«Məktəbin direktoru da şagirdin evinə hücum çəkib onu təhqir eləyər?!»
Cəlilabad rayonu, Seyidbazar kəndinin 17 yaşlı sakini Vüsal Mirzəyev mayın 11-də özünü asaraq intihar edib. Yaxınları intiharın səbəbini onun təhsil aldığı məktəblə əlaqələndirirlər. Anası Gülsüm xanım deyir ki, Vüsal ölümündən öncə ona məktəbdən çıxması üçün yalvarırmış. Ananın sözlərinə görə, nəinki müəllimlər, hətta şagirdlərin də oğluna münasibəti dəyişmişdi. Sinif yoldaşları onu döyüb, təhqir edirmişlər.
17 yaşında həyatına son qoyan Vüsalın iki arzusu vardı: tələbə adını qazanmaq və universiteti bitirib səfir olmaq. Məqsədinə çatmaq üçün çox çalışırmış. Hələ 10-cu sinifdə oxusa da, sınaq imtahanlarından 500-600 bal toplayırmış…
İntihardan əvvəl “Whatsapp”da bibisinə nə yazıb?
Vüsal Mirzəyev ölümündən əvvəl bibisinin telefonuna “Whatsapp” proqramında mesaj yazıb. Həmin mesajı dayısı Niyaməddin Mirzəyev bizə göstərir. Mesajı təqdim edirik: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız…”
Beləcə son mesajı da öz ömrü kimi yarımçıq qalır…
Dayısı göz yaşını silərək davam edir: “Məktəb problemi olduğu üçün, məktəbdə incitdiklərinə görə oldu. Bütün şagird yoldaşlarını üzərinə qaldırdılar. Əvvəlcə direktorun yoldaşının yanına hazırlığa gedirdi. O da müəllimədir – Iradə müəllimə. Yaxşı dərs keçmədiyinə görə oradan çıxdı. Bundan sonra hər şey pillə-pillə başladı. Getdik rayon Təhsil Şöbəsinə. Çünki uşaq ancaq ”oradan çıxım” deyirdi. Mən də çıxardım. Getdim orada ərizə də yazdım, müdir də qol çəkdi ki, qanuna müvafiq olaraq, məsələ həll edilsin. Müdirin müavininə kimsə nəsə demişdi, o da dedi ki, “işi saxla, qalsın gələn ilə, bu il gecdi, artıq eləmək olmaz”. Uşaq saat iki tamama qədər məni saxladı orada ki, “dayı, necə edirsən edək, amma məni oradan çıxart. Mən oradan çıxmasam, vəziyyət pis olacaq”. Mən də fikirləşmədim ki, bu uşaq o həddə çatıb ki, özünə qəsd eləyə bilər. Fikirləşirdim ki, məktəb uşağı incitməz, məktəb təhsil ocağıdır, məktəb mədəniyyətimizdir…”
“Onun ölümünün səbəbi ancaq məktəbdir”
Bir sıra dövlət orqanlarının təmsilçiləri bəzi saytlara açıqlamalarında Vüsalın valideynləri arasında münaqişəyə görə özünü öldürdüyünü deyiblər. Anası Gülsüm xanım qətiyyətlə deyilənləri rədd edir: “Bizim ailədə heç vaxt elə problemimiz olmayıb. Uşağın intiharının səbəbi, ancaq məktəbdir. Şagirdlər onu dindirib-danışdırmayıblar. Dəfələrlə mənə şikayət edib ki, ”ay ana, məni şagirlərin heç biri dindirmir, danışdırmır”. Hətta hadisədən bir həftə qabaq onu döymüşdülər. Gözü göyərmişdi, qan idi, pis gündə idi. Hazırlıq müəllimləri də buna şahiddir, hamısı görmüşdü. Axşam onlarla danışmışıq, hamısı deyir ki, onlar necə insandır, necə müəllimdir ki, o uşağı bu həddə çatdırdılar? Hazırlıq müəllimləri deyir ki, “bizə arzularından danışırdı, heç vaxt inanmazdıq ki, o cür savadlı, arzuları ilə yaşayan uşaq intihar edər”. Onun ölümünün səbəbi ancaq məktəbdir. Müəllim nə qədər şagirdi təhqir eləyər? Müəllim uşaqların içində şagirdə deyər ki, “tərbiyəsizsən, beləsən, filansan?” Deyir ona ki, “sənə iki verdim, get, nə bilirsən elə”. O cür savadlı uşağa necə iki verə bilər müəllim? Indi də hədələyirlər ki, “deyin, elə deyil, belədir”. Hansı ana gözünün ağı-qarası olan bir övladını öldürə bilər?”
“Deyirdi ki, məni bu məktəbdən çıxarın…”
Ananın təqdim etdiyi sənədlərdən də görünür ki, həqiqətən hələ qarşıda ali məktəbə hazırlaşmaq üçün daha bir ili olmasına baxmayaraq, sınaq imtahanlarından 500-600 arası bal toplayırmış.
Bu yerdə nənəsi müdaxilə edir: “Bala, Allah onu elə bil bir dənə yaratmışdı. Ağıllı-kamallı, mərifətli, qanacaqlı, tərbiyəli bala idi. Əgər onun səhvi olsaydı, mən onda bu qədər yanmazdım. Bunun səbəbkarı ancaq Etibarla arvadıdır (Seyidbazar kənd tam orta məktəbinin direktoru Etibar Abdullayev və həmin məktəbdə müəllim işləyən həyat yoldaşı Iradə Abdullayeva nəzərdə tutulur). Əvvəl onlara məşğələyə gedirdi, sonra dedi ki, ”mənə heç dərs keçmir”. Cəlilabadda beş müəllim tutmuşdular, onların yanına gedirdi. Ondan sonra uşaqla zidd düşdülər. Dedi ki, “bu gündən Vüsal mənim yanımda öldü”. Ondan sonra qaynı uşaqlarını, baldızı uşaqlarını öyrədib uşağı döydürürdü. Uşaq özü-özündən bezirdi, deyirdi, “məni çıxarın oradan, başqa kənddə məktəbə qoyun, amma burada qoymayın qalım”.
Dayısı Vüsalın valideynləri arasında problem olması barədə deyilənlərə də toxundu: “Atası Rafət Bakıda işləyir. Arada rayona gəlib-gedir. Tez-tez xəbər tuturdu. Gecə saat 12-də atası ilə danışdım, özü zəng elədi, dedi ki, ”bunu həll elə, uşağın üstünə çox düşüblər”. Özü də Təhsil Nazirliyinə zəng edirdi, qoymadılar, tökülüşdülər üstünə ki, “səni belə eləyərik, elə eləyərik”.
Dayısı onu da qeyd edir ki, Vüsal yaxşı oxuyurdu deyə, məktəbdə yazı işləri olanda ona yazdırırdılar, sınaq imtahanlarında yüksək nəticə göstərirdi, ona görə onu irəli verirdilər: “Kiminləsə ədavətin var idisə, uşağın burada günahı nə idi?”
“Direktor da şagirdin evinə hücum çəkib, onu təhqir edər?”
Cəlilabadda olarkən eşitdik ki, Vüsalla birlikdə hazırlığa gedən uşaqlar öz etirazlarını bildirmək üçün rayon Təhsil Şöbəsinin qarşısına toplaşıblar. Vüsalın qohumları da bunu təsdiqlədilər.
“Bizə də bu barədə deyiblər. Hər kəs istəyir bu məsələ araşdırılsın. Nəinki Cəlilabad, digər yerlərdən də kim eşidirsə, deyir ki, haqq-ədalət öz yerini tapmalıdır”, – deyə dayısı bildirir.
Xalası deyir ki, bu faciəni eşidənlər də narahat olur ki, eyni hadisə ilə sabah onların da övladları qarşılaşa bilər: “Hamı deyir ki, 11-ci sinif olmasına baxmayaraq, uşağımızı məktəbə qoymayacağıq”.
O da məlum oldu ki, məktəbin direktoru Etibar Abdullayevin adamları barışıq təklifilə Vüsalın anası və dayılarının yanına gəlib. Amma Gülsüm xanım onları bağışlamaq niyyətində deyil: “Heç vaxt mən onlarla barışmaram. Mənim tək övladım var idi, o, mənim ümidim, pənahım idi. Əgər balamı dirildib, sağaldım mənə gətirsələr, o zaman barışaram. Onda mən onları bağışlayaram. Mənim nə günahım var idi, qərib bir adam idim, mənim olan tək övladımı əlimdən aldılar. Şagird məktəbə getməyəndə məktəbin direktoru evinə hücum çəkib təhqir eləyər? Şagirddir də, ola bilər ki, xəstə olub, getməyib məktəbə.
Evimə hücum çəkdi, gəlib təhqir elədi. Nə səbəbə? Həmin hadisə olan gün polislər gəlmişdi. Özüm öz qulağımla eşitdim, müəllimləri çağırıb dedilər ki, ”uşağın 2-lərini, 3-lərini dörd-beş edin. Bu cür savadlı uşağa 2-3 yazarlar? Mənim uşağımın intiharının səbəbi belə hadisələrdir. Bir gün gəldi, mənə dedi ki, Iradə müəllimə jurnal yazırdı, bütün uşaqlar güldü, mən də güldüm, onlara heç nə demədi, amma məni qaldırıb təhqir elədi.
Dedi ki, “sən nə haqla gülürsən? Sənin gülməyə haqqın yoxdur. Sən güləndə mənə pis təsir edir”. Uşaq dedi ki, “ana, o, məni nə səbəbə belə təhqir edə bilər, uşaqların içində alçalda bilər?” Dedi ki, “mən məktəbə getməyəcəyəm”. Yenə mən dilə tutub göndərdim. Getdi, iki gün keçmişdi, gəldi, dedi ki, “ana, daha mən məktəbə getməyəcəm”. Dedim ki, səbəb nədir? Dedi ki, “gördüm, Iradə müəllimə mənə jurnalda 2-lər yazıb. Daha mən o məktəbə nə üçün gedim? Mən iki alandan sonra məktəbdə nə işim var? Getmirəm!” Səbəb daha çox şagirdlərin onu dindirməməsi, heç birinin ona yaxınlaşmaması idi”.
“Uşağı şagirdlərin arasında alçaltmağı bəs deyilmiş kimi…”
Anası şagirdlərin onu dindirməməsinin səbəbini isə belə izah edir: “Ən çox direktorun qardaşı uşaqları, bacısı uşaqları şagirdləri öyrədirdilər ki, onunla danışmasınlar, yaxınlıq etməsinlər”.
Rayonda olarkən onu da öyrəndik ki, müstəqil medianın nümayəndələri çəkiliş etmək üçün gəlsələr də, onların çəkiliş aparmasına imkan verilməyib. Bunu mərhumun qohumları da təsdiqlədilər. Əlavə etdilər ki, bu qəbildən olan hadisələr baş verəndə dərhal mediada dərc olunur, telekanallarda xəbərlər yayılır. Amma bu hadisə barədə informasiya dərhal yayılmadı.
“Mən özüm ANS, ”Xəzər”, “Space” telekanallarına zəng vurdum. Dedim ki, belə bir hadisə baş verib. Mənə dedilər ki, bizə çəkiliş etməyə icazə yoxdur. Necə olur ki, bir həftə əvvəl 11 yaşlı uşağı göstərdilər? Bir həftənin içində dəyişdi qərar? Nədir bu, hansı qüvvənin işidir? Kimin adamının, yoxsa pulunun qüvvəsidir? Bizim yaşamağa haqqımız yoxdur? Belə çıxır ki, kasıb ölməlidir…”, – deyə dayısı bildirir.
Anası davam edir: “Elə mən kasıb olduğum üçün qoymadılar yaşamağa. Övladımı aldılar əlimdən. Iradə müəllimə, o cür pulun, varın, dövlətin qarşısında 25 manatın acı idin? Qayınanası deyir ki, ”mənim pulum da var, Prezident Aparatına qədər yetən əlim də var”. Uşağa şagirdlərin içində “tərbiyəsiz” deyib alçaltmağı az deyil, hələ öləndən sonra da uşağın üstünə əlli ad qoyub. Hansı səbəbə uşağa arayış vermədilər ki, uşaq o məktəbdən çıxsın?”
Hər faciədən sonra karyera yüksəlişi
Cəlilabadda olarkən Seyidbazar tam orta məktəbinin direktoru Etibar Abdullayevdən də açıqlama almaq istədik, amma cəhdimiz nəticə vermədi. Cəlilabad Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlaya bilmədilk.
Xatırladaq ki, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovadır. O, əvvəllər rayonun ən böyük məktəblərindən biri olan 7 saylı tam orta məktəbin direktoru idi. Hazırda “Azadlıq”ın əməkdaşı olan Təzəxan Mirələmlinin övladı ilə bağlı 5 il əvvəl baş vermiş hadisədən sonra ona prezident tərəfindən “Tərəqqi” medalı verildi. Iki il əvvəl həmin məktəbdə şagirdin özünə qəsd etməsindən sonra isə onun vəzifəsi artırıldı və rayon Təhsil Şöbəsinin müdiri postuna gətirildi. Əgər bu yaxınlarda Elminaz Nadirova vəzifəcə bir qədər də irəli çəkilsə, məsələn, Cəlilabad rayonuna icra başçısı təyin olunsa, təəccüblənmərik.(azadlıq qəzeti)
İnterpress.az