Hamı bu dizaynerdən danışır – Dəstək olan yoxdu… +Fotolarbackend

Hamı bu dizaynerdən danışır – Dəstək olan yoxdu… +Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc dizayner Ramil Nəcəfov hazırladığı avtomobil layihələri ilə tez-tez medianın gündəminə gəlir. İşləri hazırda “BMW” , “Audi” və bir çox məşhur avtomobil şirkətlərinin marağını cəlb etsə də, həmyerlimizin bir arzusu var: Milli avtomobil brendini yaratmaq.

Bu günlərdə “Qafqazinfo”nun qonağı olan dizayner 1992-ci ildə Şəki şəhərində anadan olub. Ramilin uşaq yaşlarından bu sahəyə marağı var. Dediyinə görə həmişə dəftərlərini çəkdiyi maşın modelləri bəzəyib:
“Ailəmizdə heç vaxt maşın olmayıb, bəlkə də buna görə maşına belə böyük marağım var. Sovet yox ha, müasir maşınları bəyənirəm. Çünki yaşadığımız dövr bizdən müasirləşməyi tələb edir. Getdikcə bütün maşınlar təkmilləşdirilir və buna görə də daha çox öyrənməli, fərqli fikir sahibi olmalıyıq. Adicə hansısa markanın yeni modelinə baxıb deyirəm ki, bu hissəsi belə olsa, daha yaxşı olardı. Səhər görürəm eynisi edilib. Nəsə maşın dizaynerlərinin fikirləri bir-birinə çox bənzərdir. Əvvəllər sadəcə həvəs üçün çəkirdim, böyüdükcə yeni proqramların olduğu, istədiyimiz hər şeyi daha asan bir formada yarada biləcəyimizi öyrəndim. Ancaq çox təəssüf ki, Azərbaycanda maşın istehsalı olmadığı üçün dizaynerliyə maraq da bir elə yoxdur. Bu sahədə bir özümü bilirəm, bir də “Ferrari” şirkəti ilə əməkdaşlıq edən həmyerlimiz Samir Sadıqovu. Məni bu sahədə ruhlandıran da elə o oldu. Kimlərə müraciət etməli olduğumu, necə əlaqələr qura biləcəyimi mənə dedi. Mən də işlərimi müxtəlif avtoşirkətlərə göndərdim. Çoxundan da müsbət cavab gəldi”.

Avtomobil bazarının öndə gedən markalarından olan “BMW” şirkəti də həmyerlimizin dizaynlarını bəyənib və ona ABŞ-da təcrübə proqramı keçməyi təklif edib. Ancaq bunun üçün Ramil 5 dizayn praqramını və ingilis, alman dillərini yaxşı bilməlidir:

“Hazırda ölkəmizdə mənə lazım olan dizayn proqramlarını öyrədə biləcək bir kurs yoxdur. Bunun üçün Almaniyada kurslar var. Orada oxumaqla dili də istənilən səviyyəyə çatdırmaq olar. Ancaq onun üçün də imkanım yoxdur. Təcrübə proqramı üçün bir neçə quruma müraciət etdim, əl işlərimi və gələcək planlarımı danışdım, ancaq bir nəticə olmadı. Gənclər və İdman Nazirliyində İntiqam Babayevin qəbuluna düşə bilməsəm də, köməkçisi ilə görüşdüm. Onlar da məndən sərgi üçün 200 proyekt istədilər. 1 proyektin hazır olmasına il yarım vaxt ayırıram. O qədər işi qısa müddətdə çatdırmağımın imkansızdır. Hazırda əlimdə cəmi 5 proyektim var”.

Ötən günlərdə “Xəz-747” bombardmançı qırıcı təyyarə modelini təqdim edən dizayner artıq yeni bir layihə üzərində işləməyə başlayıb. Ramilin danışığından da hiss olunurdu ki, “Buta” adı verdiyi avtomobil modelinə ümidləri çox böyükdür:

“Avtomobilin disklərində, arxa stop işığında buta fiqurlarından istifadə etmişəm. Paytaxtın mərkəzi küçələrindən 20-yə yaxın şəkil götürmüşəm və avtomobil tam hazır olduqdan sonra həmin stendlərdə canlandıracam. May ayının sonunda təqdim edəcəyim modelin “Formula1”də nümayiş olunmasını çox istəyirəm. Bunun üçün isə Gənclər Fondundan qrant ayrılmalıdır. Müraciət etmişəm, gözləyirəm. İşlərim sərgilənsə, ölkə başçısı, avtomobil federasiyaları baxar, maraqlanar. Onlarla xarici şirkət nümayəndələri iştirak edəcək, ən azından milli brend kimi onlara təqdim edə bilərik. Bu həm mənim, həm də ölkəmiz üçün böyük imkandır”.

Hamı bu dizaynerdən danışır - Dəstək olan yoxdu... +Fotolar

Söhbətimiz zamanı məlum oldu ki, Azərbaycanda avtomobil istehsalı olmadığı üçün müsahibimin hazırladığı dizaynlar rəsmi qurumlar üçün elə də maraqlı deyil. Bu səbəbdən də, Ramilin bu sahəyə həvəsi getdikcə azalır:
“80-dən çox eskizim var. İşlərimə baxırlar, çox bəyənirlər. Ancaq istehsal olmadığı üçün gələcək zamanlarda dəyərləndiriləcəyini bildirirlər. Mən bundan o yana gələcək görmürəm, gələcək indidir, bu gündür. Bildiyimiz kimi, Çin şirkətləri ilə əməkdaşlıq əsasında hazır hissələr “Naz-Lifan” avtomobil zavodunda yığılır. Proyektlərim Çinə göndərilsə, onlar həmin dizaynlar əsasında hissələr hazırlaya, nəticədə də biz milli brend yığa bilərik. Və yaxud 2018-2020-ci illər üçün, avtomobil istehsalı planlaşdırılırsa, xaricdən dizayner tutmamaq üçün indidən mənim kimi kadrları hazırlamaq büdcəyə daha uyğundur. Əməkdaşlıq etdiyimiz şirkətlərdən birində ən çoxu bir il praktika keçməyim kifayətdir ki, bu sahədə özümü daha da inkişaf elətdirim. Bu məqsədlə işlərimi şirkətə təqdim etdim. Cavab isə eyni oldu: “Uğurlarınıza sevinirik, ancaq bizdə avtomobil istehsalı yoxdur”. Hazırladığım işləri milli brend kimi görmək istədiyim üçün xarici şirkətlərə də vermirəm. Dizayn etdiyim maşınları paytaxt yollarında görməkdən gözəl nə ola bilər? Animasiyalarını hazırlamışıq, adi onlara baxanda adam qürur hissi yaşayır”.

Ramil Nəcəfov bu yaxınlarda BMT-nin gənclər təşkilatına müraciət etməyi düşünür. Bu fikrində könülsüz olsa da, həm özünü inkişaf etdirmək, həm də ailəsini dolandırmaq üçün başqa çarəsi yoxdur:

“Xarici ölkələrdən xeyli sayda tələbə oraya müraciət edir, öz layihəsini təqdim edir. Əvvəldə də dediyim kimi könülsüzəm, işlərimi xarici şirkətlərə vermək istəmirəm. Mənim arzum milli brend yaratmaqdır. Ancaq sahəmdə uğur qazanmaq, ailəmi dolandırmaq üçün ya xaricdə kurslara gedib biliyimi artırmalıyam, ya da işlərimi xarici şirkətlərə satmalıyam. Adicə Türkiyədə qəbul olduğum kollecə gedə bilmirəm. Müəllimlər işlərimi bəyənir, ona görə də sadəcə imtahanlarda dizaynlarıma baxıb qiymət yazmağa razı olublar. Ofisiant işləyib 3-5 manat qazanırdım, artıq toylar da azaldığı üçün o da olmur. Kompüterimi satmışam, vaxt olduqca eskizlərimi dostumun kompüterində yığıram. Düzü, çox vaxt gecələr işlədiyimdən narahat etmək istəmirəm”.

Gənc dizayner gələcəkdə Azərbaycanda da böyük avtomobil şirkətlərinin yaranacağına, dizayn etdiyi milli brendlərin dünyanın məşhur avtosalonlarında nümayiş olunacağına inanır:

“Dünyanın məşhur avtomobil markaları birdən birə bu səviyyəyə çatmayıb. Adi bir fikir istehsalıdır, ideyadır. Gəncədə, Sumqayıtda, Naxçıvanda avtomobil zavodlarımız var. Hazırda Rusiya istehsalı olan avtomobillər keyfiyyət baxımından heç nədir, ancaq ölkəmizdə və dünyada da alınır. Biz də istehsal etdiyimiz məhsulları həm qonşu ölkələrə, həm Avropaya ixrac edə, öz ölkəmizdə insanların büdcəsinə uyğun qiymətə sata bilərik. İstelsal üçün lazım olan avadanlıqların qiymətləri də 10-20 min arasında dəyişir. Hazırda xeyli sayda sahəyə investisiya ayrılır, ölkənin tanınması üçün milyonlarla pul xərclənir. Məncə, qeyri-neft sektorunun inkişafı üçün ilk növbədə bundan başlaya bilərik”.

İnterpress.az
https://youtube.com/watch?v=pW19UCN5hiI