Sinirləri pozan “Sinir otu” – şəkər xəstələrinə ölümcül təhlükəbackend

Sinirləri pozan “Sinir otu” – şəkər xəstələrinə ölümcül təhlükə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibim Sona Qasımova indi həkiminin məsləhət gördüyü müalicəni qəbul edir. Artıq şəkərinin normallaşdığını deyir. Şəkərini endirmək üçün aldığı “Sinir otu” isə əksinə, bütün ailənin sinirlərini yerindən oynadıb.

Sona Qasımova kimi yüzlərlə diabet xəstəsi sağalmaq ümidi ilə bazara yeni daxil olan “Sinir otu”ndan istifadə edir. Bir neçə gün əvvəl Ağstafa rayon sakini Qasım Musayevin şəkərli diabet xəstəsi olan həyat yoldaşı Gülcan Əyyubova üçün aldığı “Sinir otu”nun içərisindən siçan nəcisi çıxması xəbəri yayıldı. Üstəlik, onu qəbul edəndən sonra qadının şəkəri düşməyib, əksinə, daha da qalxıb. Şirkətə müraciət etsələr də, onları ciddi qəbul etmədiklərini deyirlər.

Hər iki şəxs bitki tərkibli olduğu deyilən bu dərman haqda televiziya reklamından eşidib. Bəs televiziyaların bəh-bəhlə reklam etdiyi “Sinir otu” nədir? Nə üçün deyildiyi kimi, şəkəri endirmir, əksinə, qaldırır?

Publika.az-ın əməkdaşı bunu araşdırıb.

Bazara yeni daxil olan bu məhsul Türkiyə istehsalıdır. Tərkibi Türkiyədə “Sinirli ot” deyilən, bizim “bağayarpağı” adlandırdığımız bitkidən ibarətdir.

Bağayarpağının faydalarına baxanda, onun sinir, həzm sistemi, böyrək və təzyiq xəstələri üçün faydalı olduğunu görmək olar. Lakin bu bitkinin şəkərli diabet xəstələri üçün faydası barədə heç bir məlumat yoxdur. Reklamında isə bağayarpağı tərkibli bu dərmanın şəkər xəstəliyini tam müalicə etdiyi deyilir. Qiyməti 39 manat olan dərmana tələb də böyükdür.

Qəhrəmanlarımızın şikayətini və bu məhsula olan marağı nəzərə alaraq onun ölkəmizdə satışını həyata keçirən “NURS” şirkəti ilə əlaqə saxladıq, reklamda qeyd olunan nömrəyə zəng etdik.

Şirkətdən cavab

Əvvəlcə, şirkətdən məhsulun içərisindən siçan nəcisi çıxmasının yalan məlumat olduğunu dedilər: “Bizim məhsullar karqo ilə çatdırılır. Çatdırılma zamanı da sifarişçi məhsula baxıb qəbul edir. Şirkət 4-5 ildir Azərbaycanda fəaliyyət göstərir, lakin belə problemlər olmayıb. Bununla bağlı təzminat tələb edilməsi üçün məhkəməyə müraciət etmişik.
Bundan başqa, əgər həqiqətən belədirsə, nə üçün həmin məhsulu qəbul edib? Dərmanın içərisindəki xırda hissəciklər siçan nəcisi deyil, bağayarpağının toxumlarıdır”.
Dərmanı qəbul edənlərin şəkərinin enmək əvəzinə qalxmasına gəldikdə, şirkətdən bildirdilər ki, bu, düzgün istifadə edilməmə ilə bağlıdır: “Sinir otu qəbul edənlər pəhriz saxlamalıdırlar. Lakin bəzən insanlar bundan istifadə etsələr də, şirniyyat yeyir, qaydalara əməl etmirlər. Bu, həmçinin, orqanizmdəki başqa problemlərlə də bağlı ola bilər. Məhsulun üzərində qeyd olunub ki, şəkər dərmanlarını saxlamadan onunla birlikdə istifadə edilməlidir. Gün ərzində neçə dəfə qəbul edilə biləcəyi və digər məlumatlar da azərbaycan dilində göstərilib. Bizim həkimlər də məsləhət verə bilir. Lakin hər bir məhsulu alanların narazılığının olması da normaldır. Bizə də bununla bağlı müraciətlər olub. Məhsullarımızı istifadə edənlərin sayı milyondan çoxdur. Təkcə Azərbaycan deyil, xarici ölkələrə də ixrac edirik. Bizim məhsulun satışına icazə verilməsi üçün Səhiyyə Nazirliyinin sertifikatı var. Bununla bağlı ödənişlər də olub”.

Şəkər birdən-birə 500-ə qalxır…

Şirkət rəhbərliyi hər şeyin yaxşı olduğunu desə də, həkimlər belə düşünmür.

Endokrinoloq Gülay Məmmədova “Sinir otu” qəbul edib şəkəri birdən-birə yüksələnlərin çox olduğunu deyir: “Diabet xəstəliyi ilə bağlı hər hansı yeni dərman istifadə edilirsə, bu Ümumdünya Səhiyyə Təşkilatının protokollarında qeyd olunmalıdır. Bu vaxta qədər bu təşkilatın protokollarında “Sinir otu” haqqında məlumat verilməyib. Bu dərmanın reklamından sonra əhali arasında maraq artıb. Müraciət edən xəstələr həkimlərin məsləhət gördüyü dərmanlardan imtina eləyib “Sinir otu” qəbul etdiklərini, bundan sonra birdən-birə şəkərlərinin 500-dən çox olduğunu deyirlər. Ən pisi odur ki, “Sinir otu”na görə insulindən asılı olanlar belə ondan imtina edirlər. Bəzən xəstələrin analiz verməyə pulu olmur, amma həmin dərmanı alırlar”.

Endokrinoloqun sözlərinə görə, bu problemlə qarşılaşan xəstələr günahı özlərində, yaxınlarında görürlər, heç yerə şikayət etmək istəmirlər: “Şirkətə qarşı hər hansı iddia qaldırmaq ağıllarına gəlmir. Hansısa bitkilər xəstəliklərin müalicəsinə müsbət təsir edə bilər. Lakin bu o demək deyil ki, həmin bitkilər şəkərli diabeti tam müalicə edə bilər. Bitkilər yalnız köməkçi vasitə ola bilər. Bu vaxta qədər heç bir ədəbiyyatda bitki tərkibli müalicə qəbul edilmir. Ümumiyyətlə, Səhiyyə Nazirliyinin şəkərli diabetin müalicəsi üzrə protokolları var. Həmin protokollarda bu dərmanın adı keçmir. Əgər keçmirsə, onu qəbul etmək doğru deyil”.

Qida əlavələri ilə bağlı məsuliyyət artırıla bilər

Millət vəkili Musa Quliyev isə bildirib ki, bu vasitə dərman kimi ölkəyə gətirilsə, mütləq Səhiyyə Nazirliyindən lisenziya alınmalıdır. Yox, əgər qida əlavəsi kimi satılırsa, sərbəst şəkildə satıla bilər: “Qida əlavələrinin ölkəyə gətirilməsi üçün lisenziya tələb olunmur. Qida əlavələri bir çox şirkətlər tərəfindən dərman vasitəsi kimi gətirilir və xəstəliklərin müalicəsində effektli rol oynadığı reklam edilir. Qida əlavəsinin xəstələrə dərman kimi təqdim edilməsinə ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzən onların tərkibində bioloji stimulyasiyaedici maddələr olur. Əksəriyyəti bitki tərkibli olduğundan, orqanizmə əks təsir göstərə bilər. Şəkər, hipertoniya və bir sıra xroniki xəstəliklərin müalicəsinin tapılması ilə bağlı vaxtaşırı xəbərlər yayılır, reklam xarakterli məlumatlar olur. Satmaq üçün hər hansı dərman vasitəsi və ya qida əlavəsi reklam olunur, bəzən onlar orqanizmə ziyan vurur, ya da heç bir müsbət təsiri olmur. Belə hallar çox yayılıb. Hesab edirəm ki, onların sayının artdığı bir vaxtda bununla bağlı qanunvericiliyə baxmaq olar. Onların ölkəyə gətirilməsində məsuliyyəti artıran maddələr əlavə edilə bilər”.

Bu məsələdə alıcının hüquqlarının necə qorunmasına gəldikdə, M.Quliyev buna görə satanın yox, alanın məsuliyyət daşıdığını deyir: “Bu gün qida əlavələri marketlərdə, ərzaq mağazalarında satılır. Məhsulun üzərində kimlərə zərərli olması barədə məlumat verilməlidir. Lakin şəkər xəstəsinin şirniyyat alıb yeməsinə satıcı məsuliyyət daşımadığı kimi, bunda da məsuliyyətli hesab edilə bilməz. Burada məsuliyyət vətəndaşın öz üzərinə düşür.

Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərmanı ölkəyə gətirə bilməzlər. Qeydiyyatdan keçibsə, tam qanunidir və onu satan heç bir məsuliyyət daşımır. Məhsul qeydiyyatdan dərman vasitəsi kimi keçməyibsə, Səhiyyə Nazirliyi ona icazə verməyibsə, onun gətirilməsi tam qadağandır.

Reklamda bu qidanın xəstəliyi tam müalicə etməsi kimi ifadələrin işlədilməsinə görə də məsuliyyət var. Müalicə üçün istifadə edilən vasitələr, dərmanların reklamı Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Nazirliklə razılaşdırılmamış reklam yayımlayanlar cəzalandırılmalıdır, reklamın yayımı dayandırılmalıdır”.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə bildirdilər ki, “Sinir otu” dərman deyil. Ona görə də nazirlik ona lisenziya verə bilməz. O qida əlavəsidirsə, yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) sertifikat verilə bilər.

RGEM-dən isə bildirdilər ki, bu adda məhsula və ya onu ölkəyə gətirən şirkətə sertifikat verilməyib.

Mənzərənin son görüntüsü belədir ki, dövlət qurumlarının xəbərsiz olduğu bu məhsulun alveri yaxşı gedir. Onun istifadəsindən zərərçəkənlərin isə müraciət edəcəyi yer yoxdur…

İnterpress.az