Kəndə qayıdış planı alınmadı?backend

Kəndə qayıdış planı alınmadı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il ölkədə baş verən iki kəskin devalvasiya şəhər həyatında ciddi dəyişikliyə də səbəb olmuşdu. Əksər iş yerlərinin bağlanması, xüsusən tikinti sektorunda işin dayanması səbəbindən minlərlə vətəndaş yenidən kəndə qayıtmalı olmuşdu.

Əksər ekspertlər kəndə qayıdışı müsbət hesab etməsələr də, bildirirdilər ki, kənd yerlərində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi bütünlüklə ölkə vətəndaşları üçün faydalı ola bilər. Təxminən 15 il əvvəl paytaxta doğru başlanan köç devalvasiya və ixtisarlar səbəbindən geri dönüş etsə də, bunun ölkə insanının həyatında heç bir müsbət təsiri olmadı. Ekspertlər bu situasiyanı hökumətin normal proqram həyata keçirməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, nəticədə kəndə qayıdış planı alınmayıb və vətəndaşlar yenidən şəhərə üz tutmaq məcburiyyətində qalıblar…

Ekspert Fikrət Yusifov məsələ ilə bağlı açıqlamasında bildirib ki, kəndə qayıdışın birdən-birə baş verməsi real deyil: “Ən əsas olan budur ki, tamamilə işsizlik səbəbindən kənddən şəhərə üz tutmuş insanların yenidən geriyə, kəndə qayıtması prosesi artıq başlayıb. Bu prosesin hansı sürətlə getdiyini aydınlaşdırmaq məqsədilə biz ilk növbədə Bakıətrafı kəndlərdə mənzillərin kirayəyə verilməsi vəziyyətini araşdırmağa cəhd etdik. Nəticədə aydın oldu ki, son bir neçə ay ərzində əsasən kənd rayonlarından gəlmiş insanlar tərəfindən kirayə götürülən bu mənzillərin əksəriyyəti, bəzi hesablamalarla 50-60 faizi artıq boşalıb. Deməli, insanlar yenidən kəndə- torpağa üz tutmağa qərar veriblər.

 Kəndə qayıdış planı alınmadı?

Bu, çox yaxşı haldır. Bəs bu qayıdışın əsas səbəbləri nədir? Baş verən prosesin kökündə bir tərəfdən iqtisadi böhran şəraitində iş yerlərinin ixtisarı durursa, digər tərəfdən, kəndlini yenidən kəndə qaytarmaqda maraqlı edən son aylar ərzində dövlət səviyyəsində aqrar sektorda sahibkarlığın inkişafına təkan verə biləcək qərarların qəbul edilməsidir. Gəlin görək kənd insanı nə üçün zaman-zaman kütləvi şəkildə şəhərə üz tutmuşdu? O, nə üçün illərlə əkib-becərdiyi torpağı əkib-becərməkdən imtina etmişdi?

Kəndli özü bunun səbəblərini çox gözəl bilirdi. Nəhayət ki, bu məsələlərin kökü hökumət tərəfindən də araşdırıldı və kəndlini yenidən kəndə, əkib-becərməyə həvəsləndirəcək qərarlar qəbul edildi. İdxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi, inhisarçılığın aradan qaldırılmasına yönəlik addımlar, kəndli üçün ən əsas məsələni- istehsal etdiyi məhsulu normal bir şəkildə reallaşdırıb, qazanc əldə edə bilmək problemini həll etdi. İllərlə idxal-ixrac əməliyyatlarında kök salmış inhisarçılıq kəndlinin, fermerin istehsal etdiyi məhsulun ona ziyanla başa gəlməsinə səbəb olurdu. Təbii ki, bir əkin mövsümündə öz istehsalının nəticələrinin ziyanla başa gəldiyini görən kəndli, fermer ikinci il bu işlə həvəslə məşğul olmurdu, üçüncü il isə sadəcə olaraq əkib-becərməkdən imtina edirdi.

Beləliklə də kənddə torpaqda əkib becərməyə borclu olan insan qazanc dalınca şəhərə üz tuturdu. Bu gün kəndə qayıdış başlayıb. Dediyimiz kimi, bunun hüquqi əsasları da artıq formalaşır. Lakin bu prosesin daha təsirli və daha nəticəli ola bilməsi üçün bir sıra problemlərin qısa zaman kəsiyində həll edilməsi vacibdir. Dövlət başçısı son aylar ərzində ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı toplantılarda kənd yerlərində zəbt edilmiş və illərlə əkin dövriyyəsindən çıxarılmış torpaqların yenidən dövriyyəyə qaytarılması üçün ciddi tapşırıqlar verdi. Bu işi sürətləndirmək lazımdır.

Kəndlinin əkib-becərməsi, mal-qara saxlaması üçün bu torpaqlar öz təyinatına uyğun istifadə olunmalıdır. Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və digər aidiyyəti məmurlar isə əkib-becərməklə məşğul olan kəndlinin, fermerin yanında olub ona kömək etməlidirlər. Bu işdə ən böyük məsuliyyət həm də Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşür. Nazirlik təkcə iri fermer təsərrüfatlarının yaradılmasında maraqlı olmamalı, əkib becərmək istəyən hər kəsə eyni səviyyədə dəstək verməlidir.

Söhbət əkin-biçinlə, mal-qara saxlamaqla məşğul olan kəndlinin və fermerin toxuma, dərmana, yanacağa, texnikaya, güzəştli kreditlərə olan tələbatını yüksək səviyyədə ödəyə biləcək addımların atılmasından gedir. Bütün bunlar olduğu tədqirdə, kənd insanına ”kəndə qayıt\”,- deməyə ehtiyac qalmayacaq. O özü öz seçimini edəcək\”.

Qeyd edək ki, əksər ekspertlərin fikrincə, ötənilki iki devalvasiyanın nəticəsi olaraq ölkənin daxili miqrasiyasında ilk dəfə olaraq əks proses müşahidə edilməyə başlayıb. Əhali kütləvi şəkildə paytaxtdan kəndlərə qayıtmağa qərar verib. Ekspertlər bildirirlər ki, artıq paytaxtda, şəhərin ətraf məhəllələrində olan ucuz evlər boşalıb. Ancaq əksər ekspertlər böyük şəhərlərdən yenidən əyalətə köç etmənin vətəndaşın həyatına, yaşayışına müsbət təsir göstərməyəcəyi qənaətindədirlər.

Bildirilir ki, bu köç qısamüddətli olacaq və bir müddət sonra yenidən böyük şəhərlərə qayıdış başlanacaq. Artıq görünən odur ki, ölkə vətəndaşı kəndlərdə, rayonlarda da şərait qura bilməməsi səbəbindən yenidən şəhərə üz tutmağa başlayıb. Səbəbsə hökumətin bu sahədə müvafiq addımlar atmaması, uyğun proqramların işlənib hazırlanmamasıdır… (Musavat)

İnterpress.az