Qarabağ problemi prizmasında Azərbaycan-ŞKTC münasibətləribackend

Qarabağ problemi prizmasında Azərbaycan-ŞKTC münasibətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1992-ci ilin fevral ayının 26-sında Azərbaycan türklərinə edilən Xocalı soyqırımının ildönümündə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə Kipr və Qarabağ problemi prizmasında yanaşmaq istəyirəm. Çünki türk düşməni, manqurt bir qrup Azərbaycanın Türkiyəyə qardaşlıq duyğusundan daha çox mənfəətpərəst duyğusuyla yanaşdığını iddia etməyə başlayıb. Qardaşlıq hüququ var isə Azərbaycan niyə Şimali Kipr Türk Respublikasını tanımır deyə soruşaraq incə yerdən vurduqlarını sanırlar. Demək istədikləri əsl mətləb isə budur: “Azərbaycana qardaşlıq duyğularıyla baxmanın məntiqi yoxdur. Onlar öz dərlərinin hayındadılar. Digər ölkələrdən fərqləri yoxdur”. Bu manqurt qrupun siyasi islamçı qanaddan olduğunu deyə bilərəm. Gizlədilən məqsədləri, açıq şəkildə demədikləri şey isə Türkiyə ilə Azərbaycan toplumları arasındakı məzhəb fərqidir.

Radikal sünnilərin Türkiyədəki toplumu ayrışdırma cəhdləri artıq Azərbaycandakı soydaşlarımıza dil uzatmağa qədər gəlib çıxıb. Kürdçü siyasətçilərin nəzarətindəki Türkiyə soialistləri belə bu qardaşlığı, iki toplumu ləkəməyə çalışırlar. Ermənilərə mərhəmət çağırışı etməkdən başqa bir funksiyası olmayan kürdçü sosialistlərə nə xoş ki, bu mövzularda söz başa salmaq məcburiyyətimiz yoxdur. Cahilcə ajiataj yaratmaqdan başqa bir fəndi olmayan məzhəbçi faşistlərə dərdimizi dolayı yoldan da olsa anlatmaqdır məqsədimiz. Qarşılıqlı könül birliyimiz olan Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasında bu tərz sözlərlə ikitirəlik yaratmaq mümkün deyil. Amma fakt odur ki, Azərbaycan və Şimali Kipr Türk Respublikasını Türkiyədəki türk toplumu arasında etibarsızlaşdırma cəhdləri edənlərin varlığı ortadadır. Bu qrupun diplomatiya, beynəlxalq hüquq bilmək şansları yoxdur. Təhsilləri zəif, səviyyələri aşağıdır. Təssüf ki oxuma alışqanlığı da olmayan bu qrup öz dünyasını mənfəət üzərinə qurduqları üçün can Azərbaycanla ada vətənimiz arasındakı mənəvi bağı yox sayaraq münasibətləri pozmaq istəyirlər. Gələk bu qrupun dilindən salmadıqları Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanımaması məsələsinə. Bunun çox bəsit bir səbəbi var. O da Azərbaycanın ərazisinin 20% dən çoxunun Ermənistan tərəfindən işğal olunmasıdır. Beynəlxalq hüquqa görə Qarabağ bölgəsi də hüquqsuz bir formada, yəni de fakto olaraq başqa dövlətin hakimiyyəti altında görünür. Kipr məsələsini meydana gətirən şərtlərlə Qarabağ məsələsini meydana gətirən şərtlər və siyasi aktyorlar hər nə qədər fərqli olsa da BMT qərarlarında Qarabağ Ermənistan işğalının, Kiprdə Türkiyə işğalının müzakirə mövzusu olduğu qəbul edilmişdir. Bu şərtlər ortadaykən Türkiyə Azərbaycandan Şimali Kipr Türk Respublikasının tanınması məsələsində bir tələb etməyib. Azərbaycan Şimali Kipr Türk Respublikasını tanıyarsa Qarabağ məsələsində əleyhinə işləyəcəyini bilir. Türkiyə belə populist bir tələblə əsla Azərbaycanın qarşısına çıxmayıb. Kipr məsələsində Türkiyənin belə bir tələbinin olmadığını Azərbaycan siyasiləri və rəsmiləri də dəfələrlə dilə gətiriblər. Hətta “tanı dedilər də tanımadıqmı?” kimi sözlər deyən Azərbaycanlı siyasilər də olub. Mərhum professor İbrahim Kafesoğlu da 1983-cü ildən bəri de fakto müstəqil olmasına baxmayaraq Şimali Kipr Türk Respublikasını Azərbaycan tanımasa da Naxçıvan Muxtar Respublikası 1992-ci ildə tanımışdı.

Dövrün Ali Sovetinin sədri Heydər Əliyevin aldığı bu qərar simvolik bir tanıma olmuşdur. Bu simvolik jest belə Azərbaycanın Türkiyənin yanında olmaq arzusunu göstərmişdir. Azərbaycanın bu addımının əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsidir. Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıması işğal altındakı torpaqlarda qurulan qondarma Dağlıq Qarabağ respublikasının tanınma ehtimalını daşıyır. Qarabağ məsələsinə görə yaranacaq bu riskə rəğmən Azərbaycan dəfələrlə Şimali Kipr Türk Respublikası və adadakı türk toplumuna qarşı aparılan embarqonun aradan qalxması üçün addımlar atıb. Yaxın dövrdə baş verən bəzi misallara baxaq. Azərbaycan prezidenti İlham Əliyev 2004-cü ildə adanın ikiyə bölünmüşlüyünü sonlandırmaq üçün keçirilən Annan Planında türk tərəfi “hə”, yunan tərəfi “yox” deyərsə Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıya biləcəyini demişdi. Azərbaycanın Şimali Kipr Türk Respublikası ilə münasibətlərinin olduğunu deyən Əliyev Şimali Kipr Türk Respublikasında başda mədəniyyət ataşesi olmaqla bir çox nümayəndəliklərin olduğunu, müxtəlif beynəlxalq toplantılara Şimali Kipr Türk Respublikasından da nümayəndələrin dəvət edildiklərini, Şimali Kipr Türk Respublikasındaki milli günlərə qatıldıqlarını deyib. 2004-cü ildə Annan Planına görə keçirilən referendumda Kiprin türk hissəsi “hə”, yunan tərəfi isə “yox” demişdi. Bu nəticə Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında münasibətlərin inkişafı baxımından yeni başlanğıc olmuşdu. Azərbaycan 2005-ci ildə Şimali Kipr Türk Respublikası pasportlarını tanıyacağını bildirib. 20 iyul Sülh və Azadlıq bayramına rəsmi nümayəndələr də göndərmişdi. Buna görə Avropa Birliyinin Xarici Əlaqələr Komissiyasının nümayəndəsi Benito Ferrero Valdner Azərbaycanla münasibətlərinə yenidən baxacaqlarını demişdi. Bu təzyiqlərə baxmayaraq Azərbaycan Kipr məsələsində daha ehtiyatlı davranmağa başlamışdı. İyulun 27-sində 100 nəfərlik Azərbaycandan iş adamı heyətini gətirən təyyarə Bakıdan Şimali Kipr Türk Respublikasına gəlib. Bu ora Türkiyədən başqa bir dövlətin etdiyi ilk birbaşa uçuşdur. Azərbaycan heyəti Şimali Kipr Türk Respublikasına gəldikdən sonra keçmiş prezident Rauf Denktaş və həmin vaxt prezident olan Mehmet Əli Tələt il görüşüb. Tələt heyətə “Bu Kirp türklərinə qarşı tətbiq edilən haqqsız embarqonun bitirilməsi üçün bir addımdır” sözlərini demişdi. Heyəti gətirən “İmair” hava yollarının rəhbəri Füzuli Fəzullayev də uçuşların hər bazar günü olacağını, ancaq mütəmadi uçuşların ancaq üç aydan sonra baş tutacağını bildirmişdi. Bu baş verənlərə Cənubi Kipr Respublikasından da reaksiya gəlmişdi.

Prezident Tasos Papdopulos biraşa uçuşları protest etmək üçün İlham Əliyevə məktub göndərir. “Vaxtı gələndə biz də bəzi addımlar atarıq” deyə açıqlamalar etmişdi. Bundan başqa Beynəlxalq Mülki Aviasiya Təşkilatına Azərbaycanı şikayət edəcəyini bildirəndən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi səfərin dövlət siyasətini əks etdirmədiyini və iş adamlarının şəxsi təşəbbüsü olduğunu açıqlamağa məcbur olmuşdu. XİN-nin sözcüsü Tahir Tağızadə Bakının Kipr siyasətinin dəyişmədiyini söyləyərək “Azərbaycan azad bazar iqtisadiyyatı var. İş adamlarının fəaliyyətinə qarışmaq siyasətimiz yoxdur. Bu tip səfərlər problem yaratmamalıdır” demişdi. Tağızadə həmçinin qeyd etmişdi ki, Azərbaycanın Kipr məsləsində iki məqsədi var. “Birincisi Kipr probleminin həll olunmasına dəstək vermək, ikincisi BMT-nin vurğuladığı kimi Kipr türklərinin humanitar və iqtisadi embarqodan çıxarılmasına nail olmaqdır”. Tağızadənin sözlərinə görə mövzuyla bağlı Yunanıstanın xəbəri var və mənfi münasibət görməyiblər. Sadə bir jestə görə Azərbaycana bu qədər təzyiq ediblər.

2011-ci ildə Bakıda Türkiyədən gələn jurnalistlə görüşən İctimai Siyasi Məslələr üzrə Şöbənin müdiri Əli Həsənov Azərbaycanın niyə Şimali Kipr Türk Respublikasını tanımadığı sualına “Türkiyənin Şimali Kipri tanımamızı gözləməyə haqqı var. Biz bunu anlayırıq. Elə hesab etməyin ki Kipr bizə görə sizdən daha az önəmlidir. Sizin dövlətinizi idarə edənlər bunu yaxşı bilir ki, bu gün bir tək Azərbaycan Şimali Kipr Türk Respublikasını tanısa sabah 15 dövlət Qondarma Dağlıq Qarabağı tanıyacaq. Bunu qoyun tərəzinin gözünə Türkiyə bunu istəməz” deyə cavablayıb.

Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Eroğlunun mətbuat konfransında Heydər Əliyevin “iki dövlət, bir millət” sözünə istinad edərək “üç dövlət, bir millət” ifadəsini işlətməsi bu mübahisələrin boş olduğunu bir daha göstərir. Bəli, hər şey açıq aşkardır. Azərbaycan Kipr davasında Kipr türkləri ilə bir yerdədir.

Ancaq Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıma məsələsi tək başına ələ alınacaq məsələ deyil. Bu yazı vasitəsilə Xocalıda və Qarabağda itirdiyimiz canlarımızı, bir əsr əvvəl imperialistlərin təhriki ilə erməni terrorçularının Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanda öldürdüyü yüz minlərlər türk soydaşımızı, Asala terroruna qurban verdiyimiz diplomat və mülki şəhidlərimizi rəhmətlə anıram. 130 ildir Türklərə qarşı qətliam tətbiq edən erməni terrorunu və onun hazırkı davamçılarını lənətləyirəm.

İnterpress.az