İnterpress.az xəbər verir ki, tarixçilər 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını araşdırarkən erməni arxivlərinə baxmaq istəklərinin rədd edilməsindən şikayətlənirlər. Eyni zamanda onlar Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün indiyə qədər əlindən gələni etdiyi fikrindədirlər.
1915-ci il hadisələri ilə bağlı araşdırma aparan Avrasiya Araşdırmaları Mərkəzinin (AVIMIZ) əməkdaşı, fransız tarixçi Maxime Gauin açıqlamasında “Türkiyə Ermənistan ilə münasibətləri normallaşdırmaq üçün əlindən gələni etdi. İndi Ermənistan hökumətinin bir şeylər etmək zamanıdır. Ancaq Ermənistan hökumətinin əlaqələrin normallaşmasını istəmədiyini düşünürəm. Çünki Ermənistan prezidenti Serj Sarkisyan hər zaman torpaq tələb etdiyini söyləyib. Ermənistan baxımından bu mövzu hər zaman həm torpaq tələbi, həm də mövcudluğunun qayəsi olub” deyə bildirib.
1915-ci il hadisələrinin beynəlxalq miqyasda daha çox araşdırılmasına ehtiyac olduğunu deyən Sorbon Universitetinin tarix fakültəsinin məzunu Gauin öz fikirlərini bölüşüb: “Nə zaman ABŞ və ya Fransadakı erməni arxivlərini görmək istəsəm, ya bunun mümkün olmayacağı cavabını aldım, ya da heç cavab ala bilmədim. Türk arxivlərində isə belə bir problem yoxdur, istədiyimizi asanlıqla alırıq”.
İrlandiyalı tarixçi Patrik Valsh da 1915-ci il hadisələri zamanı və daha sonra Anadoluda ölənləri xatırlamağın Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün əhəmiyyətli bir addım olacağını deyib: “Yaşananlar həm xristianlar, həm də müsəlmanlar üçün faciədir. Amma mövzunu “soyqırım” ifadəsinə gətirib çıxarsaq, heç bir zaman irəliləyiş əldə edə bilmərik. Bu hadisələrin təməlində Rusiya kimi böyük güclərin yatdığını hər kəs bilir”.
Türkiyənin uzlaşma üçün atdığı addımların əhəmiyyətinə diqqəti çəkən Valsh həmin hadisələr zamanı təkcə ermənilərin yox, türk və kürdlərin də zərər çəkdiyini vurğulayıb.
Ermənilərin 1915-ci ildə qumar oynadığını deyən Valsh Osmanlı imperiyasında yaşayan bəzi ermənilərin İttifaq dövlətlərinin təsiriylə erməni dövləti qurmağı qarşılarına məqsəd qoyduqlarını qeyd edib: “Erməni dövləti ehtimalı mümkün ola bilməzdi, çünki erməni əhalisi Anadolunun şərqində azlıq idi. İttifaq dövlətləri ermənilərdən çox ağılla istifadə etdi. Ermənilər isə İttifaq dövlətlərinə güvənərək qumar oynadı”.
İngiltərənin də 1915-ci il hadisələrinə təsirinə toxunan tarixçi İngiltərənin 20-ci əsrdən etibarən bölgənin qeyri-stabilliyinə səbəb olduğunu bildirib: “İngiltərənin 1907-ci ildə Rusiya ilə əldə etdiyi razılaşma bütün bölgəyə təsir edib. Bu razılaşma çərçivəsində Rusiyanın Osmanlı imperiyasına girə bilməsi üçün “yaşıl işıq” yandırıldı. Ermənilərin bunu “Osmanlı imperiyası yox ediləcək və öz torpaqlarımız olacaq” şəklində dəyərləndirdilər. Bu səbəbdən 1915-ci il hadisələrinə səbəb olan faktorlardan birinin İngiltərənin xarici siyasətində 20-ci əsrin əvvəllərində yaşanan dəyişiklər olduğunu düşünürəm”.
“Erməni üsyanı” adlı kitabın müəllifi, “Queen”s Universitetində doktorluq müdafiə edən Valsh araşdırma apararkən Osmanlı arxivlərindən istifadə etdiyini deyib: “Ancaq erməni arxivlərinə daxil olmaq üçün göstərdiyim səylər uğursuz oldu”.
1915-ci ildə nə olub?
1914-cü ildə başlayan 1-ci Dünya Müharibəsi, Rusiya ilə Osmanlı arasındakı savaşı fürsət bilən erməni millətçiləri müstəqil Ermənistan dövlətini qurmaq məqsədiylə ruslarla əməkdaşlıq ediblər. Rus ordusu Şərqi Anadolunu işğal etdiyi zaman Osmanlı və Rusiya ermənilərindən böyük dəstək görüb. Osmanlı ordusunda olan bəzi ermənilər də rus ordusuna qatılıb. Ermənilərin yaratdığı birliklər ordunun maddi-texniki imkanlarını sıradan çıxararaq Osmanlı ordularının irəliləməsinin qarşısını alıb, erməni dəstələri də işğal etdikləri yerlərdə dinc əhaliyə qarçı qırğın törədib.
Osmanlı hökuməti, bu hərəkatın qarşısını almaq üçün erməni nümayəndələri və söz sahibi erməniləri razı salmağa çalışsa da, müvəffəqiyyət qazana bilməyib. Erməni birliklərinin hücumlarının artması ilə hökumət 24 aprel 1915-ci ildə erməni inqilabçı komitələrin bağlanması, bəzi ermənilərin həbsi və sürgün edilmələri barədə qərar verib. Bundan sonra ermənilər hər il 1915-ci il hadisələrini xatırlamaq məqsədilə tədbirlər keçirir.
Alınmış tədbirlərə baxmayaraq, hücumların davam etməsi səbəbindən 27 may 1915-ci ildə rus ordusu ilə əməkdaşlıq edənlərin köçürülməsi barədə qərar verilib.
Osmanlı hökuməti köç etdirilənlərin insani ehtiyac və tələbatlarının qarşılanması üçün hazırlıq görsə də, döyüş şərtləri, daxili qarşıdurmalar, intiqam arzusundakı yerli qruplar, quldurluq, aclıq və epidemiya səbəbiylə köç əsnasında çox sayda erməni həyatını itirdi.
Tarixi sənədlər Osmanlı hökumətinin sözügedən faciəli hadisələri planlı şəkildə etmədiyini göstərir. Döyüşlər sona çatmamış baş verən insani faciə zamanı hadisələrə müdaxilə edənlərin cəzalandırılması bunu sübut edir.
Ədalətli yaddaş və xoşməramlılıq
Ermənistan və erməni diasporu Türkiyənin 1915-ci il köçü zamanı yaşananları “soyqırım” kimi tanıması və təzminat ödəməsini tələb edir.
Qeyd edək ki, 1948-ci il “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasına əsasən “soyqırım” anlayışı milli, irqi, etnik və ya dini bir qrupu qismən və ya tamamilə yox etməsi deməkdir.
Sözügedən hadisələrin soyqırım adlandırılmayacağına diqqəti çəkən Türkiyə 1915-ci il olaylarını hər iki tərəf üşün “faciə” olaraq xarakterizə edir. Türkiyə mövzunun siyasi qarşıdurmalardan uzaq, tarixə təktərəfli baxmadan, tərəflərin bir-birinin nələr yaşadığını anlamaq və bir-birlərinin tarixinə hörmət etmə şəklində yekunlaşdırılan “ədalətli yaddaş” perspektivindən həll edilməsinin lazımlığını vurğulayır.
Türkiyə tərəflərin arxivləri ilə bərabər, üçüncü ölkələrdəki arxivlərdə də araşdırma aparılmasını, türk və erməni tarixçilər və beynəlxalq ekspertlərdən ibarət bir ortaq tarix komissiyasının yaradılmasını təklif edir.
“İrəvan fürsəti qiymətləndirə bilmədi”
İki ölkə arasındakı əlaqələrin normallaşdırılması üçün ən böyük irəliləyiş 2009-cu ilin oktyabrında baş verib. Tərəflər İsveçrənin Sürix şəhərində diplomatik əlaqələrin yaradılması və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində 2 protokol imzalayıb. Protokollarda qarşılıqlı güvən yaradılması, mövcud problemlərin həll üçün tarixi qaynaq və arxivlərin araşdırılması, sərhədlərin qarşılıqlı olaraq tanınması və ortaq sərhədlərin açılması nəzərdə tutulub. Türk hökuməti protokolu təsdiqlənmək üçün Türkiyə Böyük Millət Məclisinə göndərib. Ermənistan hökuməti isə sənədi araşdırılmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Məhkəmə protokolların Konstitusiyaya uyğun olmadığı barədə qərar verib.
Ermənistan hökuməti 2010-cu ilin yanvarında protokolların təsdiq müddətini dondurduğunu bildirib.
İnterpress.az