\”Artıq elan verildiyi kimi Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsinin tərcümə etdiyi Qriqoriy Petrovun \”Bəyaz zanbaqlar ölkəsində\” kitabı bu yaxınlarda işıq üzü görəcək. MFM üzvləri təqdimatı keçirmək məqsədi ilə Azərbaycan Yazıçılar İttifaqının nəznində yerləşən \”Natəvan\” klubuna müraciət edib. Oradan isə bildiriblər ki, AYB üzvü olmayan şəxslər kitab təqdimatı keçirmək üçün 300 manat ödəniş etməlidirlər.
Fikrimcə bu məsələ Azərbaycan Yazıçılar İttifaqı adına ləkə sayılmalıdır. Birincisi ona görə ki, öz təşəbbüsləri hesabına dünyanın ən önəmli kitablarından birini tərcümə edən gənclərdən təqdimat üçün pul istənilib. İkincisi sağlam cəmiyyətlərdə ziyalılar, yazıçılar, ədəbiyyatla məşğul olan insanlar yaradılan obrazlara diqqət etməlidir. Məsələn, bu son olayda mənim təsəvvürümdə ədəbiyyatla məşğul olan adamların, o binada oturanların sayəsində bir alver obrazı yarandı. Ədəbiyyat pul qazanmaq üçün bəlkə də sonuncu sahədir. Bu, dünyanın istənilən ölkəsində belə olub. Yazıçılar İttifaqında oturanların bir qismi pul qazanmağa çox həvəsli imiş, bunu anladıq. Həm də anladıq ki, niyə son 20 ildə Azərbaycan ədəbiyyat sahəsi qəbirstanlığa bənzəyir\”.
– Kitabın təqdimatını harda keçirmək niyyətindəsiniz?
– Bu barədə düşünüb məlumat verəcəyik. Yəqin ki, bu 200 manata kirayələnən “Natəvan” klubunda olmaz. İroniya budur ki, bizim tərcümə etdiyimiz kitabda məhz bu tip ziyalılardan bəhs edilir. Necə göründüklərini bilmək istəyirlərsə bu kitabı oxumağı tövsiyyə edirik. Biz kitabı onlara hədiyyə etməyə hazırıq.
Azərbaycan Yazıçılar İttifaqının gənclərlə iş üzrə katibi Rəşad Məcid açıqlama verərək bildirib ki, klubda təqdimat keçirmək pulsuzdur:
\”Mən Şəhriyar bəyin statusunu oxudum. Orda qayda belədir, Azərbaycan Yazıçılar Birliyinin üzvləri tədbir keçirə bilər və bu üzvlər üçün \”Natəvan\” klubu pulsuzdur. Əgər başqası keçirmək istəyirsə, müraciət edir, kitabın səviyyəsinə baxılıb ona yer ayrıla bilər. Hər halda ola bilməz ki, tərcüməçilərin içində Yazıçılar Birliyinin üzvü olmasın\”.
– Yoxdur. (E.M)
– Birliyin üzvü yoxdursa, kitabı təqdim etmək lazımdır. Baxıldıqdan sonra keçirilə bilər. Rauf orda niyə elə deyib, qiymət qoyub bilmirəm. Mənə elə gəlir ki, o düz eləmir, təcrübəsizlik edib. Yazıçılar Birliyində pulla keçiriləcək bir ənənə də, qıraqdan gələnin tədbir keçirməsi ənənəsi də yoxdur. Kitab tərcümədirsə, Yazıçılar Birliyinin katibləri var, gətirin İlqar Fəhminin yanına, baxsınlar, əgər qənaətbəxş kitabdırsa orda tədbir keçirə bilərlər. Rauf elə bilib siz qıraqdan gəlmisiniz, hansısa məqsədlə… maliyyəni də ona görə deyib. Əslində elə şey yoxdur.
Qeyd edək ki, MFM Tərcümə Şöbəsinin tərcüməsi olan Qriqoriy Petrovun \”Bəyaz zanbaqlar ölkəsində\” kitabı bu yaxınlarda işıq üzü görəcək. Kitabın təqdimatı ilə bağlı da məlumat veriləcək.
Onu da əlavə edək ki, sözügedən kitab SSRİ-də qadağan olunub. Atatürk isə onu türk dilinə tərcümə etdirərək hərbi məktəblərin və akademiyaların tədris planına saldırıb.(Etatist.com)
İnterpress.az