Kredit borcuna görə həbs Avropa Məhkəməsinə gedirbackend

Kredit borcuna görə həbs Avropa Məhkəməsinə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kredit borcuna görə Azərbaycanda baş verən həbs tezliklə Avropa Məhkəməsində mübahisələndiriləcək. Belə ki, həbs olunan zaminlə bağlı iş artıq Avropa Məhkəməsinə göndərilib. Bu barədə musavat.com-a tanınmış hüquqşünas Əkrəm Həsənov məlumat verib. O, həmçinin bildirib ki, bu, həmin məhkəmənin tarixində ilk belə iş olacaq. Yəni bundan əvvəl Avropa Məhkəməsinə kredit borcü üstündə həbs edilmiş şəxslə bağlı iş daxil olmayıb.

Əkrəm Həsənovun sözlərinə görə, son dövrlərdə də kredit borcuna görə həbs xəbərləri almaqdadır: “Bəzi xəbərlər gəlib çatıb ki, son günlərdə yenə həbslər var. Amma dəqiqləşdirməmişik, sənədli təsdiqini görməmişəm. Bəlkə də bu hallar var. Sadəcə, belə hallar baş verəndə əksər hallarda vətəndaşların özləri də bunu ört-basdır edirlər. Çünki hansısa qeyri-rəsmi razılığa gəlirlər, bəzi vətəndaşlar isə həbslərinin qanunsuz olduğunu bilmirlər və heç nə də etmirlər”.

Ekspert qeyd edib ki, istənilən halda, kredit borcunu ödəyə bilməyən vətəndaşın həbsi qanunsuzdur: “Krediti ödəyə bilməyən vətəndaşın həbsi qanunsuzdur. Hazırda ölkədə hər il belə həbslər olur. Ya inzibati qaydada bir ay müddətinə qədər həbs olur, yaxud da Cinayət Məcəlləsinə əsasən azadlıqdan məhrum edilmə olur. Amma qanunda yoxdur ki, vətəndaş borca görə həbs edilə bilər. Üzürsüz səbəbdən məhkəmə qərarını icra etməməyə görə həbs var. Yəni borcu ödəmək iqtidarında olmayanlar təbii ki, üzürlü səbəbdən etmirlər, ona görə ödəmir ki, pulu yoxdur. Buna görə də günahı da yoxdur. Məhkəmələr qanunu pozurlar. Məhkəmə qərarlarında bu halda yazılır ki, vətəndaş qəsdən, qərəzli şəkildə borcu ödəmir. Halbuki bunu məhkəmə sübut etməlidir.

Kredit borcuna görə həbs Avropa Məhkəməsinə gedir

Sübut etməlidir ki, vətəndaşın gəliri var və kreditini ödəmir. Amma məhkəmə qərarında bu, əsaslandırılmır. Bu, bir növ məhkəmələrimizin vergi orqanlarına qarşı atdığı iftiradır. Çünki əgər vətəndaşın gəliri varsa, o, kiməsə, hətta banka olan borcunu yox, ilk növbədə gəlirindən dövlətə gəlir vergisini ödəməlidir. Amma indi biz görürük ki, vətəndaş vergi ödəmir, yəni vergi orqanları təsdiqləyir ki, bu vətəndaşın gəliri yoxdur, olmadığı üçün də gəlirini ödəmir. Amma məhkəmələrimiz deyir ki, gəlirin var və borcu ödəmirsən.

Bizim praktikamızda bir borclunun zamininin on sutkalıq həbsini ictimailəşdirdik. Biz bununla bağlı apelyasiya şikayəti də verdik, təmin edilmədi. Həmin qərardan Avropa Məhkəməsinə şikayət vermişik. Avropa İnsan Haqları üzrə Avropa Konvensiyasının protokolunda birbaşa yazılıb ki, borcunu ödəmək iqtidarında olmayan şəxsi buna görə həbs etmək olmaz.

Təəssüf ki, Azərbaycanda bu hüquq pozulur. Əgər yerli məhkəmələr vətəndaşın hüququnu qorumurlarsa, bu halda bizim artıq başqa yolumuz qalmır və buna görə də Avropa Məhkəməsinə vermişik. Ümid edirəm ki, tezliklə məhkəmə işə baxıb həbsin qanunsuz olduğunu təsdiqləyəcək. Onu da vurğulamaq istəyirəm ki, Avropa Məhkəməsi praktikasında hələlik bu işlər olmayıb. Heç bir Avropa dövlətindən borca görə həbs edilmə ilə bağlı Avropa Məhkəməsinə şikayət getməyib. Azərbaycan birincidir”.

Qeyd edək ki, əksər ekspertlər kredit borcuna görə vətəndaşların həbs edilməsinin həm konstitusiyaya, həm də Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu vurğulayırlar. Belə ki, 2015-ci ildə ölkədə baş verən iki devalvasiya əhalinin kredit borcunun ödənilməsində ciddi problemlər yaradıb və qaytarıla bilməyən kreditlərin həcmi kəskin artıb. Artıq borclular qanunsuz olaraq məhkəmə qərarları ilə həbs edilirlər. Ekspertlər bunu vətəndaşa təzyiq vasitəsi hesab edirlər və qanunsuz olduğunu vurğulayırlar. Hüquqşünas Ə.Həsənov isə qeyd edib ki, son vaxtlarda azı beş nəfər kredit borcuna görə həbs edilib: “Onların sayının daha çox olması istisna deyil. Həbsdən şikayət vermə müddəti də on gün olduğundan bəzən gec xəbər tuturuq. Məlumatı öyrənəndə isə heç nə edə bilmirik. Bu həbslər vətəndaşlarda xof yaratmaq üçün edilir”. Ekspert qeyd edib ki, əgər vətəndaşın gəliri yoxdursa, o, borcunu ödəyə bilmirsə, bu, onun təqsiri deyil. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, şəxsə cəza yalnız o, təqsirli olarsa, verilə bilər. O, kredit borcuna görə həbslər davam edərsə, nəticələrin pis olacağını da vurğulayıb.

Deputat Vahid Əhmədov isə qeyd edib ki, kredit borcu problemini həll etmək üçün banklara müştərilərlə müqavilələr imzalayaraq borcun aşağı faizlərlə geri ödənilməsi tövsiyə olunub: “Bir neçə bank buna əməl edib. Amma bəzi banklarda hələ də problemlər qalmaqdadır. Məsələnin məhkəmə yolu ilə həllinin tərəfdarı deyiləm. Bankın müqavilə şərtlərini yerinə yetirməyən müştərini məhkəməyə vermək ixtiyarı var. Amma məhkəmə ilə heç nəyi həll edə bilmərik, məsələ sivil qaydada həll olunmalıdır”.(musavat)

İnterpress.az