Dünyada hər il 13 milyon insan xərçəngdən öləcəkbackend

Dünyada hər il 13 milyon insan xərçəngdən öləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Azərbaycanda xərçəng xəstəliyinin sayı artıb. Hətta bu sağalmaz xəstəlik gəncləri, uşaqları belə ağuşuna alıb. İstənilən aptekə girdiyimiz zaman orada insan əlindən tərpənmək olmur. Hətta bir dərman almaq üçün növbə tutmalı oluruq. Maraqlıdır, Azərbaycanda niyə bu qədər çox xəstə var, bunun səbəbi qidalardır, yoxsa tamamilə başqa səbəblər mövcuddur? Nədən xərçəng xəstəliyi azalmaq əvəzinə, getdikcə daha da artır və gəncləşir?

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artımı gözlənilir. Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq. BMT-nin açıqladığı statistikaya görə isə hər il 7,6 milyon insan xərçəngdən həyatını itirir. Xərçəngdən ölənlərin sayının HIV/AIDS, vərəm və malyariyadan ölənlərdən daha çox olduğunu göstərir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, müalicə üsulu tapılmadığı təqdirdə 2030-cu ildən etibarən dünyada hər il 13 milyon insanın ölüm səbəbi xərçəng olacaq.

Tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyinin müxtəlif səbəbləri olduğunu dedi: “Xərçəng xəstəliyinin əmələ gəlmə səbəbləri çoxsaylıdır. Əsas vacib səbəb isə hələ ki aşkarlanmayıb. Xərçəng xəstəliyi hansısa bir orqanın, bir qrup hüceyrənin anormal bölünməsi və çoxalmasıdır. Yəni bizim bədənimizdəki hüceyrələrin bölünməsi və çoxalması nəzarət altındadır. Bəzən bu nəzarət pozulur və bədənin resurslarında qeyri-tipik hüceyrələr çoxalır, yayılır, metastaz verir və s. Buna birinci səbəb uzunmüddətli qıcıqlanmalar, hüceyrənin qida sindromunun dəyişməsi, konsoragen maddələr, həmçinin fiziki və digər faktorlar, hormonal proseslər və çox şeylər səbəb ola bilər. Qidalar, fastfoodlar, pis vərdişlər, siqaret, alkoqol, piylənmə, az hərəkətlilik özü də xərçəng xəstəliyinin inkişafı üçün şərait yaradır. Yəni səbəblər həddən artıq çoxdur. Sadəcə olaraq, ərzaq məhsullarının da təhlükəsizliyi konsepsiyası olmalıdır. Bu, millətin genefondu üçün çox vacibdir. Bu, təkcə xərçəng xəstəliyi üçün deyil, eləcə də maddələr mübadiləsi xəstəliklərinin baş verməməsi üçün də önəmlidir. Ərzaq təhlükəsizliyinin konsepsiyası ondan ibarətdir ki, ölkəyə idxal olunan, ölkədə istehsal olunan ərzaq məhsullarının təhlükəsizliyini və xüsusilə də onların ayrı-ayrı xəstəliklərə malik olan inqridentlərə sahib olması nəzərdən keçirilib və bu iş ciddi nəzarət altında olub. Təəssüflər olsun ki, bu gün bu işdə çox böyük boşluqlar var”.

Xəstəliyin yaranmasına bir səbəb də qidaların olduğu güman edilir. Son günlər mətbuatda at, eşşək ətlərindən kolbasalar və nə qatıldığı bəlli olmayan qidalarla bağlı çoxlu sayda yazılar dərc edildi. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xarici ölkələrdə apteklərin və aptekə girən insanların sayının Azərbaycandakından dəfələrlə az olduğunu dedi: “Mən axırıncı dəfə Yeni Zelandiyada, Braziliyada olarkən oradakı aptek saylarının Azərbaycandakından dəfələrlə az olduğunu gördüm. Apteklərdəki insanların sayı da az idi. Azərbaycanda aptekə girəndə insan əlindən tərpənmək olmur. Növbələr yaranır. Görün nə qədər insanlarımız xəstədir. Dövlət iş aparmalıdır ki, Azərbaycanda nə baş verir ki, bu qədər insan xəstədir.

Dünyada hər il 13 milyon insan xərçəngdən öləcək

Bütün dünyada qida təhlükəsizliyi haqqında qanun var. Azərbaycanda nə üçün olmasın? Nə üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstəricilərində qida zəhərlənmələri Azərbaycandakından 250 dəfə az göstərilir? Çünki qidalara sertifikat verən orqanlar əhalinin sağlamlığının keşiyində durmalıdır. Sertifikat verilən orqan mütləq olmalıdır. Çox təəssüflər olsun ki, biz Azad İstehlakçılar Birliyi (AİB) olaraq, beynəlxalq təşkilatın üzvü olaraq, 120 ölkə ilə əlaqəmiz olmasına baxmayaraq bu təşkilatla heç bir dialoq aparılmır. Hökumətdən mənim heç bir imtiyazım yoxdur.

Sadəcə olaraq, qulaq assınlar ki, nə demək istəyirik. Sizin qəzet vasitəsilə çığırıb-bağırırıq ki, ay camaat, buna çarə qılın, bizə heç kim əhəmiyyət vermir. Əlbəttə ki, qanun olmayan yerdə mütləq cinayət baş verir. Mənim əlimdə siyahı var ki, ölkəmizdə 800-ə yaxın mal sertifikatlaşdırılmadan satılır. Bəzilərinə isə saxta sertifikatlar veriblər. Ümid edirəm ki, bizim bu həyəcan təbilimiz bir faydasını verəcək”. (musavat)

İnterpress.az