Bu sözləri Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə sədri olduğu DAK-ın münasibətlərindən danışan Sabir Rüstəmxanlı deyib ki, komitə onların işinə mane olmur.
O, DAK-ın parçalanma səbəblərindən də danışıb:
“Kimlərsə bizə alternativ gözü ilə baxa bilər. Amma Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bizim konqresin işinə maneçilik görməmişəm. Əksinə, komitə bizim də fikirlərimizi nəzərə alır, bəzi məsələlərdə yardımçı olur.
DAK-ın parçalanmasının əsas səbəbini İranın barmağında axtarmaq lazımdır. İlk parçalanma Avropa və Amerikada yaşayan cənubi azərbaycanlıların öz aralarındakı fikir ayrılıqları ilə bağlı olub.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Dünya Azərbaycanlıları Konqresinin (DAK) normal münasibətləri var. Komitənin Avropa və digər ölkələrindəki toplantılarına bizim konqres də dəvət olunur. DAK rəhbərliyi olaraq orada sözümüzü deyir, mövqeyimiz bildiririk.
Konqresin idarə heyəti Bakıda yığışanda hökmən komitə rəhbərliyi səviyyəsində görüşümüz olur. Bəlkə də DAK-ın hansısa qolları ilə komitənin mənə bəlli olmayan gizli münasibətləri ola bilər”.
Sabir Rüstəmxanlı deyib ki, dövlət komitəsi ilə DAK arasında fikir ayrılıqları mövcuddur:
“Komitə dövlət təşkilatı olaraq, özünü bütün diaspor qurumlarının üstündə görür. Komitəyə alternativ kimi görünən və komitə ilə maraqları uyğun gəlməyən diaspor təşkilatları arasında müəyyən qısqanclıq olaq bilər.
Əlbəttə, DAK-ın ilk illərində Diaspora Komitəsi bizimlə daha yaxından maraqlanırdı. Əvvəllər bütün qurultaylarımızda iştirak edirdi, öz nümayəndələrini göndərirdi. Son vaxtlar müəyyən məsələlərdə fikir ayrılıqları yaranıb. Bu gün dövlət komitəsi bizim işimizə qarışmır.
Mən buna normal baxıram. Çünki komitə DAK-ın işinə qarışanda Avropa, Amerika və cənubdakı azərbaycanlıları elə düşünürdülər ki, DAK-ı dövlət komitəsi idarə edir. İndi öz işimizi müstəqil görürük”.
Xalq şairi bildirib ki, Azərbaycandan fərqli olaraq, başqa ölkələrin diaspor təşkiltaları dövlətə kömək edir, bizdə isə təşkilatlar hökumətin əlinə baxır:
“Azərbaycanla müqayisədə digər ölkələrin diaspor təşkilatları o qədər güclüdürlər ki, heç kimdən asılı deyillər.
Əksinə, mənsub olduqları xalqın müəyyən problemlərinin həllində öz dövlətlərinə kömək edirlər. Bu gün erməni və yunan diaspor təşkilatları öz dövlətlərinə yardım edir.
Xaricdəki diaspor təşkilatlarımız o qədər pərakəndə və dağınıqdırlar ki, hamısı Diasporla iş Üzrə Dövlət Komitəsindən yardım umurlar. Bu yardımı almayanda isə narazılıq başlayır. Diaspor təşkilatları müstəqil olmalıdır”.
Konqres sədri Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki diaspor təşkilatlarına maliyyə yardımı ayırma prinsiplərindən də danışıb:
“Dövlət komitəsi xaricdəki diaspor təşkilatlarına maliyyə yardımı ayıranda belə, dövlət siyasətini əsas götürür. Ona görə də daha çox özlərinə yaxın siyasi mövqelərə uyğun adamları axtarırlar. Çünki komitənin əsas məqsədi dövlətin sözünü deyən adamlarla bir yerdə işləməkdir.
Milli yanaşma baxımdan əslində Dövlət Komitəsi bütün diaspor təşkilatlarına eyni gözlə baxmalıdır. Amma komitə bu gün təmsil olunduğu komandanın siyasi maraqlarını əsa götürür. Buna görə də dövlət komitəsindən bundan artığını ummaq mümkün deyil”.(modern.az0
İnterpress.az