İraqda siyasi gərginlik pik həddəbackend

İraqda siyasi gərginlik pik həddə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda artıq neçə gündür davam edən etiraz aksiyaları bu gün Bağdadda baş verən terror aksiyalarından sonra daha da şiddətlənib. Müxalif lider Müqtəda Sədrin çağırışı ilə aksiyalara qatılan minlərlə insan parlament binasını ələ keçirib.

“Reuters” Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər saatlarında Bağdadın qədim bölgələrində 7-ci İmam Musa əl-Kazimin məqbərəsini ziyarətə gələnlərə qarşı törədilən partlayışdan sonra şəhərdə gərginlik daha da böyüyüb. İŞİD tərəfindən törədilmiş terror aktı nəticəsində 19 zəvvar və 2 könüllü döyüşçü öldürülüb. 51 nəfər isə yaralanıb.

Bu hadisədən az sonra artıq bir neçə gündür Bağdadda etiraz aksiyaları həyata keçirən Müqtəda Sədr tərəfdarları Bağdadın mərkəzindəki “Yaşıl bölgə” ətrafında toplanaraq parlament əleyhinə şüarlar səsləndiriblər. Bölgəyə giriş nöqtəsi sayılan Dəclə çayı üzərindəki körpünün qarşısında toplanan minlərlə etirazçı “qorxaqlar rədd olsun”, “Sülh-sülh” şüarı səsləndirib.

İraqda siyasi gərginlik pik həddə

Daha sonra isə etirazçılar uzun müddətdir yetərli üzvü gəlmədiyi üçün toplana bilməyən parlament binasına daxil olub. Etirazçılar parlament binasında masaları, pəncərələri sındırıb. Eyni zamanda yürüşçülər “yaşıl bölgə”ni şəhərdən ayıran beton baryerləri dağıtmağa çalışıblar.

Qeyd edək ki, bu hadisələr müxalifət lideri Müqtəda Sədrin Nəcəf şəhərində keçirdiyi mətbuat konfransından az sonra başlayıb. “FransPress” agentliyinin məlumatına görə, Sədr mətbuat konfransında İraqda davam edən siyasi böhranı lənətləyib, ancaq tərəfdarlarına “yaşıl bölgə”yə girməyin çağırışı etməyib. Müqtəda Sədr İraq siyasilərinin korrupsiya və israfçılıqla mübarizəni nəzərdə tutan islahatlara mane olmaqda ittiham edib.

Müqtəda Sədr İraqda ən məşhur ailələrdən olan Sədr ailəsinin nüfuzlu nümayəndəsidir. Onun atası və yaxın qohumları Səddəm Hüseyn rejiminə qarşı mübarizə aparıb və öldürülüblər. Sədr isə İraq işğalından sonra yaratdığı “Mehdi Ordusu” qruplaşması ilə 2004 və 2006-cı illərdə ABŞ ordusuna qarşı savaşıb. Daha sonra ölkədə siyasi sabitliyi qorumaq üçün nüfuzlu ruhanilərin müraciətlərindən sonra “Mehdi Ordusu” Sədrin çağırışı ilə silahlarını buraxıb. Lakin İŞİD-in Mosulu işğal etməsindən sonra ölkədə başlayan səfərbərlik zamanı “Mehdi Ordusu” yenidən bərpa olunub. Hazırda Bağdad və digər şiə bölgələrini məhz “Mehdi Ordusu” silahlıları İŞİD hücumlarından qoruyur.

Son aylarda ölkə siyasiləri arasında anlaşılmazlıqlar səbəbindən hökumət iflic olub. Hazırkı baş nazir Heydər İbadi korrupsiya və rüşvətxorluğu qarşı mübarizə aparılması, eyni zamanda terrorun və daxili savaşın ortadan qaldırılması üçün siyasi koalisiya hökumətini buraxıb texnokrat hökumət qurmaq istəsə də, fərqli siyasi qruplar buna müqavimət göstərir. Nəticədə parlament yetərsay əldə edə bilmir. Müqtəda Sədr isə baş nazirin texnokrat hökumət qurması üçün təzyiq etməyə çalışır.

İraqda siyasi gərginlik pik həddə

Məsələ ondadır ki, Müqtəda Sədrin silahlı tərəfdarları olsa da, hökuməti əl keçirmək istəmir, ancaq ölkədəki vəziyyətin çıxmaza girməsində siyasi partiyaların ambisiyalarının rol oynadığını nəzərə alaraq koalisiya hökumətinin buraxılmasını tələb edir. Bu isə çoxmillətli və çox konfessiyalı İraqda fərqli siyasi partiyaların maraqlarına cavab vermir. Ölkə isə faktiki olaraq iflic olub. İraq ərazisinin yarıya qədəri İŞİD və kürd muxtariyyətinin nəzarəti altındadır. Hökumət isə faktiki olaraq nəinki suverenliyi bərpa edə bilir, əksinə iflic olan ölkədə ciddi korrupsiya və büdcə gəlirlərinin dağıdılması prosesi gedir.

Aksaray Universiteti müəllimi, İraq üzrə ekspert Ziya Abbas deyir ki, hazırda ölkədə mürəkkəb vəziyyət yaranıb. Ekspertə görə, İraq siyasəti fərqli siyasi qüvvələrdən təşkil olunduğu kimi, islahat tələblərinə də fərqli qrupların fərqli yanaşması vardır. Sədr Hərəkatının texnokrat hökumət tələblərinin olduğunu qeyd edən Z.Abbasın fikrincə, islahat cəbhəsində keçmiş baş nazir Nuri əl-Malikinin tərəfdarlarının olması səbəbindən burda fikir ayrılığı var.

İraqda siyasi gərginlik pik həddə

Çünki Maliki və Sədr arasında ciddi ixtilaflar var, ikisinin bir cəbhədə olması mümkün deyil; iki qrup arasında ciddi siyasi qalmaqallar və sərt ittihamlar var. Digər tərəfdən, siyasi qruplar da ölkədə islahatlar qarşısında maneədir: “Bu gün hakimiyyəti əlində saxlayan sünni, şiə, kürd siyasi qruplar tutduqları postları itirmək istəmirlər. ABŞ, İran və Səudiyyə Ərəbistanı kimi ölkələr də bu qrupları dəstəkləyir. Bu səbəbdən də iraqlı siyasətçilər etnik və dini mərkəzli hakimiyyət bölgüsündən imtina etmək istəyirlər”.

Siyasi qrupların islahat tərəfdarı kimi çıxış etdiyini, ancaq real olaraq hər bir tərəfin fərqli tələblərinin olduğunu xatırladan ekspertin fikrincə, mövcud siyasi qrupların mövcud siyasi sistemi dəyişmək istiqamətində konkret bir tələbləri və ya fəaliyyətləri yoxdur. Bu səbəbdən də baş verənlər daxili siyasi mübahisələr zəminində davam edəcək.

İraqda siyasi gərginlik pik həddə

Qeyd edək ki, Amerika işğalından sonra İraqda hakimiyyət bölgüsü etnik və dini qruplar arasında aparılıb. Ölkə prezidenti kürd siyasətçi, məclis sədri isə sünni partiyaların nümayəndəsi, baş nazir isə ən çox səs almış şiə partiyanın lideri ola bilər. İraqda siyasi hakimiyyətin bu şəkildə bölünməsi, eyni zamanda hökumət kabinetinin ölkənin etnik və məzhəbi fərqliliyinə görə formalaşdırılması, hər bir qrupun bəlli sayda nümayəndəsinin nazir postu əldə etməsi sistemi İraqda normal siyasi hakimiyyətin, işlək bir hökumətin qurulmasını əngəlləyir. Həddən artıq mozaik hökumətin birgə çalışması faktiki olaraq mümkünsüzdür. Üstəlik, bu vəziyyətdə korrupsiya, büdcə oğurluğu geniş yayılıb. Digər tərəfdən isə, ölkə faktiki olaraq parçalanıb, bir hissəsi İŞİD-in, bir hissəsi isə kürd muxtariyyətinin nəzarəti altındadır. Bu durumda hazırkı hökumətin vəziyyəti nəzarətə alması. Korrupsiyanı aradan qaldırması mümkün olmur.

Bu səbəbdən də bir sıra qüvvələr vəziyyətdən çıxış yolu kimi heç bir siyasi qrupa bağlı olmayan texnokrat hökumətin qurulması tələbini irəli sürür. Ancaq bu tələb hakimiyyət koalisiyasında təmsil olunan siyasi qruplar tərəfindən əngəllənir. Bu səbəbdən də vəziyyət günü gündən pisləşir, çıxış yolu isə tapılmır. ( musavat.com )

İnterpress.az