Bunu bu gün Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç strategiyanın təqdimatı zamanı bildirib.
“Bu, Avropa Komissiyası tərəfindən yaxın 5 il ərzində enerji sektorunda görəcəyi işləri özündə tərənnüm edən bir sənəddir”, – deyə M. Şefçoviç qeyd edib.
Onun sözlərinə görə, ittifaqın yaradılması üzərində 29 Avropa komissarından 14-ü çalışacaq.
“Enerji qiymətləri – həmin meyardır ki, onun əsasında Avropa biznesi və istehlakçılar yaradılacaq ittifaqın effektivliyini qiymətləndirə biləcək. Qiymətin aşağı salınması üçün biz enerji istehsalçılarına rəqabətqabiliyyətli bazar yaratmaqla təzyiq etməyə hazırıq”, – deyə sədr müavini bildirib.
M. Şevçoviç əlavə edib ki, yaradılacaq Enerji İttifaqının qaydalarına əsasən, Avropa İttifaqına üzv olan ölkələr “xarici enerji resursları tədarükçüləri ilə müqavilə bağlamazdan öncə, Avropa Komissiyası ilə müqavilənin şərtlərini razılaşdırmalıdırlar”.
“Bu, daha çox qaz sahəsinə aid olan sazişlərə aiddir. Biz onların Avropa normativlərinə uyğun olmasına əmin olmalıyıq”, – deyə sədr müavini bildirib.
Cənub Qaz Dəhlizi layihəsindən söz açan M. Şevçoviç bildirib ki, 45 mlrd. dollara yaxın dəyəri olan bu layihə Azərbaycan, Türkiyə və iştirakçı olan digər ölkələr tərəfindən uğurla həyata keçirilir: “Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə 2019-2020-ci illərdə Avropaya ilk qaz veriləcək. Biz başqa qaz təminatçıları olan ölkələrlə də danışıqlar aparırıq. Türkmənistan, İran, İraq və bu siyahını zəngin karbohidrogen ehtiyatlarına malik başqa ölkələrlə davam etdirə bilərik. Diversifikasiya Avropa İttifaqı üçün vacib, strateji əhəmiyyət kəsb edir”.
M. Şevçoviç deyib ki, yaradılacaq Avropa Enerji İttifaqı çərçivəsində Avropa Komissiyası Avropanın elektrik şəbəkələrinin stress-testini həyata keçirəcək.
İqlim dəyişikliyi və energetika məsələləri üzrə Avropa komissarı Miguel Arias Kanyete isə bildirib ki, Rusiya Avropa İttifaqının tərəfdaşı olmaqda və böyük qaz tədarükçüsu olmaqda davam edəcək: “Eyni zamanda biz qaz təminatımızı diversifikasiya etmək istəyirik. Əgər “Cənub axını” təxirə salınarsa, biz Cənubi Qaz Dəhlizini inkişaf etdirməliyik, Azərbaycanla və gələcəkdə Türkmənistanla daha böyük qaz müqavilələri ilə bağlı danışıqlar aparmalıyıq”.
İnterpress.az