“Bir milyon insanın taleyi haqqında bir cümlə yoxdur”backend

“Bir milyon insanın taleyi haqqında bir cümlə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu ilə bağlı xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrənsik:

Xalq şairi ilk öncə zaman-zaman Azərbaycan Demokratik Respublikası (ADR) liderləri haqqında mənfi düşünənlər, onları vətənə xəyanətdə qınayanlar haqqında danışıb: “ADR elə bir səviyyədədir ki, onun adı heç bir ləkə götürməz. Bəzi məmurlar nə qədər əl atdan düşmənçilik etsələr, Rəsulzadənin büstünün başına torba keçirsələr, büstləri yığışdırsalar, vəd versələr də heykəli qoyulmasalar belə. ADR Azərbaycan tarixinin çox parlaq səhifəsidir. Bunu bizim bütün rəsmi dövlət sənədləri qeyd edir. Dövlət, dövlət başçıları səviyyəsində ADR-in tarixi xidməti həmişə qiymətləndirilib. Bizim dövlətimiz də əslində ADR-in varisidir, biz həmin dövləti bərpa etmişik. ADR-in əleyhinə danışmaq, onun hər hansı liderini cahilcəsinə aşağılamaq əslində dövlətin siyasətinə, dövlətin konstitusiyasına ziddir, cinayətdir. Konstitusiya Aktımızda açıq yazılıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Şərqin ilk demokratik respublikası olan ADR haqqında şübhə yaratmaq, onun liderləri haqqında millət arasında mənfi rəy formalaşdırmaq Azərbaycan dövlətinin əsaslarını sarsıdar və bu, qanunlarımıza hörmətsizlik olar. Təəssüf ki, o cür adamlar var və biz onlara qarşı illər uzunu mübarizə aparırıq, bu mübarizələrin əzablarını da çəkirik, hədəfə çevrilirik. Amma bunlara baxmayaraq bu, bizim yolumuzdur, inamımızdır, Azərbaycan dövlət olaraq da şübhəsiz ki, bu mövqedədir. Ayrı-ayrı məmurların, xainlərin, kimliyi bəlli olmayanların Rəsulzadəni hədəf seçməsi, yaxud ADR-i yoxdan sayması heç nəyi dəyişməz. Bu, deyənlərin cahilliyidir, o dövrü bilməmələridir, Rəsulzadə haqqında məlumatlarının olmamasıdır, Rəsulzadənin kitablarından xəbərsizlikləridir. Rəsulzadəni oxusalar görərlər ki, o, dahidir, sıradan bir partiya lideri, yaxud da mücahid, mübarizə adamı deyil. O, doğrudan da yazılarıyla, kitablarıyla, gördüyü işlərlə bir dahidir, Azərbaycan tarixinin ən parlaq simalarından biridir. Bunu inkar edənlər zəhmət çəkib onun əsərlərini oxusunlar. ADR liderləri çox çətin vəziyyətdə bayrağı, atributları, indikindən qat-qat böyük bir ərazisi ilə Şərqdə bir nümunə, örnək yaratdı. Qarabağ, Zəngəzur uğrunda savaşdılar, həm diplomatik, həm də silah savaşı getdi. Ermənistan respublikasının yaranması artıq beynəlxalq güclərin, Amerikanın, Avropa ölkələrinin çox böyük təkidi, təziqi ilə baş tutdu. Ermənistanın yaradılmaması, dövlət olaraq mövcudluğunun qəbul edilməməsi ADR üçün təhlükə yaradırdı. Buna görə də onun yaranması razılıqla qarşılandı, etiraz etmədilər. ADR yeni yaranmış dövlət idi və o gücü yox idi ki, bütün regionu azad eləsin, düşmənə qarşı savaşsın. Onu da nəzərə almalıyıq ki, həmin illərdə Qafqazda Rusiyanın silahlandırdığı və Birinci Dünya savaşında Türkiyəyə qarşı göndərdiyi 150-200 min arasında silahlı erməni əsgəri var idi. Üstəlik də onlara bolşevik Rusiyası da hər cəhətdən yardım edirdi. Belə bir çətin şəraitdə o dövləti qurublar, ona görə də onlar haqqında mənfi danışmaq qəbahət, günah olar”.

Sabir Rüstəmxanlı daha sonra Ermənistanla üç günlük müharibədən sonra atəşkəs elan olunmasına münasibət bildirib: “Cəbhə xəttində baş verənlər şübhəsiz ki, ATƏT-in Minsk qrupu yaranandan bəri, təxminən 24 il ərzində 1992-ci ildə əldə olunmuş atəşkəsdən sonra ilk ciddi hərbi əməliyyat idi. Amma bu əməliyyatlar əslində hər gün davam edir, hər gün güllə atılır, tez-tez yaralananlar, ölənlər olur. Kimsə düşünür ki, Azərbaycan atəşkəs elan olunmaqla öz torpağının beşdə birini, Dağlıq Qarabağdakı rayonlarını, onun ətrafındakı 7 rayonunu unudacaq, həmin şəxslər səhv fikirdədirlər. Təəssüf ki, bəzi siyasətçilərimiz itirilmiş rayonlarımızın sayını belə düzgün bilmirlər, bəzisi altı, bəzisi beş deyir, birdəfəlik bilməliyik ki, Qarabağın ətrafında yeddi rayon işğal olunub və bu rəqəmi birdəfəlik yaddaşlarında saxlasınlar. Minsk qrupu 1992-ci yaranıb və bu tarixi unutmasınlar. Mən Moskvadakı müzakirələri izlədim, ümumiyyətlə Rusiya tərəfindən yayımlanan müxtəlif beynəlxalq ekspertlərin rəylərini dinləyirəm. Onlar hər şeydən danışırlar, kim birinci güllə atıb, bunu necə dayandıraq, necə edək atəşkəs pozulmasın, beləliklə min dənə nağıl, cəfəngiyyat uydururlar. Amma biri demir ki, yaxşı, atəşkəs olsun, güllə atılmasın, ölən olmasın, bəs bu torpaqlardan çıxarılan bir milyon insanın taleyi necə olsun? Qarabağdan, Şuşadan, yeddi rayondan çıxarılan azərbaycanlılar necə olsun?
Bu insanlar öz vətənlərində öz ocaqlarından, öz ellərindən kənarda həyatlarını başa vurmalıdır? Dünənki Moskva müzakirələrində, dünyanın müxtəlif informasiya agentliklərinin verdiyi yazıların birində belə bu bir milyon insanın taleyi haqqında bir cümlə yoxdur. Yaxşı, Dağlıq Qarabağ məsələsini danışaq, amma Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu işğal etməyə erməninin haqqı yoxdur axı. Yüz min Dağlıq Qarabağ ermənisinə görə bir milyon azərbaycanlı qurban getməlidirmi? Bir milyon azərbaycanlı yüz min ermənini qorumaq üçün buffer olmalıdırmı?
Bizi nə hesab edirlər? Ona görə də atəşkəs bu gün dayandırıla bilər, amma bu, əbədi ola bilməz. Atəşkəs gec-tez pozulacaq, ermənilər o torpaqlardan çıxana qədər. Ermənistanın tərəfdarlarının nə qədər tez ağılları başlarına gəlsə, bunu nə qədər tez dərk etsələr ki, bir milləti öz torpağında bu cür rəzil günə qoya bilməzlər, bunun bir sonu olacaq, o zaman vaxtında bu məsələləri həll edib, torpaqlarımızdan çəkilib gedərlər. Nə yaxşı olar ki, bu danışıq yolu ilə, razılaşma ilə olsun. Öncə Qarabağ ətrafındakı rayonlarımız azad edilsin, sonra Qarabağ ermənilərinin məsələsi müzakirə olunsun, müəyyən statuslar da bundan sonra həll oluna bilər.
Bunları nəzərə almadan, mən burdayam, məni Rusiya, Fransa, Avropa müdafiə edir və mən girib qonşumun ərazisində həmişəlik oturacam kimi düşünmək xam xəyaldır. Heç ermənilərin də ağıllı adamları buna inanmaz, bilirlər ki, gec-tez o torpaqlardan çıxmalıdırlar.
Çalışırlar ki, unutsunlar və hesab edirlər ki, bir milyon adam ölüb, qırılıb bitəcək və bunlar da Füzulidə, Cəbrayılda, Ağdamda daimi oturacaqlar. Başa düşmürlər ki, o bir milyon daha da artır, Qarabağdan köçürülənlər indi artıq milyon yarımdır və bunlar öz torpaqlarına qayıtmalıdırlar”. (moderator.az)

İnterpress.az