına səbəb olur. Demək olar ki, həmin süni şəxsiyyət uşağın yaşaması üçün ehtiyac duyduğu sevgi və dəstəyi almaqdan ötrü həyata keçirdiyi strategiyadır. Nəticədə bu, uşaqların özünə inamını və özünə hörmətini itirməsi ilə nəticələnə bilər. Ən güclü və ən dözümlü uşaqları böyüdən valideynlər onlara səhv etmək və uğursuzluqdan qorxmamaq üçün şərait yaradırlar. Zamanla saxta mənlik onları yanlış dostlar, tərəfdaşlar və ya karyera seçməyə vadar edə bilər, çünki onlar əslində başqasının həyatını yaşayırlar.
Bəs bu mövzuda uğurlu valideynlər nəyi fərqli edir? Müəllifin fikrincə, yaxşı valideynlər övladlarına “səni sevirəm, amma etdiyin bu hərəkəti bəyənmirəm” deməyi bacarmalıdır. Bu ikisini aydın şəkildə ayıra bildikdə, uşaq öz dəyərini “yaxşı” və ya “pis” davranışına bağlamır. Bu, uşağın davranışı ilə bağlı gözləntilərə sahib olmaq demək deyil. Narahatlıqlarımızı ifadə edərkən diqqətli olmalıyıq. Uşaq bizim dəyərlərimizə və ya ümidlərimizə uyğun olmayan hərəkətlər etdikdə, məyusluğu ifadə etsək, belə isti münasibət göstərməliyik. Fransanın Notr-Dam Universitetində aparılan bir araşdırma, qayğıkeş bir ailədə böyüyən uşaqların yetkinlik dövründə depressiya və narahatlıq keçirmə ehtimalının daha az olduğunu ortaya qoyub.