“Çingiz Aytmatova dedim ki, sənin atanı da ermənilər öldürüb, təəccübləndi”backend

“Çingiz Aytmatova dedim ki, sənin atanı da ermənilər öldürüb, təəccübləndi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ancaq nədənsə Azərbaycanın Güneyində – Urmiyada, Salmasda və digər bölgələrdə erməni-aysor birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım yaddan çıxır.
Xalq şairi Sabir Rüstəmxanlının bu mövzuda fikirləri çox maraqlıdır.
Sabir Rüstəmxanlı bildirib ki, təəssüf ki, bu barədə çox az araşdırma aparılıb: “Əslində bizim millətin taleyində o qədər belə faciələr var ki, yan-yana. Bu hadisələri biz hər gün ayrıca qeyd eləməklə lazım olan nəticəni əldə edə bilmirik. Fevral ayında Xocalı soyqırımı, ardınca mart soyqırımı. Məncə bu soyqırımların hamısı bir gündə, bir tarixdə ümumiləşdirilmiş şəkildə dünyaya təqdim olunmalıdır.
Dəfələrlə demişik ki, bundan ötrü Bakıda Azərbaycanın tarixi faciələrinin əks olunduğu bir soyqırım muzeyi yaradılmalıdır. İndi deyirlər ki, Xocalı soyqırımı muzeyi olacaq, amma Xocalı soyqırımı muzeyi mart qırğınlarını, ondan əvvəl 1905-ci il, XIX yüzilliklərin axırlarında törədilən faciələrin hamısını əks etdirə bilməz. O cümlədən, Güney Azərbaycanda həyata keçirilən soyqırım diqqətdən kənarda qalır. Birinci dünya savaşı bitəndən sonra Türkiyədən qayıdan erməni silahlıları Gəncədə, Bakıda, Azərbaycanın müxtəlif guşələrində faciələr, qırğınlar törədəndən sonra Urmiyada, Salmasda, Xoyda baş verən hadisələrdən sonra onların bir dəstəsi Özbəkistana adlamışdı. Özbəkistanda belə ermənilərin onların başlarına açdıqları faciələrdən o qədər xəbərləri yoxdur.
Mərhum Çingiz Aytmatova bir dəfə dedim ki, bilirsənmi, sənin atanı da ermənilər öldürüb.
Dedi ki, ola bilməz. Dedim necə ola bilməz, sizin haqqınızda kitab yazılıb, onu açıb baxın, atanızı NKVD-nin sədri Sakov öldürüb, Sakov da ermənidir. Heyrətə gəldi ki, mən bunu indiyə qədər bilməmişəm. Hətta bəzən böyüklərimiz belə bu faciələrin kimlər tərəfindən törədildiyinin o qədər fərqinə varmayıblar.
Bunun da səbəbi rejimlər olub, Sovet hökuməti, bolşevik hökuməti gələndən sonra o hadisələri unutdurmağa çalışıblar. Çünki o rejimdə də ermənilər üst mövqedə idilər, onda da yuxarı vəzifələri tuturdular. İranda da fars rejimi İranda baş vermiş faciələri unutdurmağa çalışıb.

Məncə bu barədə Azərbaycanın aydın bir konsepsiyası olmalıdır. Bir neçə il ardıcıl olaraq Xocalıya ədalət kompaniyası aparılan kimi, Azərbaycanda ermənilərin törətdikləri soyqırımları dünyaya çatdırmaq üçün böyük işlər görülməlidir. İndinin özündə Ermənistana, Yerevana hər gələn hər qonağı “soyqırım abidəsi”nin üstünə aparırlar. Halbuki Ermənistanda o vaxt azərbaycanlıların sayı ermənilərin sayından daha çox idi və orada daha çox azərbaycanlılar öldürülüb. Zəngəzurda yüzlərlə kənd yer üzündən silinib. Təəssüf ki, biz bu faktları çatdıra bilmirik, ölkəmizdə elə muzey yoxdur ki, gələn qonaqları ora aparaq. Özümüzü elə aparırıq ki, sanki qonşularımızın bizim haqqımızda dediklərinin hamısı doğrudur. Bu bardə real addımlar atılmalıdır”.

Xalq şairi millətimizin başına zaman-zaman gətirilən bəlaların ədəbiyyatımızda çox az yer aldığını da vurğulayıb: “Ermənilər əsası olmayan, uydurma erməni soyqırımı haqqında minlərlə kitablar yazıblar. Amma bizdə millətimizin başına gətirilən faciələr haqqında çox az kitablar var. İndi nə yaxşı ki, Tarix İnstitutunda Solmaz Tohidi bir neçə, Şamaxı, Quba, Bakı soyqırımı ilə bağlı sənədləri ortaya çıxarıb. 1918-ci ildə Milli Hökumət xüsusi komissiya yaratmışdı və Bakı, Şamaxı, Quba faciəsini sənədləri toplanırdı. Həmin sənədlər beynəlxalq məhkəməyə veriləcəkdi, amma Milli Hökumətin yıxılmağı bunun qarşısını aldı. İndi həmin proses davam etdirilməlidir, amma təəssüf ki, indinin özündə Qarabağda belə baş verən faciələri yetərincə təqdim edə bilmirik. Təkcə Xocalını deyirik, ancaq orda 52 kəndin hamısında ona bənzər faciələr olub. Bu işlə ardıcıl olaraq bir institut, qurum, komitə məşğul olmalıdır, təəssüf ki, bu yoxdur. Ədəbiyyatda da bu məsələlərə geniş yer verilməlidir. Məsələn, o vaxt Milli Hökumətin sifarişi ilə M.S.Ordubadi “Qanlı sənələr”i yazmışdı, sonra Əyyub Abbasov çətin şəraitdə olsa da “Zəngəzur” romanında bu məsələlərə toxunmuşdu. Sonrakı illərdə bu mövzu tamam unuduldu. Yadıma gəlir ki, mən “Ömür kitabı”nı yazanda mərhum Vəli Məmmədov arxivdən sənədləri çıxarıb mənə verdi, çünki arxivlərə girmək belə mümkün deyildi, qadağan idi. “Ömür kitabı”nda Zəngəzur, Qarabağ faciələri ilə bağlı müəyyən sənədləri yazmışdım. Sonra “Difai fəadiləri”ndə 1905-1906-cı il Bakı qırğınları təsvir olunub. “Şair və Şər” romanımda da Məhəmməd Hadinin Bakıda gördüyü faciələr təsvir olunub. Bir qələm adamı olaraq 1905-1918-ci ildə törədilmiş faciələrdən yazmağı özümə borc saymışam, amma bunlar tək Azərbaycan üçün deyil.
Gərək ki, bu kitablar müxtəlif dillərə tərcümə olunsun, yayılsın, oxusunlar və görsünlər ki, nələr baş verib. Varsa başqa əsərləri ortaya qoyaq, yoxdursa bununla məşğul olanlar ortaya çıxarılsın. 1918-ci illə bağlı başqa kitablar da var, son vaxtlar xeyli yazılar var. Hökmən bunların ən yaxşıları seçilib xarici dillərə tərcümə olunmalıdır. Çünki bir-birindən köçürmələr, sənədlərə söykənmədən, ümumi sözlərlə, həvəskar səviyyəsində yazılmış kitablar da var. O kitablar yox, ciddi sənədlərlə yazılmış kitablar hökmən xarici dillərə çevrilməlidir və dünyaya yayılmalıdır”. (moderator.az)


İnterpress.az