Millət vəkili bildirib ki, dünyada diaspor işinin əhəmiyyəti getdikcə böyüyür: “Diasporların xalqların taleyində rolu getdikcə artır. Qurultay həm Azərbaycanda, həm də Türkiyədə geniş əks –səda doğurub. 13-cü qurultay ərəfəsində geniş müzakirlər gedirdi, DAK-ın yenidən parçalanacağı, qalmaqal gözlənəcəyini deyilirdi. Bu qurultayın birləşdirici qurultay olacağını deyirdik. Bu qurultay təşkilatın tarixində dönüş nöqtəsi idi. Bizdən ayrılıb gedənlərin bir hissəsi təşkilata qayıtdı. DAK-ın parçalanması Haaqa qurultayından başlamışdı və bu bizin həmsədrliyimizdən çox əvvəl idi. Biz bir məqsəd üçün mübarizə aparırıq, bu, bizim taleyimizlə bağlıdır. Bir çoxları elə bilir ki, DAK ancaq İranla mübarizə təşkilatıdır. Əslində DAK milli təşkilatdır, iqtidar-müxalifət münasibətlərinə qoşulmur. Bəziləri DAK-ın hədəfində ancaq İran olduğunu düşünür, bu, əks reaksiyalar doğurur. Buna görə də bəziləri ehtiyatla yanaşır. DAK-ın fəaliyətini məhdudlaşdırmaq istəyən qüvvələr də var. Əslində isə DAK diaspor təşkilatıdır. Bizim məqsədimiz Azərbaycanın parçalanması, soydaşlarımızın yurd-yuvalarından didərgin düşməsi, soyqırıma məruz qalması, İranda yaşayan 35 milyon soydaşımızın insan haqlarının müdafiəsidir. Bu, İranın daxili işlərinə qarışmaq deyil. İranda indi hakimiyyət türklərin əlində deyilsə, bu, o demək deyil ki, ordakı türklərin hüquqları tapdalanmalıdır. Əks-təbliata baxmayaraq qalmaqal gözləyənlərin ümidlərini alt-üst etdik”.
Sabir Rüstəmxanlı “Qurulaydan-qurultaya” kitabının çap olunduğunu bildirərək DAK-ın qurultayının keçirildiyi ərəfədə dünyanın 2 cəbhəyə ayrıldığını vurğulayıb: “Bir cəbhə qondarma soyqırımı, digər cəbhə Çanaqqala zəfərinin 100 illiyini qeyd edirdi. Belə bir ərəfədə biz bu qurultayla Türkiyəyə dəstək verdik. İstanbula bu niyyətlə yığışmışdıq, bu məqsədlə bəyanat qəbul edildi. Qurultay Türkiyə mətbuatı tərəfindən diqqətlə izlənildi, canlı yayımlandı. Dünyanın müxtəlif ölkələrindən çox sayda nümayəndə qatılmışdı. Azərbaycandakı bütün partiyalara dəvətnamələr göndərmişdik, hətta YAP-da Əli Əhmədovla danışdıq. Millət vəkillərinə dəvət göndərilmişdi. Ancaq nədənsə hakim partiyadan və ona yaxın partiyalardan heç kəs qurultaya qatılmamışdı. Halbuki lazım gələndə diaspordan dəstək istənilir, biz də həmişə dövlətimizin mənafeyini müdafiə etmişik və buna davam edəcəyik. Müxalifət düşərgəsindən Arif Hacılı, İsa Qənbər, Pənah Hüseyn qurultayda iştirak edirdi. Azərbaycanın problemlərinə milli mövqedən baxışlar sərgiləndi. Hamının orda olması ölkəmizin ehtiyacı olan vətəndaş həmrəyliyinə doğru bir addım olardı”.
Qurultayda ilk dəfə olaraq DAK tərəfindən 21 mükafat təqdim edilib. Mükafata layiq görülənlər arasında Firudin Ağasıoğlu, Nəsib Nəsibli, Həsən Zeynalov, Abuzər Bağırov, Nəsiman Yaqublu, Həcər Koç, Arif Kəskin, Faiq Ələkbərli, Əhməd Bijen, Yadigar Türkel, Gülara Yenisey, Yasəmən Qaraqoyunlu, İsmayıl Ağayev, Zəlimxan Məmmədli, Uğur Dündar, Yermentay Sultanmurad, Əkrəm Feyzi Tərzioğlu, Nurəddin Qərəvi var.
13-cü qurultayda Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yenidən DAK həmsədri seçilib.
Elnarə
İnterpress.az