Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə – Fotobackend

Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhqiqat aparılan kəndlər arasındakı məsafələr yalnız piyada qət edilirdi. Bu da tez-tez çəkmələrinin sıradan çıxmasına səbəb olurdu. Komissiya üzvlərinin gündəlik aldıqları əmək haqqı isə yalnız onların yemək xərclərini ödəyirdi.

Söhbət Mart soyqırımını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının (FTK) üzvlərindən gedir.

Bu komissiya AXC hökuməti tərəfindən 15 iyul 1918-ci il tarixində əvvəlcə Xarici İşlər Nazirliyi yanında yaradılmışdı. Komissiyanın tərkibində Belarusdan olan fotoqraf, tədqiqatçı, fransız dili və fizika müəllimi Lev Urbanoviç Daşkeviç də vardı.

L.Daşkeviç 31 yanvar 1882-ci ildə Minskdə zadəgan ailəsində anadan olub. Fotoqrafın uşaqlıq və gənclik illəri haqqında məlumat çox azdır. Evdə xüsusi müəllimədən fransız dili dərsləri alan L.Daşkeviçin kimyəvi təcrübələr və fotoşəkillərlə maraqlanması ailə üzvlərinin xatirələrində qeyd olunur.

Ali təhsilini başa vurduqdan sonra o, 1911-ci ildə Azərbaycanın İrəvan quberniyasında yerləşən gimnaziyada fransız dili müəllimi kimi işləmək təklifi alır. 1913-cü ildən isə L.Daşkeviç Azərbaycanın digər quberniyası – Yelizavetpoldakı (indiki Gəncə şəhəri) gimnaziyada fransız dili ilə yanaşı, fizika fənnini də tədris edir. Burada o, foto sənətini davam etdirir, etnoqrafik ekspedisiyalarda iştirak edir, istedadlı fotoqraf kimi şöhrət qazanır.

***

1918-ci ilin iyulundan etibarən FTK üzvləri qruplara bölünərək Azərbaycanın bölgələrində ermənilərin törətdiyi soyqırımın geniş təhqiqinə başlayır. FTK-nın üzvlərindən A.Novatski, İ.Şahmalıyev və N.Mixaylovun rəhbərlik etdikləri təhqiqat qruplarına ekspert fotoqraf qismində L.Daşkeviç də daxil olur və o, 27 aprel 1920-ci ilə qədər AXC hökumətinin fotoqrafı vəzifəsində çalışır.

Fotoqrafın Şamaxı şəhəri və kəndlərində çəkdiyi fotoşəkillərin ümumi sayı 62 ədəddir. Onlardan 45-i şəhərin özündə, 17-si isə kəndlərdə, xüsusilə Əngəxaran, Ağsu, Boyat, Mərzəndiyə, Təklə-bəy, Çarhan və Çuxanlıda çəkilib.

Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotoşəkillərində evlərin, müxtəlif təyinatlı tikililərin alovun təsirindən qaralmış divarları ilə yanaşı, ayrı-ayrı iri ölçülü binaların xarabalıqlarını aydın görmək olar. Şəhərin bu hissəsindəki dağıntıların mərkəzində əzəmətli tikililərdən olan Cümə məscidinin yanmış divarları və yanğının təsirindən uçub dağılmış minarəsi diqqəti çəkir. Bir sözlə, fotolarda Şamaxı şəhərinin ermənilərin soyqırımı nəticəsində necə dağıldığı, xarabalığa çevrildiyi bilinir.

Ekspert-fotoqrafın Şamaxının yüksək sosial zümrələrindən olan tacirlərin yaşadığı Piran-Şirvan hissəsində çəkdiyi fotoşəkillərdə evlərdəki ağac məmulatından ibarət bütün hissələrin, o cümlədən taxta atmaların da yanıb kül olması əksini tapıb. Evlərin tikilməsi zamanı istifadə olunan ağ rəngli daşların bir hissəsi alovun təsirindən tamamilə qaralmış və kənar təsirlər nəticəsində toz kimi ovulurdu. Tezalışan hissənin olmadığı bir yerdə daş divarın bu dərəcədə yanması bolşevik-daşnak dəstələrinin evləri yandıran zaman alışdırıcı maddədən istifadə etdiklərini təsdiqləyir.

Şəhərin aşağı hissəsində yerləşən “Böyük bazar” küçəsinin hər iki tərəfində inşa olunmuş ticarət obyektlərinin divarları alovun təsirindən qaralmış, dəmirdən olan dam örtükləri də yanaraq bir hissəsi divarlardan asılı vəziyyətdə qalmış, bir hissəsi isə torpağın üzərinə düşmüşdü. Bəzi kiçik tikililər silahlı dəstələr tərəfindən tamamilə talanması ilə yanaşı, yaşayış üçün də yararsız hala salınmışdı. Bu tikililər də fotoşəkillərdə öz əksini tapıb.

Həmçinin beloruslu fotoqrafın Şamaxıda çəkdiyi fotolar arasında tükürpərdici materiallar da mövcuddur. Şıxminas kənd sakini Sultanovun evinin həyətindəki insan sümükləri: kəllə sümüyü, alt çənə sümüyü, qabırğa və onurğa sümüklərinin qalıqları erməni-daşnak hərbi birləşmələrinin törətdiyi vəhşilikləri əks etdirir. Bu evə sığınmış uşaqlı qadınlar burada silahlı dəstələr tərəfindən qətlə yetirilib.(Axar.az)

1918-ci ilin mart-iyul aylarında Şamaxıda baş verən soyqrımın təhqiqatı digər bölgələrdəkinə nisbətən ən ağır və çətin olması ilə yanaşı, həm də daha əsaslı və həcmli nəticələrlə yekunlaşıb. Artıq 27 avqust 1919-cu il tarixində “Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində baş vermiş soyqırım” haqqında 7 cild və 925 vərəqdən ibarət istintaq materialı toplanmış və FTK sədri Ə.Xasməmmədov tərəfindən təsdiqlənmişdi…

Xatırladaq ki, hadisələr zamanı Şamaxıda 58 kənd dağıdılıb, 1653-ü qadın, 965-i uşaq olmaqla 7 min nəfər məhv edilib.

Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə - Foto

Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə - Foto

Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə - Foto

Dəhşətli Şamaxı soyqırımı Daşkeviçin gözü ilə - Foto

İnterpress.az