“Elçibəyin tapşırığı ilə Moskvaya göndərildim”backend

“Elçibəyin tapşırığı ilə Moskvaya göndərildim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ müharibəsində 7 dəfə yaralanan “Rembo” ləqəbli keçmiş döyüşçü vətənə qayıdıb…

“Qürbətdəki məşhurlar” layihəsinin bu dəfəki qonağı hazırda Hollandiyada yaşayan Qarabağ müharibəsində “Rembo” ləqəbi ilə tanınmış döyüşçü Elxan Əlibəyli oldu. Lənkəran batalyonunun qəhrəman döyüşcüsü Elxan Əlibəyli müharibədə 7 dəfə yaralanıb, başından aldığı ağır zədən bir gözünü itirib. 2000-ci ildən ailəsi ilə bərabər Hollandiyada yaşayır.

“Evdəkilərə dedim ki, mən gedirəm”

– Elxan bəy, istərdim ki, əvvəlcə oxucularımız sizi öz təqdimatınızda tanısınlar. Elxan Əlibəyli kim olub, döyüş yolunuz nə zamandan və necə başlayıb?

– 1970-ci ildə Lerik rayonu Çayrud kəndində anadan olmuşam. Sovet vaxtında xüsusi təyinatlı əsgər kimi hərbi xidmət keçmişəm. 1990-cı ildə Qarabağda başlayan hadisələrə görə Azərbaycana qayıdıb könüllü şəkildə müharibəyə getmişəm. İlk dəfə Lənkəran özünümüdafiə batalyonuna yazılmışam. 1992-ci ilin iyul ayında Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. O zaman ilk uğurumuz indiki Marquşavan qəsəbəsinin alınması olub, daha sonra Kasabet, Dramon, Çıldırana qədər getmişik. Sonra məni təyinatla Xocavənd rayonuna göndərdilər, Muğanlı, Krapatkin, Şişqayada döyüşmüşəm. Oradan da Qubadlıya göndərdilər, Qubadlı ilə Laçın arasındakı döyüş bölgələrində iştirak etmişəm.

– Nə zaman yaralandınız?

– 1992-ci ilin oktyabr ayının 30-da baş nahiyəmdən ağır kantuziya aldım. Ondan sonra uzun müddət hərbi hospitalda yatdım. Daha sonra o vaxtkı prezident Əbülfəz Elçibəyin şəxsi tapşırığı ilə müalicə üçün Moskvaya göndərildim. Demək olar ki, onunla da döyüş kariyeram bitdi. 1993-cü ildən ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Uzun müddət sağlamlığıma görə Rusiyada, Ukraynada müalicələr aldım. 2000-ci ildən isə Hollandiyaya köçmüşəm, elə bu günə qədər də orada yaşayıram. Almaniyada əsgərlik etdiyimə görə xaricə köçməyi düşündüm və elə həmin vaxtdan da oralardayam.

– Demək ki, sırf səhhətinizlə, sağlamlığınıza qovuşmaq məqsədilə Vətəni tərk edib qürbət həyatını seçdiniz?

– Bəli, ancaq səhhətimə görə. Çünki heç bir siyasi problemim olmayıb, hətta o vaxt bələdiyyə seçkilərində də iştirak etmişdim, ancaq seçilmədim. Daha sonra başa düşdüm ki, burada yaşamağım mümkün olmayacaq. Burada bir gələcəyimin olmadığına tam əmin olandan sonra ora köçmək məcburiyyətində qaldım. Orada üç dəfə ağır əməliyyat keçirmişəm, hələ o zamandan bir gözümü tam itirmişəm, kəllə-beyin nayihəsində çox böyük problemlər var və bu günə qədər də davam edir. İndiyə qədər də həkim nəzarətindəyəm, mütəmadi olaraq müalicələr alıram.

– Hollandiyada ailənizlə bərabər yaşayırsız, ailə, uşaq varmı?

– Bəli, ailəliyəm, iki övladım var. Övladlarım orada təhsil alır, qızım ali məktəb tələbəsidir. Həyat bizimçun orda davam edir. Övladlarım öz dilimizdə danışır, onları vətənpərvərlik ruhunda böyütməyi bacarmışam və bunla qürur duyuram.

“Elçibəyin tapşırığı ilə Moskvaya göndərildim”

– Vətən üçün darıxmırsınızmı?

– Əlbəttə ki, Azərbaycan üçün darıxırıq. Ona görə də bir qəribçilik həyatı yaşayırıq. Ancaq artıq uşaqlar da ora öyrəşib, o üzdən birdəfəlik vətənə qayıtmağı düşünmədim.

– İndi də darıxdığınız üçün vətəndəsiz, yoxsa başqa səbəb var?

– Qərib ölkədə olsam da, hər zaman bir düşüncəylə yaşamışam ki, nə zaman müharibə başlayacaq və mən vətənə qayıdacam. Aprel ayının birindən ikisinə keçən gecə ön cəbhədə baş verən hadisələrdən sonra rahatlıq tapmadım. Evdəkilərə dedim ki, mən vətənə gedirəm, may ayının birindən burdayam. Gələndən cəbhə bölgəsindəydim, indi Bakıya gəlmişəm.

“Bayrağımızı Şuşaya, Xankəndinə sancmaq üçün Vətəndəyəm”

– Demək ki, müharibə üçün, müharibə başlayacağı tədqirdə yenidən döyüşmək üçün vətənə qayıtmısınız…

– Ən böyük arzum döyüşün başlamasıdır və onunçün də vətəndəyəm. Kiçik qardaşım Azərbaycan Silahlı Qüvvələrində zabitdir, tam ön cəbhədədir, onun yanında idim. Ön cəbhədə özümü tam rahat hiss edirəm. İndi yeganə arzum vətənim üçün əlimdən gələni etməkdir. Heç ağlımın ucundan da şəhid olmaq keçmir. Bayrağımızı Şuşaya, Xankəndinə sancmaq haqqında düşünürəm və elə onunçün də burdayam.

– Ön cəbhədə oldunuz, ordumuzun hazırlığı ilə tanış oldunuz. Azərbaycan ordusunun o vaxtkı vəziyyəti ilə indiki durumu arasında nə kimi fərqlər var?

– 1990-1992-ci il dönəmində Sovetlər birliyindən ayrılmış Azərbaycan idik. Və hər kəs də Azərbaycana yağlı tikə kimi baxırdı, hər kəs öz payını götürməyə can atırdı. O zaman Azərbaycan xalqı bir oldu, könüllülər cəbhə bölgəsinə axışdı. Xalq onların arxasında durdu və çox qısa müddətdə Ağdərə istiqamətindən başlayaraq böyük uğurlar qazanıldı. Heç kəsdən gizli deyil ki, Azərbaycanın o zamankı daxili problemləri Qarabağın itirilməsi ilə nəticələndi.

O zaman heç tanımadığım bir halda özümün talış olduğumu öyrəndim, kiminsə ləzgi, kiminsə türk olduğunu bildim. Bu da əlbəttə ki, o zaman döyüşçülərdə olan ruh yüksəkliyinə böyük zərbə idi və bunu da biz yaşadıq. Doğrudur o zaman mən yaralandım, ordudan uzaqlaşdım, ancaq ayrı seçkiliyin əziyyətini bu günkü günə qədər də çəkirəm. Ancaq sonradan araşdırdığıma, öyrəndiyimə görə bildim ki, heç mən talış da deyilmişəm.

Atam, anam seyid olduğuna görə mən talış deyiləm, amma cənub bölgəsindən olduğum üçün hər zaman ortada qalmışam, hələ də doğrunu anlaya, başa düşə bilmirəm. Bunun da kimin çıxarı üçün olduğunu, kimə xidmət etdiyini bilmirəm. Mənim bir vətənim var, o da Azərbaycandır, Azırbaycandan sonra öz anam gəlir. Həmişə belə demişəm, indi də bu fikirdəyəm. O zaman ordumuz çox böyük işlər görmüşdü. Demək olar ki, Ağdərə istiqamətində keçirilən əməliyyatlar göz qabağında idi. Kasapetin alınmasında mən şəxsən iştirak etmişdim. O zaman komandirimiz Fəxrəddin Həbibov tankda yanaraq şəhid oldu. O vaxt əsgərlərin böyük ruh yüksəkliyində olduğunun, könüllülərin vətənə olan sevgisinin, xalqımızın hər şeyindən keçib olanını cəbhədəki döyüşçülərə göndərdiyinin canlı şahidiyəm. O zamankı ordu ilə bu zamankı ordu arasında elə də çox fərq görə bilmirəm. Bu gün Azərbaycan öz təbii sərvətləri hesabına çox böyük imkanlar qazanıb və o imkanların hərbiyə də yansıdığını mətbuatdan oxuyuram. Ancaq dördgünlük müharibədən gördüm ki, ordumuz tam hazır deyil. Xüsusi təyinatlı ordu döyüşə hazır idi və qabaqda gedib əməliyyatı yerinə yetirdi, ancaq arxa gedib onun yerini vaxtında doldura bilmədi. Buna görə də əməliyyat qrupu geri qayıdarkən çox şəhid verdik.

Bu günlərdə Müdafiə Nazirliyi könüllülərin orduya yazılmasına icazə verdi və bunu çox doğru qərar kimi qiymətləndirirəm. Keçmiş döyüşçülərin döyüş təcrübəsindən mütləq istifadə etmək lazımdır. Özüm də dərhal Nərimanov hərbi komisarlığına müraciət elədim, amma yaşım 40-dan yuxarı olduğuna görə könüllülərin sırasına qoşula bilmədim. Ancaq yenə də burdayam, hələ ki, qayıtmaq fikrim yoxdur.

“Azərbaycanın belə bir dönəmində özünü Azərbaycanın bir parçası hiss etməyən məndən ola bilməz”

– Elxan bəy, bəzi şəxslər var ki, siyasi baxışlarına görə ölkəni tərk etdikdən sonra düşmənlə əlbir olub vətənə qarşı çıxırlar. Və son zamanlar belələrinin arasında təəssüf ki, talışların olduğunu görürük. Siz elələrini necə qəbul edirsiniz, elə insanlar bizdən, sizdən biri ola bilərmi?

– Əlbəttə ki, elə şəxslərin olması mənə çox ağır təsir edir, onların nəyə görə belə etdiklərini bilmirəm. Düzdür onlar mənim tanıdığım insanlardır, ancaq indi onlarla heç bir əlaqəm yoxdur. Mən özümü Azərbaycana aid bilirəm. Bu gün kimsə özünü Azərbaycanla hiss edirsə, mən də onu özümdən, millətimdən hesab edirəm. Azərbaycanın belə bir dönəmində özünü Azərbaycanın bir parçası hiss etməyən məndən ola bilməz. Elə düşünürəm ki, nə olursa olsun, bir azərbaycanlı elə hərəkətlər etməməlidir, bu, böyük səhv olmaqla yanaşı böyük günahdır. Şəxsən mənim üçün Vətənim hər şeydən, hər kəsdən üstündür və elə indi də buna görə Vətəndəyəm. Savaş başyacağı təqdirdə də özümü Azərbaycanda görmək istəyirəm. Mən Qarabağda başda Vazgen Sisliyan olmaqla ASALA tettor təşkilatının toplandığını gördüm. Ondan sonra düşündüm ki, mütləq Vətəndə olmalıyam.

– Hollandiyada ətrafınızda başqa millətlərlə yanaşı ermənilər də var yəqin ki. Hollandiya erməniləri Qarabağla bağlı hansı fikirdədirlər?

– Ermənilərlə heç bir münasibətim, ünsiyyətim yoxdur. Hollandiyada olmağıma baxmayaraq mənimçün erməni hər yerdə ermənidir. Nəinki bu mövzuda, ümumiyyətlə heç vaxt onlarla danışığım, söhbətim olmayım. Daha çox Türkiyədən olan qardaşlarımızla dostluq edirik, münasibət qururuq, onlar da bizi öz parçaları kimi görürlər. Başqa millətlərlə də münasibətlərimiz olur, onlara Azərbayacanı tanıtdırırıq, artıq orada hamı mənim keçmiş döyüşçü olduğumu bilir.

– Onlara Qarabağ həqiqətlərini çatdıra bilmisinizmi?

– Əlbəttə ki, bizi tanıyan hər kəs Azərbaycanı, Qarabağı tanıyır, bu barədə həqiqətləri bilir. Düzdür, əvvəllər onların Azərbaycan haqqında çox az bilgiləri var idi. Ancaq Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlərdən sonra Azərbaycanın müstəqil bir dövlət olduğunu bilirlər. Biz bütün tanıdıqlarımızla hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ problemi barəsində söhbətlər aparırıq. Erməni səfirliklərinin qarşısında mitinqlər keçiririk, axırıncı dəfə Şahbazla Dilqəmin azadlıqları üçün mitinqlər keçirmişik. Bütün mitinqlərdə öndə olmuşam. Ancaq əlbəttə ki, düşünülmüş şəkildə davranmışam, Azərbaycanın imicinə zərər verəcək hər hansı addım atmamışam.

– Aprelin əvvəlindəki dörd günlük müharibədən sonra bəzi kəslər belə fikir səsləndirdi ki, bu şəhidlər birinci Qarabağ müharibəsindəki şəhidlərdən deyil. Bir sözlə şəhidlərimiz arasında da ayrıseçkilik salmaq istədirlər. Bütün bunlar sizə necə təsir etdi?

– Bilirsinizmi, elə insanlar indi də var, o vaxt da var idilər. Onların dediklərini mən də oxudum. Məsələn, Ağdərənin Talış kəndi üstündə çox söz-söhbətlər dolaşdı. Bəzi media orqanlarında da bu haqda yazılar oxudum, hətta deputatalar da, bəzi ziyalılarımız da bu haqda fikirlər səsləndirdilər. Mövzu xalqdan getmədi, yenə də mövzunu, diqqəti milli məsələyə, talış adına diqqəti yönəltdilər. Bütün bunlar mənə çox pis təsir etdi, həmçinin də şəhidlərimizn arasında ayrıseçkilik salmaları. Şəhidləri necə kateqoriyaya bölmək olar axı. 1992-ci ildə də gözümüzün önündə vətən üçün canından keçən insanlar var idi, ancaq çoxu unuduldu. Bizi bu qədər ucuz tutmamalıdırlar, unutmamalıdırlar. Belə çıxır ki, bir ildən sonra da yenə hücum olarsa, o zamankı şəhidlər başqa kateqoriyaya ayrılacaq və bu günkü şəhidlər arxivə qaldırılacaq? Azərbaycanda hər şeyi çox ucuzlaşdırırlar. Əgər biri vətən, torpaq uğrunda canını verirsə, digəri də varından keçməlidir. Xalq şəhid olursa, varlı təbəqə, məmur, nazir də varını verməlidir, şəhid ailələrinin əziyyət çəkməsinə imkan verməməlidirlər. Belə olmayan təqdirdə nə dünənki şəhidin, nə bu günkü şəhidin, nə də sabahkı şəhidin hörməti olmayacaq. Biz əgər 1400 il əvvəl islam dininin bərqərar olması yolunda öldürülmüş şəhidlərə ağlayırıqsa, gözümüzün önündə vətən, torpaq, namus üçün şəhid olanları necə kateqoriyalara bölə bilərik? Şəhidliyin dərəcəsini, kateqoriyasını kim bilir axı? Buna da Milli Məclisdə qərar verirlərmi?

“Məqsədimiz Qarabağı almaqdırsa, iki milyon da şəhid verməyə hazır olmalıyıq”

– Sizinlə söhbətimiz Şuşanın işğal gününə təsadüf etdi. Şuşanın işğalı ilə bağlı hələ də kimlərsə bir-birini günahlandırmaqda davam edirlər. Siz necə düşünürsüz, ordumuz o zaman çox zəif idi deyə Şuşanı itirdik, yoxsa ki, Şuşa satıldı?

– Bizim bu günkü ordumuzun 1992-ci ildəki ordudan bir fərqi var ki, Azərbaycan Ordusu vahid komandanlıq altında birləşib, bir əmri yerinə yetirir. Ancaq o vaxt ordumuz bir neçə əmrə riayət edirdi, məsələn, orada müxtəlif batalyonlar var idi və biri “irəli” əmri verəndə, digəri “geri” əmri verirdi. Və o sorulmsuzluqların nəticəsində də biz Qarabağı itirdik. Bu günkü gün o illərdə baş verənləri araşdırıb günhakar axtarmaqdansa, o səhvləri görərək yenidən səhv etməməyə çalışmaq lazımdır. Bu gün Azərbaycan ordusunun gücünü, irəliləyişini, arxa cəbhənin möhkəmlənməsini elə təşkil etmək lazımdır ki, o vaxt baş verənlər təkrar olunmasın, təxribatlar olmasın. O vaxt Daşaltı, Quşçular əməliyyatlarında satqınlıq nəticəsində Azərbaycan ordusunun xüsusi təyinatlıları şəhid oldular. Əsas iş içimizdə olan erməniyə xidmət edən nadürüstləri təmizləməkdir. Biz birliyimizi qorumalıyıq, bu birliyə də qoruyan ölkə başçısıdır. Harada olmasından asılı olmayaraq vətəninə nadürüstlük, satqınlıq edənlər barəsində ciddi ölçülər götürülməlidir. Vətən torpağı üzərində alver edənləri heç zaman bağışlamaq olmaz.

– Elxan bəy, biz hələ ki, Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını gözləyirik. Ölkədən kənardan baxanda Qarabağ probleminin sülh danışıqları ilə həlli mümkün görünürmü?

– Bu günkü günə qədər sülh yolu ilə heç bir problemin həll olunduğunu görmədik. Çoxları deyir ki, Rusiya Gürcüstana Moldaviyaya nə elədi ki, bu məsələdə də nəsə eləsin. Mənim düşüncəm isə tam başqadır. Əgər bizim məqsədimiz Qarabağı almaqdırsa, bir milyon da, iki milyon da şəhid verməyə hazır olmalıyıq. Təki məqsədimiz olan Qarabağı alaq, ərazi bütövlüyümüzü bərpa edək. Bunun üçün heç kimdən, heç nədən qorxmaq lazım deyil. Burada Rusiyanın da, Türkiyənin də, dünynın da öz çıxarı var. amma əsas odur ki, bizim hökumətimiz, dövlətimiz nə istədiyini bilsin. Mən televizora baxarkən ölkə başçımızın Qarabağ mövzusunda nə qədər narahat olduğunu, ciddi olduğunu gördüm. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəhid anaları ilə görüşəndə göz yaşlarını gördüm. Bunlar o deməkdir ki, biz davam etməliyik və davam etmək gücündəyik. Mənim burda olmağımın səbəbi də məhz o göz yaşlarıdır, o danışıqdır.

– Qürbətdəki tanıdığınız həmvətənlərimiz bu məsələdə necə düşünür?

– Hər kəs tikan üstündə oturub sanki. Tanıdığım yüzlərlə insanlar var ki, müharibə başlayan kimi vətənə qayıdacaqlar. Keçmiş döyüşçü yoldaşlarımın hamısı ilə əlaqəm var, Rusiyadan tutmuş Avropaya, Amerikaya qədər harda varıqsa, bir-birimizlə münasibət qurmuşuq. Hamısı bir nəfər kimi vətənə gəlmək, nəsə etmək istəyir. Torpaq namusdur, kim namusunu geri istəməz ki…
Biz ordumuzun, könüllülərimizin əliylə Qarabağın qısa müddətdə bu bəladan qurtaracağına çox inanırıq. (moderator.az)

İnterpress.az