Bu sözləri “Yeni Müsavat” əməkdaşına gədəbəyli sahibkar Oqtay Əliyev deyib. Onun sözlərinə görə, icra başçısı Ramiz Yediyarov rayonda iş yerlərinin sürətlə qapadılması üçün əlindən gələni edir: “İcra başçısı dövlətin adından çıxarılan məhkəmə qərarlarını icra etməməkdə ad çıxarıb. Sanki o, məhkəmədən yuxarıda dayanıb. Mənim obyektimi özümün xəbəri və məhkəmə qərarı olmadan dağıdıb sökdü”.
Sahibkarın sözlərindən aydın olur ki, onun obyekti Gədəbəyin Qalakənd kəndində olub. Həmin turizm obyekti Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən dağıdılıb. Söküntü ilə bağlı məhkəmənin qərarı olmadan onun obyekti sökülüb. Amma obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazə də alınıb.
Şikayətçi Oqtay Əliyev ona 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırlıb və Oqtay Əliyevə məxsus həmin turizm obyektinin həqiqətən də Gədəbəy Rayon İcra hakimiyyəti tərəfindən əsassız olaraq söküldüyünü bir daha təsdiqləyib. Nəticədə məhkəmə qərar qəbul edib. Cavabdeh Gədəbəy İcra Hakimiyyətindən 66 min 626 manat tutulub iddiaçı Oqtay Əliyevə ödənməsi müvafiq qurumlara tapşırılıb. Məhkəmə 1 il əvvəl qərar versə də, icra başçısı sahibkara vurduğu ziyanı ödəmək istəmir.
Halbuki obyektin Ramiz Yediyarovun göstərişinə əsasən icra hakimiyyətinin işçilərinin sökdüyünü təsdiqləyən prokurorun qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin müvafiq aktları da var. Oqtay Əliyevin sözlərinə görə, ona kompensasiya ödənildikdən sonra da həmin ərazidə yeni turizm obyekti tikəcək və ərazidə yaşayan insanların işlə təmin edəcək.
O.Əliyev kimi qanunsuzluqlarla üzləşən sahibkarlar Prezident Adminstrasiyasına, İqtisadiyyat və Sənaye Nazirliyinə gedib orada rəsmilərdən üzləşdikləri qanunsuzluqlara əncam çəkilməsini istəyəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq.
İnterpress.az