Fransanın Qarabağla bağlı təşəbbüsü nə vəd edir?backend

Fransanın Qarabağla bağlı təşəbbüsü nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiyanın atəşkəsə çağırış etməsinə baxmayaraq qoşunların təmas xəttində atəş səsləri eşidilir.

Digər həmsədr ölkə olan Fransa, Ermənistan və Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müracət hazırlayıb.
Maraqlıdır ki, həmsədr ölkə olan Fransanın Dağlıq Qarabağ məsələsində təşəbbüsü nə ola bilər?!

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında məsələni şərh edərkən deyib ki, Fransanın bu məsələnin həllinə səy göstərməyə çalışması öncə, Rusiyanın təkbaşına liderliyini sıradan çıxara bilər.

ABŞ Cənubi Qafqazda da var

“Hər halda son zamanlar Rusiya təkbaşına vasitəçilik edirdi. Açığını deyim ki, bu, heç də Azərbaycanın maraqlarına uyğun deyil. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Bütün hallarda Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmayacaq. Düzdür, Ermənistanda müəyyən narazılıqlar olsa da, hər halda, Rusiyanın müttəfiqidir.

Belə bir məqamda düşünürəm ki, ABŞ və Fransanın fəallaşmasına ehtiyac var. ABŞ müəyyən qədər fəallaşıb. Amerikanın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan dövlət başçılarına zəng edib.

Bu, həmçinin, Moskvaya da bir mesaj idi ki, ABŞ Cənubi Qafqazda da var. Bununla hesablaşmaq lazımdır. Fransa da müəyyən mənada fəallaşıb. Dünən Bakıda keçirilən Qlobal Forum çərçivəsində İlham Əliyev Fransanın dövlət katibi ilə görüşüb. Bundan qabaq da fransalı həmsədr İlham Əliyevlə görüşündə prezidentlərin görüşünü təşkil etməyə çalışdığını deyib”.

Fransanın müraciəti Azərbaycanın xeyrinə deyil

Politoloq “Bölgədə Fransanın fəallaşması münaqişənin həllinə necə təsir edəcək?” sualını cavablandırarkən bildirib ki, indiki situasiyada rəsmi Parisin müraciəti bizim xeyrimizə deyil.

“Fransa və Amerikanın fəallaşması o demək deyil ki, sülh prosesi sürətlənəcək. Hər halda, hər ikisinin fəallaşması bizə imkan verir ki, Rusiyanın təkbaşına vasitəçiliyi əngəllənsin. Fransadan gələn açıqlamalar da bizim maraqlarımıza cavab vermir. Çünki işğal faktına son qoyulmayana qədər hansı insidentin araşdırılmasından, gücün tətbiq olunmamasından danışmaq olar?! Buna getsək o zaman işğalçılar özlərini rahat hiss edəcəklər”.

“Danışıqların da, təkliflərin də əhəmiyyəti yoxdur”

Ekspert Fransanın ermənipərəst mövqeyindən əl çəkməli olduğunu da vurğulayıb. O, həmçinin vurğulayıb ki, cəbhədə vəziyyət gərgin olaraq qalır.

“Son zamanlarda Azərbaycanla Fransa arasında əlaqələr genişləndi. İqtisadi, ticarət mübadiləsi artıb. Azərbaycanda neçə-neçə Fransa şirkəti var. Bütün bunlar ondan xəbər verir ki, Fransa bir qədər ermənipərəst mövqeyindən çəkinməli, balanslı mövqeyini ortaya qoymalıdır. Azərbaycanın Fransadan belə bir gözləntisi də var. Fransa əvvəlki illərlə müqayisədə sırf ermənipərəst mövqedən çıxış etmir.

Amma indiki müraciətləri bizim maraqlarımıza cavab vermir. Azərbaycanın beynəlxalq aləmdən istəyi odur ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirsinlər. Ermənistana təsir etsinlər ki, ilkin şərt olmadan heç olmasa 5 rayon boşaldılsın. O olmadan bu təkliflərin heç birinin əhəmiyyəti olmayacaq.

Danışıqların da, təkliflərin də heç bir əhəmiyyəti yoxdur. Bunu cəbhə bölgəsində vəziyyət də göstərir. Rusiya guya atəşkəsə nail olsa da cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Bütün təkliflər, təşəbbüslər o zaman nəticə verəcək ki, onlar Ermənistana təsir edə bilsinlər. Bu olmayacaqsa, cəbhə bölgəsində vəziyyət yenə də gərgin olaraq qalacaq”.

İnterpress.az