Azərbaycan jurnalistikası niyə axsayır?backend

Azərbaycan jurnalistikası niyə axsayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məsələyə dəfələrlə dövlət başçısı da toxunub. Azərbaycan ali məktəbləri beynəlxlaq müstəvidə işləyə biləcək jurnalist yetişdirə bilirmi? Yaxud bu istiqmaət üzrə xaricdə təhsil alanlar varmı?

Təhsil Nazirliyindən bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində sosial və humanitar elmlər sahəsindən 250-ə yaxın gənc xaricdə təhsil almaq hüququ qazanıb. İctimaiyyətlə əlaqələr və marketinq ixtisası “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna aid olduğundan “İqtisadiyyat” ixtisas istiqaməti üzrə isə 850-ə yaxın gənc xaricdə təhsil almaq hüququ əldə edib.

Hər halda görünən odur ki, rəqəmlər o qədər böyük olmasa da, dövlət bu istiqamətdə vəsait xərcləyib. Ancaq nəticə hələ də tənqid ediləcək səviyyədədir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev saytımıza açıqlamasında qeyd edib ki, jurnalistlərin xaricə çıxa bilməməsi, orada işləməməsi və Qərb standartlarına cavab verməməsi haqqında fikirlər zaman-zaman səsləndirilib.

“Bu, doğrudur. Hərçənd son 10 ildə irəliyə doğru tendensiya olsa da bu, məsələ problem olaraq qalmaqdadır. Səbəbi, fikrimcə, jurnalistika fənninin tədrisi prosesindədir. Çünki bu gün bizdə bir sıra universitetlərdə jurnalistika fakültəsi var. Bu fakültələrdə jurnalistika bilikləri tanınmış alimlər, mütəxəssislər tərəfindən tədris olunur. Amma həmin mütəxəssislərin özləri beynəlxalq jurnalistikanı nə dərəcədə bildiyi sual altındadır. Yaşlı professorlarımız sovet jurnalistikasını öyrəniblər və öz təcrübələrində sovet jurnalistikası ilə məşğul olublar”.

Deputat vurğulayıb ki, hazırda xarici ölkələrlə beynəlxalq müstəvidə çalışa bilən jurnalistlər özləri həvəskar şəkildə bu sənətə gələn adamlardır.

“Məhz belələri daha çoxdur, nəinki professional jurnalistika təhsili almış şəxslər. Digər tərəfdən, jurnalist hazırlayərkən onların xarici dil bilik səviyyəsini jurnalistika ilə paralel hazırlaşdırmaq lazımdır. Məsələ yalnız jurnalistikanı öyrətməkdən ibarət deyil. Əgər istəyiriksə jurnalistlərimizin bir hissəsi beynəlxalq səviyyədə görünə bilsinlər, bizi təmsil etsinlər, o zaman jurnalistikada xarici dil saatları əsas dərs saatlarına bərabər olmalıdır.

Beynəlxalq müstəvidə işləmək üçün ilk növbədə həmin dillərdən heç olmasa birini çox mükəmməl şəkildə, hətta deyərdim həmin dildə danışan xalqın düşüncə tərzini, adət-ənənələrini, dünyagörüşünü bilmək lazımdır.
Tutaq ki, hər il 50 nəfər jurnalistika fakültəsinə daxil olursa, heç olmasa onun 10 nəfərini beynəlxalq jurnalistika ixtisası üzrə ixtisaslaşdırmaq lazımdır. Həmin tələbələrin dərs proqramı digər jurnalistika təhsili alan tələbələrdən bir az fərqli olmalıdır. O mərhələdə təhsil səviyyəsində biz bunu fərqləndirə bilsək, bu zaman beynəlxlaq jurnalistika ixtisası üzrə başa vurmuş mütəxəssislər başqalarına nisbətən bu işə daha çox hazır olacaqlar”.

C.Feyziyev beynəlxalq jurnalistika ixtisasında oxuyan tələblərin xarici ölkələrin media orqanlarında praktika keçməsini vacib sayıb. O bildirib ki, jurnalistika o qədər geniş əhatəli peşədir ki, bunu ömür böyu bir qəzetdə, studiyada işləməklə öyrənmək və kamil mütəxəssis olmaq mümkün deyil.

“Jurnalistlərin xaricdə hazırlanması bir variant ola bilər, digər varinat jurnalistika fakültəsinə daxil olmuş şəxslərin bir qisminə beynəlxalq jurnalistika tədris olunmasıdır. Lakin beynəlxalq jurnalistika tədris proqramına yenidən baxılmalıdır. Əgər zərurət yaranarsa, ölkə daxilindən və xaricindən tanınmış adamları da bu təhsil prosesinə cəlb etmək lazımdır”.

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın rəhbəri Elşad Eyvazlı isə qeyd edib ki, indiki informasiya, interner dövründə Azərbaycan jurnalistikasının beynəlxalq müstəvidə axsaması bir az da öz təqsirimizdir:

“Təbii ki, burada ikili standartlar olduğu, bizə tanınmış dünya mətbuatında yer ayrılmadığı faktdır. Bütün bunlara rəğmən əl-qolumuzu bağlamalıyıqmı? Qətiyyən, əslində bu diskrinimasiya bizi daha da fəal, mübariz etməlidir. Ancaq görünən odur ki, yeni bir nəsil mediamızda oturuşmuş status əldə etməyincə buna nail ola bilməycəyik.

Bilirsiniz, Azərbaycanda oturub hansısa qəzet səhifəsində, internet resursunda “qılınc oynatmaqla”, yaxud da bizə düşmən olanlara küfr etməklə yalnız özümüzü aldadırıq. Söhbət beynəlaxalq mediada Azərbaycan maraqlarını qorumaqdan gedirsə, özünəmüştəbehlikdən əl çəkmək lazımdır. Hər birimizin amacı müstəqil Azərbaycanı qorumaq, onunla bağlı dünya mediasında doğru informasiyalar verməkdir.

Amma bunun üçün bacarığımızı, dünyagörüşümüzü də hesablamalıyıq. Məsələyə kompleks şəkildə yanaşmasaq, istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Hesab etmirəm ki, qeyd edilən məsələ “0” nöqtəsindədir. Ancaq arzuladığımız səviyyədən çox aşağıdır.

Bu istiqamətdə bacarığı olanlara dəstək verməli, onların bizə düşmən olan qüvvələrin təsirinə düşməsinə yer qoymamalıyıq. Həm də bu barədə müvafiq qurumlar da üzərlərinə düşən vəzifəni yerinə yetirə bildikllərinin, yaxuda bilmədiklərinin də fərqinə varmalıdırlar. Hər kəs bacardığı işdən yapışmalıdır”.(modern.az)

İnterpress.az