Ermənistan Azərbaycanı növbəti dəfə təhdid edir. Düşmən ölkə son bir ayda cəbhədə darmadağın edildikdən sonra Azərbaycan ordusunun işğal etdiyi əraziləri geri qaytararsa, guya qondarma “DQR”in müstəqilliyinin bir neçə dünya ölkələri tərəfindən tanına biləcəyi barədə fikirlər səsləndirir.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan Azərbaycanı daim bu məsələdə şantaj edir: “Düşünmürəm ki, özünə hörmət edən hansısa ölkə qondarma rejimi tanısın. İlk növbədə, Rusiya tanımayacaq. Bu ölkə tanımayandan sonra heç bir ölkə risk etməz. Abxaziya və Osetiyanı Rusiya işğal etdikdən sonra bütün dünya ilə danışıqlar aparırdı ki, iki subyektin müstəqilliyini tanısınlar. Amma tanınmayan bir ada sadəcə müstəqilliyi tanıdı. Ermənistan belə tanımadı. Çünki riskli addım olardı. Bu baxımdan düşünmürəm ki, Ermənistanın bu hədəsi də keçərli olsun. Bizim üçün önəmli olan BMT-nin 5 daimi üzvünün mövqeyidir. Onlar da inanmıram ki, bu məsələdə mövqelərini dəyişsinlər. Əksinə, Azərbaycan ərazi bütövlüyünü BMT-də səsverməyə çıxarıb, diplomatik zəmində ermənilərə ciddi zərbə vura bilər”.
Politoloq ermənilərin öz ölkələrinin separatçı rejimi tanımaları üçün dəfələrlə bu məsələni parlamentdə müzakirəyə çıxartdıqlarını da söylədi: “Amma hər zaman Ermənistan hakimiyyəti bunun qarşısını alıb. Çünki bilirlər ki, qondarma rejimin müstəqilliyini tanısalar, bu, danışıqların bitməsi deməkdir. Nəticədə Azərbaycanın əl-qolu açılacaq və bu yolla torpaqların azad edilməsi gündəmə gələcək. Beynəlxalq aləmin də ölkəmizə təzyiqi olmayacaq. Ermənistan hakimiyyəti bunu yaxşı bilir. Ona görə də Azərbaycanı ermənilərin bu hərəkəti ilə heç bir təhlükə gözləmir. Sadəcə, onların canlarına vəlvələ düşüb. Ona görə vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarırlar. Gah deyirlər separatçı rejimin ”müstəqilliyi\”ni tanıya bilərik, gah Tərtər və Ağdamın mülkü əhalisini atəşə tutacaqlarını deyirlər. Bu yolla 90-ci illərdə olduğu kimi, əhalinin qaçacağını və boş əraziləri tutacaqlarını düşünürlər. Ancaq artıq 90-cı illər deyil. Vətəndaşlarımız heç nədən çəkinmirlər. Ordumuz isə öz mövqelərini qoruyur. Ermənilərin bütün planları alt-üst olub. Onlar şüurca hələ də 90-cı illərdə qalıblar. Biz isə 90-cı illərdəki səhvlərimizdən nəticə çıxarıb, artıq ermənilərin planlarını analiz edə bilirik. İmkan vermək olmaz ki, separatçılar növbəti uğurlarını qazansınlar. Düşmən ölkədə iqtidar-müxalifət münasibətləri kəskinləşib. Strateji müttəfiq olan Rusiya ilə münasibətlərdə xeyli suallar yaranıb. Bütün bunlar, əksinə, lehimizə işləyir\”.
Ekspertə görə, erməni cəmiyyətində artıq fikirlər haçalanıb: “Bir qismi düşünür ki, Qarabağ separatçılarını tanımaq lazımdır, digər qisim isə düşünür ki, Dağlıq Qarabağ ətrafı rayonlardan əllərini üzmək lazımdır. Bu fikri artıq dilə də gətirirlər. Daha bir qisim də var ki, Qarabağın onlara lazım olmadığını düşünür. Düşüncələrin bu şəkildə haçalanmasına strateji yüksəklikləri ələ keçirməyimizlə və onları itkilərə məruz qoymaqla biz şərait yaratdıq. Hər keçən gün onların itkiləri artmaqdadır. Onların potensial qüvvələri yoxdur ki, itirdikləri canlı qüvvəni əvəz edə bilsinlər. Silah-sursat almaq üçün Rusiyadan dilənərək, 200 min dollar istəyirlər. Bu pul döyüş getdiyi müddətdə bir həftənin maddi xərcidir. Bu pul qurtarandan sonra kimdən dilənəcəklər? Ona görə ermənilərin hərəsinin ağzından bir avaz gəlir. Reallığı qəbul edənlərin sayı getdikcə artır. Qarabağ separatçılarının böyük yük olduğunu dərk etməyə başlayıblar. Azərbaycan ordusu uğurlu həmlələr etməyincə, Ermənistanda belə fikirlər yox idi”.
Müsahibimiz Ermənistanın qondarma rejimi tanıyacağı təqdirdə, dünya ölkələrinin buna necə münasibət göstərəcəklərini də açıqladı: “Qərb ölkələri buna birmənalı etiraz edəcək. Nəticədə Ermənistan Qərbdən bütün dəstəyini itirəcək. Məhz buna görə Ermənistan indiyə qədər bu addımı atmır. Rusiyanın özü də bu prosesi dəstəkləyə bilməz. Rusiyanın Kosovoda fərqli mövqeyi var idi ki, dünya birliyi Kosovanın müstəqilliyini tanımamalıdır, çünki bura Serbiyanın ərazisidir. Orada bir mövqe sərgiləyib, burada başqa cür mövqe ortaya qoya bilməz. Bu da Azərbaycanın xeyrinə işləyir. Qoy tanısınlar, itirəcəyimiz heç nə yoxdur. Əksinə, həm diplomatik, həm də hərbi sahədə imkanlarımızı genişləndirmək üçün münbit şərait əldə edəcəyik”.(Musavat)
İnterpress.az