Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də mətbuata açıqlamasında bildirib ki, Zabrat gölünün suyu hətta getdikcə Bakı İstintaq Təcridxanasına yaxınlaşır.
Problemlə yerində tanış olmaq üçün virtualaz.org-un əməkdaşları adı çəkilən ərazidə olub. Həmsöhbət olduğumuz sakinlər də bildirib ki, gölə yaxın ərazidəki evlərin divarlarında, döşəmələrində nəmlik hiss olunur.
Evə qədər uzanan çirkab gölü
“Zirzəmidən də suyun qoxusu gəlir. Yayda da ağcaqanadların, həşəratların sayı artır. Evin də hər yeri nəmişlikdir”, – deyə sakin Abbas Qurbanov bildirib.
Bunun əsas səbəblərdən biri gölün ətrafında çoxsaylı evlərin tikilməsi və kanalizasiya sularının gölə axıdılmasıdır. Digər bir səbəb isə vaxtilə bu ərazidə olan su ötürücü kanalın sonradan naməlum adamlar tərəfindən doldurulması ilə bağlıdır.
Bu, problemin hələ hamısı deyil. Zabrat gölü çirkab gölü olduğundan yay aylarında burada ətrafa kəskin üfunət qoxusu yayılır və göl qəsəbə üçün ciddi ekoloji problemə çevrilir.
Sakinlərin sözlərinə görə, havalar isindikcə həm gölün qoxusundan, həm də həşəratlardan xeyli əziyyət çəkirlər.
“Bəzən uşaqlar da burada çimir, eləsi olur ki, batmaq təhlükəsi ilə üzləşir. Qoxu, çirkab bir yandan, uşaqlar üçün təhlükə bir yandan bizi narahat edir”.
Ölkə başçısı İlham Əliyev də 2014-cü il yanvarın 17-də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı barədə sərəncam imzalayıb. Həmin dövlət proqramına Abşeron yarımadasında ekoloji vəziyyəti yaxşılaşdırılması nəzərdə tutulan 9 gölün adı daxil edilib. Zabrat gölü də həmin siyahıdadır. Buna baxmayaraq, hələ də göldə ekoloji vəziyyət qeyri-qənaətbəxş olaraq qalır.
“Səbəbkar sakinlərin özüdür…”
Ekoloq-ekspert Telman Zeynalov virtualaz.org-a açıqlamasında sakinləri narazı salan vəziyyətin səbəbkarının qismən elə sakinlərin özü olduğunu bildirib:
“Hazır göldür deyə, ətrafdakı evlərdə yaşayan sakinlər kanalizasiya sularını ora axıdırlar. Orada üfunət və çirkabı yaradan da budur. Bu, insanların səhhətinə də mənfi təsir göstərir, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də, yerli icra hakimiyyəti orqanlarına, yaxud da bələdiyyəyə müraciət etməlidirlər ki, kanalizasiya sistemi yenidən qurulsun və tullantılar gölə axıdılmasın”.
Ekspert əlavə edib ki, göldəki suyun səviyyəsinin qalxmasının əsas səbəblərindən biri də partlayan su kəmərlərindən olan sızmalardır:
“Aidiyyatı qurumlar buna laqeyd yanaşırlar, ona görə də, vəziyyət pisə doğru dəyişir. Bunun qarşısı alınmalıdır”. (virtualaz.org)
İnterpress.az