“Köroğlu” dərgisinin yeni sayı Sabir Rüstəmxanlıya həsr olunubbackend

“Köroğlu” dərgisinin yeni sayı Sabir Rüstəmxanlıya həsr olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ön söz yerinə redaksiyadan oxuyuculara ünvananlanan müraciətdə bir qayda olaraq dərginin məramı diqqətə çatdırılır, mövzu istiqamətləri barədə ümumi konturlar cızılır. Türk dünyası ədəbiyyatının bir arada nəşri, ədəbi əlaqələrin güclənməsi yönündə görülən işlərdən bəhs edilir, onların vacibliyi vurğulanır:

“Dərgimizin səhifələri arasında bahar seli kimi yatağından daşan, tanınmış türk şairi Sabir Rüstəmxanlını müsafir etməyin sonsuz həzzi, və bəxtiyarlığı içindəyik. İndiyə qədər hər sayımızda siz oxucularımızı Türk Dünyasının müxtəlif diyarlarına aparmağı qarşımıza məqsəd qoyduq. Budəfəki səfərimiz isə Azərbaycanadır. Qardaş ölkənin məşhur ədiblərindən olan Sabir Rüstəmxanlını sizə də tanıtmaq, 70 illik yubileyini birgə qeyd etmək istədik”.

Bundan başqa, ön sözdə S.Rüstəmxanlının azadlıq fədaisi olduğu, meydan hərəkatındakı önəmli rolu önə çəkilir:

“Sabir Rüstəmxanlı bir şair, fikir adamı olaraq önə çıxsa da, təməldə mücadilə adamıdır. O, sənətini, ömrünü millətinə həsr edib, bu məqsədlə “söz”ü bayraq edərək millətin ruhundakı ən yüksək bürcə sancıb.

Başqalarının söz deməyə cəsarət etmədiyi bir dönəmdə kommunizmin son dişlərini sökən, azadlıq yolunda qorxmadan irəliləyən, Azərbaycan səmasına müstəqillik bayrağı çəkən söz, sənət adamı, inqilabçı ruhlu şairlə qarşınızdayıq”.

Daha sonra dərgi Sabir Rüstəmxanlının geniş tərcümeyi-halı ilə davam edir. Şairin həyat və yaradıcılığına işıq tutulur, maraqlı faktlar oxucuların diqqətinə çatdırılır. Türkiyə-Azərbaycan siyasi və ədəbi əlaqələrinin möhkəmləndirilməsində yubilyarın gördüyü işlər qeyd olunur.

Ardınca şairin türk dilinə çevrilmiş şeirləri oxuculara təqdim edilir. O cümlədən, müxtəlif vaxtlarda, müxtəlif insanlarla, müxtəlif tədbirlərdə çəkilən şəkillər jurnalda yer alır.

Bundan başqa, dərgidə Sabir Rüstəmxanlıya həsr olunmuş yazılar, müxtəlif ölkələrdən olan yazarların fikir və təbrikləri yer alıb. Bu sırada İmdat Avşarın “Dağlar türkün ruhudur”, Ataol Bəhramoğlunun “Sabir Rüstəmxanlıya Türkiyədəki qardaşından salam”, Yavuz Akpınarın “Bir şeirin işığında Sabir Rüstəmxanlı”, Yavuz Bülənd Bakilərin “Ayıbdır! Ayıb! Ayıb!”, Əjdər Olun “O, insanları böyük həqiqətlərə inandırmaq gücünə sahibdir”, Musa Yaqubun “İçindən keçdiyim kitab”, Məmməd İsmayılın “Sabiri uğura aparan səbri” adlı yığcam yazıları var. Aygün Attarın “Türk dünyasının böyük oğlu, Azərbaycanın Xalq şairi, milli azadlıq hərəkatının fəalı, böyük ustad, professor Sabir Rüstəmxanlıya”, Yəhya Akənginin “Davasının şairi Sabir Rüstəmxanlı”, Çətin Elmasın “Qoca çinar Sabir Rüstəmxanlı”, Aslan Quliyevin “Ana dilində çağırın onu”, Zeynəlabidin Makasın “İki adam yerinə”, Yusif Gədiklinin “Çoxyönlü şəxsiyyət Sabir Rüstəmxanlı”, Hüseyn Adıgözəlin “Neçə uzun illərə, Sabir bəy!”, İsa Muğannanın “Sabir Rüstəmxanlı bizim ən dəyərli ziyalılarımızdan biridir”, İsmayıl Şıxlının “Sabir Rüstəmxanlı mücadilədən əsla vaz keçməz”, Süleyman Rəhimovun “Papaq altında necə oğullar varmış” başlıqlı fikirləri də dərgidə öz yerini tutub.

Anarın “Millət və tarix qarşısında məsul olmaq”, Cəmil Həsənlinin “Bütöv Azərbaycan”ı ürəyində yaşadan şair”, Rafael Hüseynovun “Səbrsiz sabirlər”, Hidayətin “O bir söz inqilabçısıydı”, İsa Həbibbəylinin “Xalq şairi Sabir Rüstəmxanlı”, Əkrəm Əylislinin “Sabir Rüstəmxanlı ilə düşmən ola bilməzsiniz”, Afaq Məsudun “Dost”, Rüstəm Behrudinin “İçi işıqla dolu adam, yaxud son mogikan”, Cavanşir Yusiflinin “Milli şair”, Hüsame bin Sərxanın “Dörd rəmzdən biri” adıyla təqdim olunan fikirləri də S.Rüstəmxanlı haqqında dolğun təəssürat yaradır.

Əlibala Hacızadənin “O sözünü həmişə cəsarətlə söylədi”, Əhməd Şmidenin “Almaniyadan gələn bir məktub”, Mind Kösenin “Qaqauzların da ömür kitabı yazılacaq”, Güllü Yoloğlunun “Türk dünyasının kitabı, türk dünyasının şairi”, Sibney Temin “Bizə bu kitablar lazımdır”, Teymur Kərimlinin “Ayrılıq buludu və qovuşma ümidi”, Elxan Zal Qaraxanlının “Ömrün yeni kitabı və ya on üçüncü boy”, İntiqam Mehdizadənin “Sabir Rüstəmxanlının itmiş şeiri”, Vniyaeslav Ar-Serqinin “Sabir Rüstəmxanlı Azərbaycandır”, Azər Abdullanın “Hamarkənd yüksəkliyi”, Əhməd Şəfəqin “Bir bilgə ziyalı: Sabir Rüstəmxanlı”, Sevil Piriyeva Qaramanın “Türkçülük üçün doğulan insan”, Seyfullah Türksoyun “Bir aksion şairi: Sabir Rüstəmxanlı” başlığı altında verilən düşüncələri görkəmli ədibin şəxsiyyətinə və yaradıcılığına aydın güzgü tutur.

Qeyd edək ki, dərginin bu sayının tərtibçisi, redaktoru, şeirlərin və yazıların tərcüməçisi Azərbaycan ədəbiyyatının yaxın dostu İmdat Avşardır.

İnterpress.az