“Bundan öncəki qəza hadisələrindən nəticə çıxarılmadı”backend

“Bundan öncəki qəza hadisələrindən nəticə çıxarılmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəşli yatağında baş vermiş dəhşətli faciənin izləri davam edir. Araşdırmalar yekunlaşmayıb, yaralılar və ölülər bir-bir dənizdən çıxarılır. Amma ekspertlər hadisə ilə bağlı ilginc qiymətləndirmələr edirlər. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a müsahibəsində olayı ən incə detallarına qədər təhlil etdi. Müsahibimiz öncə son durumu aydınlaşdırdı.

– Dövlət Neft Şirkətində mətbuat xidməti, ictimaiyyətlə əlaqələr xidməti çox pis qurulub. Bu qədər həyəcanlı bir vəziyyətdə ictimaiyyətin məlumatlandırılmaması və sovet vaxtında olduğu kimi, xəbərin gizlədilməsini də pis hal kimi qiymətləndirirəm. Qəza ilə əlaqədar hərə bir versiya söyləyir. Xoşbəxt Yusifzadənin deməsi ilə də razı deyiləm. Komissiyanın nəticəsi olmadan heç kimin ixtiyarı yoxdur ki, qəzanın nədən baş verdiyini desin. Məsələn, partlayış baş verən kimi mənə yazdılar, xəbər verdilər. Dedilər ki, orda texniki səhlənkarlıq olub. Bəlkə də olmayıb, hər halda, fəhlə adamdır, onun mənə dediyi ilkin versiya bu idi. O dedi ki, boruya qaz dolmuşdu və sair. Bütün hallarda qazla əlaqədardır.

Ən asanı odur ki, bu məsələdə şirkəti günahlandıraq. Bu, çox asandır, çünki birbaşa ünvan şirkətdir. Amma təhlükəsizliyə, sağlam iş şəraiti yaradılmasına idarənin rəhbərliyi, yəni 28 May adına Nef-Qazçıxarma İdarəsinin (bundan sonra “28 May” idarəsi) rəhbərliyi birbaşa cavabdehlik daşıyır. Orda baş verən qəzaya texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olubsa, bunda da baş mühəndis və onun kurasiyasındakı şöbələr məsuliyyət daşıyır. Və əsas məsələ – platformanın rəisi var. Bütün məsuliyyət onun üzərindədir. Sonra gəlir “Azneft”, ardınca şirkət. Ən son isə Xoşbəxt Yusifzadə. Çünki bu məsələdə hamının məsuliyyət payı var.

– İddialardan biri də budur ki, qasırğa haqqında xəbər alınan kimi platformalarda işi dayandırmaq lazım idi. Amma sizin sosial şəbəkədə paylaşımlarınızdan belə anladım ki, siz platformada işi dayandırmağın doğru olmadığını müdafiə edənlərdənsiz. Niyə?

– Fasiləli və fasiləsiz iş var. Çox adam yazır ki, insanlar platformanı tərk eləməli idilər. Bəzən bunu yazanlar anlamırlar ki, bu, buruqdur, gecə-gündüz işləyir. Onu saxlamaq olmaz. Bir buruğun saxlanılmasına, reabilitasiyasına nə qədər vəsait sərf olunur, bilirsizmi? Fəaliyyəti dayandırmaqla ölkəyə nə qədər ziyan dəyə bilər. O, fasiləsiz işdir.

Qasırğa olmamış “Azneft”dən bütün idarə və müəssisələrə telefonoqramma gedir ki, güclü külək, qar gözlənilir. Daimi növbətçilik və hazırlıq gözlənilir. Bunlar qasırğaya hazır olmalıdılar. Belə olan halda o qayıqlar da yoxlanmalıydı, onun nə vəziyyətdə olduğu müəyyənləşməliydi, asılmağı da, yanğından mühafizə mexanizmləri də. Hamısının yoxlanılması, nəzarətə götürülməsi “28 May”dan olmalıydı. Əsas sual odur ki, qəzaya hazırlıq vəziyyəti nə səviyyədə olub. Onu komissiya müəyyənləşdirəcək.

– Komissiyanın rəyi hazır olmasa da, şahidlərin ilkin rəylərinə əsasən qayıqların nasaz durumda olması, xilasedici jiletlərin çatmaması tələfat və itkilərin əsas səbəbləri sırasındadır.

– Həm nəzarət zəif olub, həm də təhlükəsizlik tədbirləri yerinə yetirilməyib. İnsanlar özlərini itiriblər. Jiletlər elə qayıqların içində qalıb. Çünki dənizdə jiletləri tapıblar. İnsanların bu vəziyyətdə onu əynindən çıxarması qeyri-mümkündür. Bu insanların əynində jilet olsaydı, yenə də ehtimal vardı. Çünki işıq yanır, suyun üzərində qalma ehtimalları vardı. Daha bir məqam isə qayıqların düzgün bərkidilməməsidir. Necə olur ki, qayıqlar bağlandığı yerdən düşsün? Bu qayıqlara niyə bərabər sayda insanlar mindirilməyib? Yəqin ki, kimsə basabasla minib. Qayıq niyə cırılmalıydı? Deyirlər ki, qayıq nəyəsə ilişib cırılıb. Onu necə rıçaqla aşağı salmağa çalışıblar? Bu, necə olub? Təxliyə düzgün təşkil olunmayıb.

– Xilasetmə əməliyyatının lazımi səviyyədə təşkil olunmaması ilə bağlı rəylər də var…

– Keyfiyyəti yüksək qiymətləndirmirəm. Təxliyə birinci “28 May”ın özündə olmalı idi. Dövlət Neft Şirkərinin tərkibində Xəzər Dəniz Donanması idarəsi vardı, onun içərisində xilasetmə ilə əlaqədar şöbəsi, neft şirkətinin irihəcmli gəmiləri vardı. “28 May”ın özünün qasırğa xəbərdarlığı olduqda o iritutumlu gəmilər yaxınlarda olmalıydı. Amma onların gəmiləri yox idi.

BP-dən gəmi istədilər. Niyə BP-dən gəmi istəyəsi oldular? Bunların sovetdən qalma nə qədər gəmiləri var idi, bilirsizmi? Çoxu da yanğınsöndürmə gəmiləri. Bunlar alınıb hamısı başqa-başqa qurumlara verildi. Dövlət Neft Şirkətini ediblər ikinci büdcə. Neft şirkəti köhnə yataqlara sərmayə qoymur. Onların inkişafına vəsait ayırmaqdansa, bütün nazirliklərin işini Dövlət Neft Şirkətinə həvalə ediblər. Əli-qolu qırılmış vəziyyətdə. Dövlət Neft Şirkəti də Fövqəladə Hallar Nazirliyini çağırıb. Halbuki ilkin xilasetməni özü edə bilməyib. Adamların dənizə düşməsinə, ölməsinə səbəb təxliyənin düzgün təşkil olunmaması oldu.

– Boruların çürüməsi, düzgün quraşdırılmaması kimi məsələlər də səbəblər sırasında göstərilir. Səhv etmirəmsə, sizin də qəzadan öncə dəfələrlə bu barədə açıqlamalarınız olub.

– Köhnə yataqlarla əlaqədar hər zaman həyəcan təbili çalıram. Hər il illik hesabatımız olur. Orda qeyd olunur ki, neftçilərdən nə qədəri dünyasını dəyişib və niyə dəyişib. Dövlət Neft Şirkəti bunu ciddiyə almayıb. Xarici şirkətlərin də bostanına daş atmışıq, amma laqeydlik göstəriblər. Ötən il Dövlət Neft Şirkətində 4 qəza hadisəsi baş verib. Bunlardan biri elə Neft Daşlarında baş vermişdi, biri də bu il yaşandı. O qəza hadisələrindən nəticə çıxarılmalıydı, çıxarılmadı, əvvəldən inventarizasiya aparılmalıdır. Bu, estakadalara aiddir. Neft Daşlarına aiddir. Bunun səbəbi də Dövlət Neft Şirkətinin ikinci dövlət büdcəsinə çevrilməsidir.

Platformalar estakadalara nisbətən cavandır. Məsələn, bu, 84-cü ildə qurulmuş, təhlükəsizlik qaydalarına tam uyğun platformalardır. Təbii ki, indiki “Azəri”, “Çıraq”, “Günəşli” platforması ilə müqayisə oluna bilməz. Ona görə ki, zamana uyğun texnikalar və mühəndislər var. Onlar nə zaman tikilib, bunlar nə zaman. Amma boruların çürüməsi olsaydı, tamam başqa nəticələri olardı. Deyirlər, qaz borusunun çürüməsi var. Bunun da məsuliyyəti düşür platformanın və “28 May”ın üzərinə. Onu da sübut etmək lazımdır. Elə versiyanı demək lazımdır ki, özünə qarşı işləməsin.

– Versiyalardan biri də bu yanğının təxribat olması idi.

– Mən bu versiyanı, ümumiyyətlə, qəbul etmirəm. Neftçilər bir-birinə çox sadiq, etibarlı olurlar. Əsgərlik iki il birgə keçir, onlar isə 10-15 il bir yerdə qulluq edirlər. Onlar ailə kimidir, doğma olurlar. Heç vaxt ola bilməz ki, dənizin ortasında kamikadze tapılsın. Bu, qeyri-mümkündür. Sadəcə, bu versiyanı yayanlar diqqəti yayındırmaq istəyirlər. Hadisənin başvermə səbəbləri məlumdur, günahkarlar tapılıb cəzalandırılmalıdır.

– Bugünlərdə hava yenidən kəskin pisləşəcək. Necə hesab edirsiz, eyni hal yenidən təkrarlana bilərmi? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

– Biz risklərdən təmiz sığortalanmamışıq. Təbii fəlakətlərdən də həmçinin. Bu, qasırğa da ola bilər, tornado da, zəlzələ də. Platformalar da, estakadalar da buna uyğun tikilməli, uyğunlaşdırılmalıdır. Xəzərin seysmik vəziyyəti də nəzərə alınaraq tikilib köhnələr. Yəqin ki, həm “Azneft”, həm “28 May” rəhbərliyi, həm də ARDNŞ rəhbərliyi bu təhlükəni nəzərə alıb, önləyici tədbirlər görməlidir. Partlayış da ola bilər, hər şey də. Vaxtilə Norveçdə bütün platforma uçmuşdu. Ondan ötrü bir muzey də yaradıblar.

– Əmək Məcəlləsi nə deyir bu kimi hallarda? İşəgötürən nə etməlidir?

– Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri pozulub. İşçilərə təhlükəsiz iş şəraiti yaradılmayıb. Mən araşdırmalarımı davam etdirəcəyəm. Orda nə qədər adam olmuşdu, hadisəni yaradan səbəblər və sair barədə araşdırmalarımız olacaq. Buna vaxt lazımdır. Qeydiyyatda olan və itkin düşən adamlar da ola bilər.

– Ölkə üzrə yanğın barədə ilk məlumatı yayan siz olmusuz. Sosial şəbəkədəki statusunuzda. Amma daha çox “Röyters” agentliyinin adı hallanır. Onun da BP-yə istinadən bu xəbəri yaydığı bildirilir…

– \”Röyters\” BP-yə istinad edə bilməz, düzgün eləmir. Bütün informasiyaları bizim təşkilat verib, mən vermişəm. Sosial şəbəkədə yaydım öncə xəbəri. Sonra İlham Şabanla əlaqə saxlayıb dedim ki, İlham, kimi tapırsansa tez xəbər elə, vəziyyət çox ağırdır. Çünki yanğın başlayan kimi oradakı uşaqlar mənə xəbər verdilər. Yarım saatdan bir informasiyanı vermişəm, dediklərim də doğru olub.

Təəssüf ki, bizim media orqanları mənim yazdığım xəbərlər əsasında cəmiyyəti məlumatlandırmadılar. Hətta Rusiyanın kanalları da mənə zəng elədi, bütün dünya yazdı, amma Azərbaycan mətbuatı cəmiyyəti məlumatlandırmadı. Mənə inanın ki, əgər əlimin altında dəqiq məlumatlar olmasa, mən heç zaman onu yazmağa risk etmərəm.

– Bəs bu xəbərləri yaydığınız üçün sizə hər hansı təzyiqlər oldumu?

– Xeyr, heç bir təzyiq olmadı. Təzyiqi eləmək istəyənlər bütün gün facebook səhifəmi izləyiblər. Özlərindən də eşitdim ki, məndə heç bir səhv olmayıb.

İnterpress.az