Beynəlxalq təşkilatlar Qarabağı müzakirəyə çıxarırbackend

Beynəlxalq təşkilatlar Qarabağı müzakirəyə çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda baş verən son hadisələrdən sonra cəmiyyətdə bir situasiya yaranıb: bu qədər şəhidlərimiz, uğurlu əməliyyatlar olduğu halda atəşkəs sazişi bağlandı. Bundan sonra proseslər danışıqlar masası ətrafında davam edəcək. Artıq Rusiyanın təklif etdiyi bəzi həll modelləri gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, Rusiyanın münaqişənin həlli üçün təklif etdiyi variant Azərbaycan üçün sərfəli deyil. \”Məsələnin mərhələli həlli\” şəklində təklif olunan \”5+2\” formatı və Rusiya hərbi qüvvələrinin \”sülhməramlı qüvvələr\” adı altında Dağlıq Qarabağa yerləşdirilməsinin Azərbaycanın suverenliyi üçün təhlükə olması qənaəti də əksər ekspertlər tərəfindən dilə gətirilir. Bəs bütün bu proseslərdən sonra Azərbaycan diplomatik danışıqlar yolu ilə nə əldə edə bilər? Qısa müddətli müharibədən üstünlüklə ayrılan Azərbaycan danışıqlarda bu üstünlüyündən istifadə edə biləcəkmi?
İlham İsmayıl: \”Bu işdə də ən böyük maneçilik törədən Rusiyadır\”
Politoloq İlham İsmayıl \”Bizim Yol\”a bildirib ki, diplomatik danışıqlar son 24 ildə Azərbaycana nə veribsə, bundan sonra da artıq heç nə verməyəcək. \”Əgər son olaylar diplomatik danışıqları aktivləşdirəcəksə, indiki duruma görə Azərbaycanın xeyrinə ola biləcək heç bir plan yoxdur. Əgər Qərbin təzyiqi ilə 7 rayonun alınması mümkün olarsa, Dağlıq Qarabağın hansı statusda olması növbəti mərhələdə müzakirə oluna bilər. Buna getmək olar. Amma Rusiyanın təklif etdiyi \”5+2\” formatı və rus qoşunlarının bura gətirilməsi Azərbaycanın məğlubiyyəti, Dağlıq Qarabağın tam yaddan çıxarılması, həmçinin ümidlərin tamamilə itməsi deməkdir. Ona görə də bu diplomatik danışıqların da uzun müddət nəticə verməyəcəyi qənaətindəyəm. Çünki danışıqlar elə vəziyyətə gətirib ki, tərəflər apardıqları daxili və xarici siyasətlərinə və burada bir sıra xarici dövlətlərin də maraqları toqquşduğuna görə son nəticəni əldə etmək çox çətindir. Bu işdə də ən böyük maneçilik törədən Rusiyadır\” – deyə İ.İsmayıl bildirib.

Beynəlxalq təşkilatlar Qarabağı müzakirəyə çıxarır

Ekspert vurğulayır ki, \”5+2\” o zaman olardı ki, bu, mərhələli plana aiddir və burada rus qoşunları deyil, BMT-nin sülhməramlı qüvvələri yerləşəcək və perspektivdə 2 rayonun da məsələsi həll ediləcək. Yox, əgər \”5+2\”-də rus qoşunları sülhməramlı adı ilə gəlib təmas xəttində dayanacaqsa, bu, Azərbaycanın müstəqilliyinin sonu deməkdir. Hətta Putin rejimi devrilsə belə, Rusiya Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün səy göstərəcək və sonadək dirənəcək. Qərbin də mövqeyinin nədən ibarət olacağı hələ qeyri-müəyyəndir. Ona görə qeyri-müəyyəndir ki, \”5+2\”-yə hər iki tərəfin arzularını nəzərə alaraq Rusiya fakt ortaya qoya bilər: Ki, hər iki tərəf – Ermənistan da, Azərbaycan da razıdır, Qərbin razı olub olmamağının əhəmiyyəti yoxdur. Amma bu variant bizim üçün olduqca təhlükəlidir. Ümumiyyətlə, Madrid prinsiplərində birinci maddənin 4-cü bəndinə yenidən baxılmalıdır. Çünki bu, onlara sərf edir. Amma Amerikanın təklif etdiyi 7 rayonun geri qaytarılması, BMT sülhməramlılarının yerləşdirilməsi və Dağlıq Qarabağın statusunun sonradan müzakirə olunması bizim üçün ən yaxşı variantdır\” – İ.İsmayıl qeyd edib.

\”Madrid prinsipləri\” Azərbaycan üçün nə vəd edir?

Madrid prinsipləri – Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Sənədə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid prinsiplərinə əsasən ilk mərhələdə DQMV-a daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar dedikdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndi nəzərdə tutulur. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Passiv ATƏT-in Minsk Qrupunun aktiv üzvü Rusiyanın mövqeyi

Diqqət çəkən məqamlardan biri də odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyəti çox zəif qiymətləndirilir. Həmsədr ölkələrdən faaliyyəti nəzərə çarpan yalnız Rusiyadır ki, onun mövqeyi isə birmənalı deyil. Bu ölkədən həmsədr İqor Popov bildirib ki, danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair heç bir yeni sənəd yoxdur, sadəcə, tərəflərin müzakirə etdikləri həmsədrlərin təklifləri var. O, üç əsas prinsip və altı elementə əsaslanan bir neçə versiyanın olduğunu əlavə edib.

Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının üç prinsipini xatırladıb: gücdən istifadə etməmə, millətlərin öz müqəddəratını müəyyən etmə hüququ və ərazi bütövlüyü. Altı elementə gəlincə isə Popov deyib: \”Altı elementdən iki ən əsası torpaqların qaytarılması və Dağlıq Qarabağın statusunun həllidir və ya əksinə, Dağlıq Qarabağın statusunun həlli və torpaqların qaytarılmasıdır. Bu iki məsələ bir yerdədir, vahiddir\”.

\”Elementlərə həmçinin qaçqınların qayıtması, Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək koridorun eni və statusu daxildir\” – deyə Popov bildirib. Sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi məsələsinə gəlincə isə, rusiyalı həmsədr sülhməramlı əməliyyatın yekun mərhələdə, yəni sülh sazişi imzalandıqdan sonra nəzərdə tutulduğunu bildirib.

Rusiyanın baş naziri Dmitri Medvedevin də mövqeyi belə olub. \”Rusiyanın mövqeyi ondan ibarətdir ki, nə olur-olsun, eskalasiyaya yol vermək olmaz, sakitləşmək, atəşi dayandırmaq, atəşkəsi bərpa etmək və danışıqlar masası arxasına oturmaq lazımdır\” – deyə baş nazir \” deyib.
Politoloq: \”Minsk Qrupunun mandatı danışıqları təşkil etməkdir\”

Politoloq Hikmət Hacızadə \”Bizim Yol\”a açıqlamasında deyib ki, Madrid prinsiplərində digər həmsədr ölkələrlə Rusiyanın mövqeyi eynidir. \”Ruslar da təklif edirlər ki, 5 rayon qaytarılsın, sonra 2 rayonun danışıqları aparılsın və ardınca Dağlıq Qarabağın statusuna baxılsın. Bu baxımdan, həmsdər ölkələrin mövqeyində ziddiyyət yoxdur. Rusların da dediyi kimi, yeni plan yoxdur və rəsmiləri də bildirirlər ki, Ermənistan 5 rayonu verməlidir – deyə H.Hacızadə bildirib.
Digər həmsədr ölkələrin son proseslərdə fəaliyyətsizliyinə gəlincə H.Hacızadə bildirib ki, ATƏT-in Minsk Qrupu statusuna görə tribunal, məhkəmə deyil ki, qərar qəbul etsin. \”Minsk Qrupunun mandatı ancaq danışıqları təşkil etmək, tövsiyələr, planlar verməkdir. Bundan başqa, Minsk Qrupundan başqa formatda qrupun olması da mümkün deyil. Çünki qrupda olan ölkələr həm də BMT-nin Təhlükəsizlik Şurasında oturublar. Son hadisələrdə Rusiyanın daha aktiv reaksiyasına gəlincə, bu ölkə daha yaxındadır. Rusiya idarə edir, silah satır, qoşun göndərir və s. Digərləri isə uzaqdadırlar, girişmək istəmirlər, strateji mənada imkanları azdır. Ona görə də Minsk Qrupunu buraxmaq, nədəsə suçlamaq doğru deyil. Əgər BMT-nin tribunalı olsaydı və ora müraciət etsəydik, onda deyə bilərdik ki, bunlar fəaliyyətsizdir\”.

Beynəlxalq təşkilatlar Qarabağı müzakirəyə çıxarır

Hikmət Hacızadə vurğulayıb ki, \”5+2\” təklifi Azərbaycan üçün qorxulu variantdır. \”Burada həm iki rayonumuzun taleyi naməlumdur, həm də Madrid prinsiplərində Dağlıq Qarabağda referendum keçirilməsi qeyd olunub. Referendumu kim keçirəcək, necə keçirəcək. Hətta bizim əhali ora qayıdacaqsa belə, yenə ermənilər çoxluq təşkil edəcək. Nə cür səs veriləcək və s. Ona görə də həmin prinsiplərin altına kim necə qol çəkib, mənə aydın deyil. Yəqin düşünürlər ki, hələlik bu rayonları azad edək, sonrasına baxarıq. Amma bu, bizim üçün çox təhlükəli plandır\”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iki gün əvvəl Nazirlər Kabinetinin iclasında deyib ki, biz danışıqlar prosesinə sadiqik və ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. \”Məsələnin həlli də çox sadədir. Ermənistan silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır\”.

Hikmət Hacızadə bildirib ki, gələcəkdə Dağlıq Qarabağ məsələsinin tam ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümid edir. \”Rusiya gündən-günə zəifləyir və artıq nə erməniləri, də Qarabağı dəstəkləməyə onun imkanı olmayacaq. Ola bilsin ki, biz bu çətin labirintdən üzüağ çıxdıq. İndiki vəziyyətdə əlbəttə ki, rus Qarabağı almağa bizə imkan verməyəcək. Münaqişəni saxlamağa çalışacaqlar ki, öz iradələrini diqtə edə bilsinlər\” – deyə politoloq bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət Avropa Parlamentinin 11-14 aprel tarixlərində Strasburqda keçirilən plenar sessiyasında müzakirə olunacaq. Aprelin 12-də baş tutacaq müzakirələrdə mövzu ilə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini çıxış edəcək.

Məsələ həmçinin AŞPA-nın da gündəliyinə salınıb. 18-22 aprel tarixlərində keçiriləcək iclasda \”Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası\” mövzusunda müzakirələr yaz sessiyasının ilk günü – aprelin 18-də baş tutacaq.(Bizim.yol)

İnterpress.az