Bahar Muradova: “Əgər vəziyyət gərginləşəcəksə, o iş adamlarının nailiyyətləri də heç olacaq”backend

Bahar Muradova: “Əgər vəziyyət gərginləşəcəksə, o iş adamlarının nailiyyətləri də heç olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 12-13-ndə ölkənin müxtəlif bölgələrində bahalaşmaya etiraz olaraq aksiyalar keçirildi. Biz həmin seçki dairələrindən parlamentə mandat qazanmış deputatların baş verənlərə münasibətini öyrənmək istədik. Odur ki, Füzuli rayonundan deputat seçilmiş Milli Məclis sədrinin müavini Bahar Muradova ilə seçki dairəsindəki etiraz aksiyasından başlayan söhbətimiz bütövlükdə ölkədəki prosesləri əhatə etdi.

– Bahar xanım, son iki gün ərzində ölkənin müxtəlif regionlarında, o cümlədən Füzuli rayonunda aksiya keçirildi. Rayonun bir hissəsinin erməni işğalında olduğunu nəzərə alsaq, insanlarımızla hüquq-mühafizə orqanlarının üz-üzə qalması heç yaxşı əlamət deyil. Razılaşırsınızmı?

– Öncə bunu deyim ki, gərək dövlət rəsmisi, millət vəkili, sıravi vətəndaş, siyasətçi, prosesləri qələmə alan jurnalistlər, yəni hər kəs bu məsələyə məsuliyyət hissi ilə yanaşsın, dövlətin və xalqın maraqlarını öndə tutsun. Yox, əgər kimsə əlini əlinə sürtüb məsələyə “ay can-ay can, vəziyyət yetişdi, mən burdan öz maraqlarımı güdüm” şəklində yanaşacaqsa, bu, əlbəttə, mənfi nəticələrə yönəlmiş cəhdlər kimi dəyərləndirilməlidir. Dünyada gedən iqtisadi və siyasi prosesləri təsvir etməyə ehtiyac yoxdur. Azərbaycan da dünya birliyinin üzvüdür və biz yalnız dünyada gedən proseslərin ölkəmizə təsirini azalda və ya zərərsizləşdirə bilərik. Onun qarşısını tam almaq qeyri-mümkündür və bunun öhdəsindən kimsə gələ bilməz.

Ona görə də hazırda Azərbaycan dövləti, xüsusən ölkə prezidenti mövcud durumun Azərbaycan vətəndaşına zərərlərini azaltmaq istiqamətində hökumət və cəmiyyət qarşısında ciddi tələblər qoyub. Bu tələblərin yerinə yetiriləcəyinə şübhəm yoxdur. Çünki burada artıq güzəştdən, kiminsə hərəkətlərinə göz yummaqdan söhbət gedə bilməz. Vəziyyət hər kəsi ciddi və məsuliyyətli olmağa vadar edir. Biz Azərbaycan cəmiyyəti olaraq ölkə prezidentinə hər zaman dayaq olduğumuz kimi, indiki vəziyyətdə də bu mövqedən çıxış etməli və onun tapşırıqlarını yerinə yetirmək üçün maksimum səylər göstərməliyik. Yox, əgər vəziyyəti gərginləşdirməyə daha çox çalışan olacaqsa, onun da cavabını yerində verməyə, yəni onun bu məsələni anlayışla qarşılamasına nail olmağa və onu düzgün istiqamətə yönəltməyə çalışmalıyıq.

– Etirazlar bahalıqla bağlıdır, siyasi şüarlar yox dərəcəsindədir. Hətta aksiya iştirakçıları deyir ki, səslərinin ölkə başçısına çatmasını istəyirlər. Bu mənada aksiyaların qarşısına güc strukturlarının çıxarılmasındansa, məmurların, deputatların sadə insanların qarşısına çıxması, onları dinləməsi daha yaxşı olmazdımı?

“Problemlərin nədən ibarət olduğu və insanların hansı məsələləri qaldırdığı barədə tam məlumatım var”

– Bayaq dedim ki, hər kəsin bu prosesdə vəzifəsi, məsuliyyəti var, hər kəs öz işini görməlidir. Bahalıq, işsizlik kimi sosial çətinliklər bütün cəmiyyətlərdə var, o cümlədən Azərbaycanda. Dövlətin də məqsədi bu çətinlikləri mümkün qədər azaltmaqdır. Bununla bağlı fikirlərin səslənməsi, müəyyən formaların seçilməsi də qanun çərçivəsində olmalıdır. Biz çalışmalıyıq ki, sabitliyi pozaraq yeni çətinliklər dalğası yaratmayaq. Hər bir vətəndaş burda məsuliyyət hiss etməlidir. Əlbəttə ki, vətəndaş dinlənilməlidir. Prezident özü vurğulayıb ki, ölkədə ictimai nəzarət ciddi şəkildə həyata keçirilməli və onun da müxanizmləri olmalıdır.

Mexanizm olmadan pərakəndə və idarə olunmayan, “nəzarəti həyata keçirmək” adı ilə hərəkətlər olacaqsa, əlbəttə, onu da qanun müstəvisinə gətirməklə bağlı addımlar atılmalıdır. Burada söhbət kiminsə öz fikrini ifadə etdiyinə görə ona qarşı yönəlmiş hərəkətdən getmir, məsələlərin qanun müstəvisində tənzimlənməsindən gedir. Bir var kimisə həbs edəsən, bir də var ki, kimisə dəvət edib vəziyyəti ona izah edəsən. Bunlar fərqli məsələdir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları da məsələyə məhz bu asbektdən yanaşmalıdır və elə yanaşırlar da. O ki qaldı vətəndaşların öz fikirlərini ifadə etməsinə və onları aidiyyəti qurumlara çatdırmasına, millət vəkilləri də, müəyyən səlahiyyətləri olan şəxslər də daim prosesləri izləməli, ortaya çıxan fikirləri müvafiq qurumlara çatdırmalıdır.

– Şəxsən siz baş verənlərlə əlaqədar Füzuliyə getməyi planlaşdırmısınızmı?

– Mən seçicilərimlə görüşlərimdə hər zaman bir fikri onların diqqətinə çatdırmağa çalışmışam, onlar da anlayışla qarşılayıblar. Demişəm ki, sizin dərdlərinizi, fikirlərinizi aidiyyəti qurumlara çatdırmaq üçün hər dəfə sizinlə görüşməyə ehtiyac yoxdur. Çünki mən rayon rəhbərliyi, həm də rayonun ən müxtəlif təbəqələrindən ibarət olan insanlarla, seçki prosesində məni müşayiət edən vəkillərimlə, ictimai vəkillərimlə daim əlaqə saxlayıram və problemləri bilirəm. Mənim seçki dairəmdən söhbət gedirsə, bu gün problemlərin nədən ibarət olduğu və insanların hansı məsələləri qaldırdığı barədə tam məlumatım var. Bu barədə müvafiq qurumların hansı addımlar atdığı və atmağa hazırlaşdığını da bilirəm. Bu gün mənə onların qarşısında çıxış etməkdən daha çox, onların problemlərini aidiyyəti qurumlara çatdırmaq və onun üzərində işləmək daha çox lazımdır.

Mən də hazırda bu işlə məşğulam. Mən çox istəyirəm ki, problemlər tezliklə həllini tapsın və insanlar daha az əziyyət çəksinlər. Mən bilirəm ki, ki, o insanlar öz torpağını, öz yurdunu sevən insanlardır, vicdanlı vətəndaşlardır. Onlar yaxşı ilə pisi, əyri ilə düzü çox yaxşı ayırırlar. Mən onların bahalıqla bağlı fikirlərini ifadə etməsində də bir nöqsan axtarmağın tərəfdarı deyiləm. İndiyə qədər də elə bir hərəkət etməyiblər ki, hansısa ciddi hüquqi nəticələr doğursun. İnanıram ki, bundan sonra onlar fikirlərini bu aspektdə ifadə edəcəklər.

Yerli icra hakimiyyətinin rəhbərliyi də bütün hallarda onlarla görüşüb, fikirlərini dinləyib və müəyyən tədbirlər görülür. Ona görə də mən istər 84 saylı dairədə, istərsə də respublikanın digər ərazilərindəki insanların bu narahatlıqlarını anlamaqla yanaşı, narahatlıqları aradan qaldırmaq üçün hökumətin və müvafiq quruların həyata keçirdiyi tədbirləri də anlayışla qarşılamağa və onların öz fikirlərini qanun çərçivəsində ifadə etməyə çağırıram. Çünki bu dövlət bizimdir və bu dövlətin bütün uğurları və nailiyyətləri insanlarımızın hamısının iştirakı ilə əldə olunub. Müvəqqəti çətinlik zamanı bu nailiyyətləri heçə endirəcək hərəkətlərə biz yol verə bilmərik. Mən inanıram ki, hətta narazılıqlarını ifadə edən şəxslər də bunu dərindən anlayır.

“Müxalifət deyəndə…onlar da bizim soydaşlarımızdır, Azərbaycan vətəndaşlarıdır”

– Bu arada bir sıra şəxslər, o cümlədən deputatlardan iqtidarla müxalifətin bir araya gəlməsi, vəziyyətdən çıxış yollarının birgə aranması üçün təkliflər səslənir. Bu təkliflərə münasibətiniz necədir?

– Müxalifət deyəndə onlar kənardan gəlməyib, Azərbaycanın ictimai-siyasi maraqlarından kənarda tutulmalı olan zümrə deyillər. Onlar da bizim soydaşlarımızdır, Azərbaycan vətəndaşlarıdır. Əlbəttə ki, sözümün əvvəlində dediklərimi çıxmaq şərtilə, qalan konstruktiv mövqeli siyasətçilərlə, onların cəmləşdiyi siyasi partiyalarla dialoqu hər zaman mümkün saymışam. İndi də hesab edirəm ki, hazırkı şəraitdə vəziyyəti yaxşılaşdırmağa, çətinlikləri adlatmağa xidmət edən fikirlər, layihələr kimlərdəsə varsa, onu dinləmək, qəbul etmək, onunla fikir mübadiləsi aparmaq işin yalnız xeyrinə olardı. Burada kiminsə başqa maraq güdməsini düşünmək artıqdır.

– Parlamentin fövqəladə toplantısı gözləniləndirmi? Yeri gəlmişkən, Qazaxıstan parlamentinin analoji durumda özünü buraxmaqla bağlı müraciət etməsinə münasibətiniz maraqlı olardı.

– Mən hər zaman başqa ölkələrdəki duruma münasibətdə Azərbaycan üçün nəticələr çıxarılmasının əleyhinəyəm. Hər bir ölkənin özünün uyğun şərtləri var və yalnız bu şərtlər daxilində proseslərə qiymət vermək lazımdır. Onsuz da parlamentin komitələri fevralın 15-dən öz işinə başlayır. Təbii ki, parlamentin yaz sessiyasının qanunvericilik işlər planı üzərində ciddi iş gedəcək və elə bu səpkidə müzakirələrin olacağı birmənalıdır. Amma düşünmürəm ki, Azərbaycanda elə qeyri-adi durum yaranıb ki, bunun üçün parlamentin fövqəladə iclasını çağırmağa ehtiyac var. Çünki bir neçə gün bundan əvvəl cənab prezident hökumətin iclasını keçirməklə bu məsələlərlə əlaqədar görüləsi işlər və qarşıdakı planlar haqqında fikirlərini bölüşüb, hər kəs tapşırığını alıb. Qoyulan vaxt çərçivəsində onlar öz fikir və təkliflərini bildirməlidir. Azərbaycan parlamenti də bununla bağlı öz üzərinə düşən hissəni əmin olun ki, yerinə yetirəcək. Əgər hansısa məsələlərdə qanunlara əlavələr, dəyişikliklər, bu və ya digər ictimai müzakirələr lazım olacaqsa, biz onları edəcəyik.

“Vəziyyəti yaxşılaşdırmağa, çətinlikləri adlatmağa xidmət edən fikirlər, layihələr kimlərdəsə varsa, onu dinləmək, qəbul etmək, onunla fikir mübadiləsi aparmaq işin yalnız xeyrinə olardı”

– Fəzail Ağamalı un inhisarçısı olan iki YAP-çı həmkarına xitabən deyib ki, bu vaxta qədər dövlətdən bəhrələniblər, heç olmasa indi xalqı çörəklə imtahana çəkməsinlər.

– Görünür, Fəzail Ağamalı ərki çatan adamlara münasibətini ifadə edib. (gülür) Amma mən ölkədəki bütün bizneslə məşğul olan və hazırkı bazar qiymətlərinə təsir göstərmək imkanına malik olan bütün şəxslərə müraciət edərək onlardan xahiş edərdim ki, özlərinə tam ziyan vurmamaq şərtilə – bu cür tələb etmək də doğru olmazdı – ümumi maraqlar naminə edə biləcəkləri bütün addımları atsınlar, görə biləcəkləri bütün işləri görsünlər. Əgər vəziyyət gərginləşəcəksə, o iş adamlarının nailiyyətləri də bir günün içində heç olacaq. Ona görə hər kəs məsuliyyətli qərarlar qəbul etməyə borcludur.

Azərbaycanda tək onlar deyil, yüzlərlə, minlərlə iş adamları var ki, onlar ictimai-siyasi vəziyyətə, insanların iqtisadi durumuna təsir göstərəcək addımlar ata bilərlər. Bu, həm də onların korporativ borcu, öhdəliyidir. Əgər sən dövlətin yaratdığı şəraitdən istifadə edərək özün üçün iş qurursansa və bu işin də nəticəsində ölkənin ictimai-siyasi həyatına təsir göstərə bilirsənsə, nəyə görə bu addımları atmamalısan? Hər kəz öz öhdəliyini özü müəyyənləşdirməlidir, gözləməməlidir ki, ona kimsə müraciət etsin.